Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-696/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mahmut qızının iştirakları ilə, 13 avqust 2004-cü ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Mahmut qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Mahmut qızı 23 yanvar 2023-cü il tarixdə, saat 01:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən “Bon-Bon” adlı uşaq bağçasının yaxınlığında Zərərçəkmiş şəxs məxsus 480 manat dəyərində “İphone X” markalı mobil telefonu etibarından sui-istifadə edərək zəng etmək bəhanəsi ilə götürmüş və zərərçəkmiş şəxsin diqqətsizliyindən istifadə etməklə ələ keçirib ərazidən uzaqlaşmışdır. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru X2 izahatında göstərmişdir ki, 23 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə təqribən saat 01:00-01:45 radələri aralığında Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən “Bon-Bon” adlı uşaq bağçasının yanında olan zaman istifadə etdiyi “İphone x” markalı mobil telefonunu danışmaq adı ilə özünü “Dəniz” kimi təqdim edən şəxsə verdiyini, lakin sonuncu həmin telefonu geri qaytarmayaraq ona qarşı dələduzluq etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində dələduzluğun Şəxs Mahmut qızı tərəfindən törədildiyi məlum olmuş və o, saxlanılaraq bölməyə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mahmut qızı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlı ərazidə, Sübhi Salayev küçəsində yerləşən “bon-bon” adlı uşaq bağçasının qarşısında Rüstəm adlı şəxsdən telefonla zəng etmək bəhanəsi ilə onun “İphone X” markalı mobil telefonunu götürmüş, daha sonra zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək telefonu ələ keçirib ərazidən uzaqlaşmışdır. Bundan sonra mobil telefonu üzdən tanıdığı “Əli” adlı şəxsə satmış, lakin hal-hazırda həmin şəxsin və telefonun harada olması barəsində məlumatı yoxdur. O, polis bölməsinə gətirildikdən sonra əməlini etiraf etmişdir. Hal-hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023cü il tarixdə təqribən saat 01:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən “Bon-Bon” adlı uşaq bağçasının yaxınlığında olarkən sonradan şəxsiyyəti ona məlum olan Şəxs Mahmut qızı ona yaxınlaşıb özünü “Dəniz” adlı şəxs kimi təqdim edərək zəng etmək üçün mobil telefonunu istəmiş, o da “İphone X” markalı mobil telefonu Şəxs Mahmut qızına vermişdir. Lakin sonradan onun diqqətsizliyindən istifadə edən Şəxs Mahmut qızı telefonu onu qaytarmayaraq ərazidən uzaqlaşmışdır. Bundan sonra telefonunun dələduzluq yolu ilə ələ keçirildiyini anlamış və Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət etmişdir. Hal-hazırda ona dəymiş zərərin Şəxs Mahmut qızının valideyni tərəfindən ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı İlkin Nəbizadə tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında HK-1/102 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mahmut qızı ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən Şəxs Mahmut qızına qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Mahmut qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs Mahmut qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin vurulmuş ziyanla bağlı şikayət və tələbi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 49-51, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Mahmut qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-696/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-696/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver