Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Əbdülhəsənova Aytən Ələsgər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Açıq Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 42; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiala görə Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-7461/2024 saylı məktubu ilə tələb edilən sənədləri (2023-cü ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli EP ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Açıq Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil inzibati xəta haqqında protokolla bağlı bildirmişdir ki, bankın məktubu müəssisəyə daxil olan kimi dərhal lazımı sənədlər banka poçt vasitəsi ilə göndərilmişdir. Lakin, onlara dekabr ayının sonunda bilirilmişdir ki, emitentin illik hesabatı banka daxil olmamışdır. Texniki səhv olmuşdur. Hazırda tələb olunan sənədlər Banka təqdim edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-ci il tarixli 6-1-26/2-7461/2024 saylı məktubdan görünür ki, 2023-cü ilə dair emitentin illik hesabatı haqqında məlumat 05 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb olunmuşdur. Şəxs Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan və “Azərpoçtun” poçt qəbzindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-ci il tarixli 6-1-26/2-7461/2024 saylı müraciəti ilə bağlı sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmişdir. Xəbərnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktub xx.xx.2024-cü il tarixdə “İsmiyeva” soyadlı əməkdaş tərəfindən təhvil alınmışdır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin fikirlərini dinləyib belə nəticəyə gəlir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 548.2-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə məsuliyyət nəzərdə tutur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-nin 548.2-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-7/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver