Məhkəmə qərarları › İş №3(006)-7/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-də X4, X6, X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 01.03.2021-ci il tarixdən 05.09.2021-ci il tarixədək Şəxs MMC tərəfindən ünvan 1 ünvanında işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi M.A.Teymurov inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi E.G.Babayev bildirmişdir ki, inzibati xəta haqqında tərtib olunan protokolda sübut kimi isə qeyd olunan şəxslərin 05.10.2021-ci il tarixli izahatları göstərilmişdir. X12, Bağırov Vüqar və Ədilov Nəsimi guya Şəxs MMC-yə məxsus yeni tikilidə qanunsuz olaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilmişdir. Qeyd olunan şəxslərin izahatlarında ziddiyyət mövduddur. Belə ki, Ədilov Nəsimi izahatında 2021-ci ilin mart ayından işə başlayıb, 5 sentyabr tarixdək işləyib, 3900 alacağı var və əmək haqqını İSBO şirkəti ödəyir. Şahid qismində isə Soltanov Anar, Bağırov Vüqar, Abbasov Rauf, Əkbərov Əziz və Dadaşov Bayramı göstərir. Digər şəxs Bağırov Vüqar isə izahatında qeyd edir ki, 2020-ci ilin oktyabr ayından RÜR MMC-də işləyib, 2021-ci ilin 5 sentyabr ayına kimi əmək müqaviləsi olmadan işləyib və 3.700 manat alacağı var. O da eyni şəxsləri şahid qismində göstərir. Digər şəxs Əkbərov Əziz izahatında qeyd edir ki, 01.03.2021 -ci ildən 05.09.2021-ci ilədək Şəxs MMC-də işləyib, müqaviləsiz işləyib, ümümi alacağı 68090 manatdan 4000 manat onun payına düşür. Göründüyü kimi izahat yazan şəxslərin hamısı Şəxs MMC-dən deyil İSBO şirkətindən maaş aldıqlarını qeyd ediblər. Hətta digər şəxslərdə şahid kimi qeyd olunan Abbasov Rauf, Soltanov Anar, Dadaşov Bayram izahatlarında İSBO şirkətindən maaş aldıqlarını bildirirlər. İş materillarında olan şəkillər isə Şəxs MMC-nin tikinti apardığı yerə məxsus deyil.Tamam başqa tikintiyə aiddir. Ümumiyyətlə DƏMX-nin Bakı Şəhər İdarsəsinin müfəttişi tərəfindən həmin yerə baxış keçirmədən yalnız hər hansı tikilidə şəkilən şəkilə əsasən qərar qəbul etməsi absurd məsələdir. Digər məsələ isə inzibati xəta haqqında prokolun tərtib olunması ilə bağlıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri qeyd olunmuşdur. Göstərilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 01 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-də V.S.Bağırov, Ə.V.Əkbərov, N.M.Əbdülov əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 01.03.2021-ci il tarixdən 05.09.2021-ci il tarixədək Şəxs MMC tərəfindən ünvan 1 ünvanında işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X5 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi tərəfindən V.S.Bağırovun, Ə.V.Əkbərovun, N.M.Əbdülovun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 01.03.2021-ci il tarixdən 05.09.2021-ci il tarixədək Şəxs MMC tərəfindən ünvan 1 ünvanında işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, Şəxs MMC-də monitorinqin aparılması zamanı MMC ilə işçilərdən V.S.Bağırov, Ə.V.Əkbərov və N.M.Əbdülov arasında heç bir əmək müqaviləsi və ya xidməti müqavilənin bağlanmadığı aşkar edilmişdir. Yəni, Şəxs MMC bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, 06 ay 04 gün müddət ərzində həmin işçi ilə heç bir əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan onu işə cəlb etmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar