Məhkəmə qərarları › İş №3(006)-6993/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6993/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6993/2025 02.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "Azərbaycan Dəmir Yollan” QSC-nin İnfrastruktur departamentinin Texnoloji nəqliyyat xidmətinin təmir sahəsinin mühərriklərin təmiri üzrə çilingəri X5 xx.xx.2025-ci il tarixində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəmdə AR İXM-nin 555.2-ci maddəsində əks olunan inzibati xətanın törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Bildirir ki, sözügedən hadisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş təhqiqat aktının 6.1-ci bəndində qeyd edilən cavabdeh şəxs X5 işəgötürəni və təhlükəsizliyinə məsul şəxs təhqiqat aktında qeyd edilən şəxs olmadığı halda qeyri düzgün məlumatlar əlavə edilmişdir. Həmin təhqiqat aktının 6.1-ci bəndində 4.1-ci bəndinə istinad edilmişdir ki, həmin bənddə işəgötürənin vəzifələri vurğulanmışdır. Belə ki, AR Əmək Məcəlləsinin 222.1-ci maddəsinə əsasən "İşəgötürən sağlam və təhlükəsiz şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir.” Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesab edilir. Təhqiqat zamanı tərəfindən təqdim edilmiş X5 əmək müqaviləsindən də göründüyü kimi onun işəgötürəni odur, hansı ki, qanunvericiliyin tələblərinə əsasən bütün zəruri tədbirləri yerinə yetirmişdir. Sözügedən təhqiqat aktı həm təsdiq edilmədən, həm də birinci dəfə komissiya üzvləri hissəsində zərərçəkmişin adı qeyd edilməklə "xxxx" QSC-yə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 3-cü bəndinin (Təhqiqat komissiyasının işinin təşkili) 3.1-ci bölməsində Təhqiqat komissiyasının yekun sənədi (akt) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Akt tərtib edilən zaman komissiyanın hər bir üzvü öz rəyini yazılı şəkildə komissiyanın sədrinə təqdim edir. Bu bəndin tələbləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən təhqiqat aktı tərtib edilərkən nəzərə alınmamışdır. Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.5-ci bəndinə əsasən sözügedən təhqiqat aktındakı bəzi çatışmazlıqların aradan qaldırılması və müvafiq formada göndərilməsi labüddür. Bu səbəbdən bir neçə dəfə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinə rəsmi müraciət edilmiş, habelə sözügedən qərarın müzakirəsi zamanı da həmin İdarənin vəzifəli şəxslərinə bildirilsə də, qeydi nəzərə alınmamışdır. "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən rəsmi olaraq bildirilmişdir ki, təhqiqat aktı müvafiq formada göndərildikdən sonra qanunvericiliyə uyğun formalı akt tərtib edilərək təqdim olunacaqdır. Eyni zamanda təhqiqat aktında istinad olunan “Ekspert rəyi" işəgötürənə təqdim edilməmişdir. Habelə bildirir ki, xx.xx.2025-ci il tarixində sözügedən hadisə işəgötürənin təqsiri ucbatından baş verməsə belə, X5 iş yerində səhhətinin pisləşməsi nəzərə alınaraq bütün zəruri tədbirlər tərəfindən görülmüş, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə dərhal məlumat verilmişdir. Qeyd edilənlər işəgötürən tərəfindən işçilərin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizə şəraiti ilə təmin edilməsini təsdiq edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən araşdırma apararkən qərarda istinad etdiyi protokolun müzakirəsi üçün göndərilmiş link vasitəsilə müzakirəyə qoşulmaq mümkün olmamış, həmin protokol mənə təqdim edilməmişdir. Bu səbəbdən bildirir ki, araşdırma subyektiv və qərəzli aparılmışdır. Qeyd etdiyi kimi barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilərkən əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta törətməkdə onun təqsiri olub-olmaması müəyyən edilməmiş və nəticədə X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən natamam və birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə tam, obyektiv, hərtərəfli araşdırılmadan qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən əməlində inzibati xəta tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X3 izahatında göstərdi ki, şikayət əsassızdır. X8 tərəfindən qanunverciliyin tələbi pozulduğu üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ilə X1 Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Qərar qanuni və əsaslıdır. Qeyd etdiklərinin nəzərə alınaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 (bir min beş yüz) manat miqdarında cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Belə ki, Əmək Məcəlləsinin 217-ci maddəsinin 3-cü bəndinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarının 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Azərbaycan Respublikası İXM-in 555.2-ci maddəsinə əsasən Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə–min beş yüz manatdan iki min iki yüz manatadək məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar