Məhkəmə qərarları › İş №3(006)-70/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-70/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-70/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi X1, şikayət vermiş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində etibarnamə ilə idarə etdiyi ‘Toyota prius (hibrid) markalı, ** CK *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri C.Hacıbəyli küçəsi ilə hərəkətdə olarkən özünü təqdim etməməsi səbəbindən müəyyənləşdirə bilmədiyi X8 əməkdaşı tərəfindən saxlanılmış, o, saxlanma səbəbini C.Hacıbəyli küçəsində hərəkətdə olarkən və dönmə əməliyyatını yerinə yetirərkən yolayırıcına işıqforun qadağanedici işarəsi zamanı hərəkətini davam etdirilməsi ilə əsaslandırmağa çalışmışdır. X9 əməkdaşı törətdiyi güman olunan inzibati xəta hadisəsi ilə bağlı bilavasitə vəzifə borcu olsa belə konkretliyi ilə ona sübut edə bilməyincə barəsində inzibati xəta haqqında protokol tərtib etdi. O isə öz növbəsində həmin protokola etirazını bildirərək zəruri yazılı qeydlərini etdi və inzibati işə baxılması üçün müvafiq idarəyə dəvət olunacağını güman edərək bır müddət gözləməyə başlamışdır. Etirazının isə əsas səbəbi yolayırıcını işıqforun qırmızı işığında deyil, yolayırıcını artıq keçməkdə olarkən yalnız sarı işığının yanmağa başlaması, bu məqamda isə kifayət qədər intensiv olan hərəkət zamanı qəfil tormozlama ilə arxadan gələn nəqliyyat vasitələri üçün real təhlükə yaradılmaması, eyni zamanda yol polisi əməkdaşının da israr etdiyi guya qırmızı işıqda yolayırıcıya daxil olmağımın sübuta yetirilməsi üçün foto-video görüntülərin əldə edilməsi olmuşdur. Bir müddət gözlədikdən sonra müvafiq idarəyə dəvət olunmayınca xx.xx.2023-cü il tarixində bu dəfə elektron qaydada şikayət etmək məcburiyyətində qalmışdır. Çox təəcüblüdür ki, məhz həmin, yəni xx.xx.2023-cü il tarixinə, saat 13:00-a Bakı şəhər X8 idarəsinə dəvət olunmağı ilə bağlı xx.xx.2023-cü ildə poçt vasitəsi ilə göndərilən rəsmi bildirişi xx.xx.2023cü il tarixində almışdır. Həmin müvafiq ştrix kodla olan zərfin surətini şikayətinə əlavə etmişdir. Absurd hesab olunacaq bu vəziyyəti araşdırmaq üçün rəsmi bildirişi aldığı günün ertəsi günü çağırıldığı ünvana gedərək müvafiq sənədləri təqdim edərək ilk öncə bu məsələnin araşdırılmasını xahiş etmişdir. Artıq inzibati tənbeh tətbiq etmə haqqında qərarın qüvvəyə mindiyini deyən və çaşqınlıq içində olan əməkdaşdan baxdıqdan sonra nədənsə geri qaytarmaq istəmədiyi həmin zərfi geri alaraq, məsələyə yalnız məhkəmədə obyektiv baxılaraq hüquqi qiymət verilməsinin mümkünlüyünü nəzərə alaraq bu şikayəti yazmaq qərarına gəlmişdir. Eyni səbəbdən hesab edir ki, sürücünün hər-hansı bir küçə ilə hərəkətdə olarkən səbəbsiz yerə təqsirləndirilməsi yolverilməzdir. Bakı şəhər Nəsimi rayon məhkəməsində işə baxılaraq və şikayəti qismən təmin edilərək barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh tətbiq olunması haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması məqsədi ilə DYP-nin müvafiq idarəsinə göndərilməsinə dair 03 noyabr 2023-cü il tarixli 3(006)-4562/2023 nömrəli qərar qəbul edilmişdir. Bununla belə, xx.xx.2023-cü il tarixində cərimə tətbiq olunmasına dair qərarın qüvvəyə minməsi barədə mobil nömrəmə sms daxil olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İXM-in 57-ci və 126.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla, tərəfimdən qaldırılan məsələlərə hüquqi qiymət verilməsi məqsədi ilə barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli İnzibati qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* “İnzibati tənbeh vermə haqqında” qərarına əsasən İXM-in 327.1 və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Hazırda həmin Məcəllənin 327.1-ci maddəsinə münasibətdə təqsirini etiraf edir, lakin 327.2-ci maddəyə dair hissədə həmin qərarın ləğv edilməsini və həmin hissədə icraata xitam verilməsini xahiş edir və bu barədə ərizəni məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi X3 çıxış edərək göstərdi ki, barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar əsassız və qanunsuz olduğuna görə həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçinin şikayəti əsassızdır. Bu iş üzrə bir dəfə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə yenidən araşdırma aparılmış və qərar qüvvəsində saxlanılmışdır. Hazırki işdə şikayətçi İXM-in 327.1-ci maddəsi ilə özünü təqsirli bildiyi üçün həmin hissədə hər hansı sübut təqdim etməyi lazım bilmir. Digər maddə ilə bağlı isə videogörüntü təqdim edə bilmirlər. Həmin hal üzrə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-4562/2023 nömrəli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, Bakı şəhəri BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqıənda qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 80 (səksən) manat miqdarında cərimə tənbeh tədbiri tətbiq edilmişdir. - X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, İXM-in 327.1-ci maddəsinə münasibətdə törədiyi inzibati əxətanı etiraf edir. Qərarın digər hissədə ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, X4 istinad edilən Azərbaycan Resuplikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulan əməlin törədilməsində onun təqsirliliyi sübuta yetirilmir. Məhkəmə, buna dair mövqeyini aşağıdakılarla əsaslandırır: Məhkəmə, ilk növbədə, qərarından şikayət verilmiş orqanın diqqətinə çatdırır ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-in tələblərinə uyğun aparılmış araşdırmanın nəticəsi kimi qiymətləndirə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin qərardakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli, qeyri-müəyyən qərar əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* “İnzibati tənbeh vermə haqqında” qərar İXM-in 327.2-ci maddəsinə dair hissədə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* “İnzibati tənbeh vermə haqqında” qərarda istinad olunan 327.1-ci maddəyə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə X5 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Bundan əlavə X5 özü məhkəmə iclasında İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı etiraf etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Buna görə də şikayət həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* “İnzibati tənbeh vermə haqqında” qərar Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə dair hissədə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* “İnzibati tənbeh vermə haqqında” qərar Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə dair hissədə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar