Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-697/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayət vermiş şəxs: X1 iştirakları ilə Bakı şəhər Dövlət X6 yol-patrul xidməti inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə “8103” SMS xidmətindən istifadə etməklə 2 indeksi üzrə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini göndərək müvafiq qaydada icazə almış və müraciəti təsdiqləndikdən sonra 2 saat müddətinə evdən çıxmışdır. O, idarə etdiyi “MERCEDES- BENZ VİTO” markalı, **-VH-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Tbilisi prospekti, 48a saylı ünvanda hərəkətdə olarkən postda saxlanılıb yol-patrul xidməti inspektoru X4 tərəfindən yoxlanılmış və ona “SMS” icazənin başqa səxsin adına aldığı bildirilmişdir. Karantin dövründə o, heç vaxt müvafiq icazəsi olmadan yaşayış yerini tərk etməmiş və saxlanıldığı postlarda problem yaşamamışdır. Lakin bu dəfə bilməyərək və istəmədən başqa bir vətəndaşın adına SMS icazə almışdır. Belə ki, özünə məxsus şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini yazıb SMS icazə aldıqda istəmədən bir rəqəmi səhv yazmış, müraciəti təsdiq olunduğu üçün də yanlışlığın olmasını bilməmişdir. Bunu polis əməkdaşına bildirsə də, sonuncu onun dediklərinə əhəmiyyət verməyərək barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və nəticədə o, 200 manat cərimə olunmuşdur. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X3 şikayətdə göstərilənlərdən əlavə olaraq bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə “8103” SMS xidmətindən istifadə etməklə 2 indeksi üzrə icazə alıb qızını həkimin yanına aparmışdır. Onun başqa şəxsə aid məlumatlardan qəsdən istifadə etmək niyyəti olmamış, sadəcə bir yanlışlıq olmuşdur. Şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 509 nömrəli Qərarı ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bir sıra hərəkət məhdudiyyətləri tətbiq edilmişdir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar (2.7.1); 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar (2.7.2). Eyni zamanda sözügedən Qərarın 2.10-cu bəndinə əsasən şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. X3 barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirərək şikayətlə məhkəməyə müraciət etsə də, bununla bağlı hər hansı əsaslı sübut təqdim edə bilməmişdir. Eyni zamanda onun xətanın bilməyərəkdən törətməsini qeyd etməsi bu xətanın mövcudluğunu inkar etmir və məsuliyyəti aradan qaldırmır. Göründüyü kimi, R.Abızadənin əməlində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində düzgün olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər Dövlət X6 yol-patrul xidməti inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-697/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-697/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver