Məhkəmə qərarları › İş №3(006)-7095/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7095/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7095/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X7 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 44, mənzil 2; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görə Şəxs MMC-nin sabiq işçisi X3 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən Ö.İsgəndərov xx.xx.2024-cü il tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin görülməsinə cəlb edilmiş, bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X5 protokolun məzmununa uyğun çıxış edərək Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 3(006)-1195/2025 saylı qərarı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1388/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli qərarı ləğv edilmiş, işin həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, natamamlığın aradan qaldırılması və inzibati xətaya dair materialın yenidən baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarında mövcud vəziyyəddə işə xitam verilməsi deyil, işin geri qaytarılmasının əsaslı ola biləcəyini qeyd etməklə və geri qaytarma əsası kimi zərərçəkmiş şəxs kimi tanınan şəxsin ziddiyyətli izahatının inzibati orqan və məhkəmə tərəfindən araşdırılmadığı əsas götürülmüşdür. Nəsimi rayon Məhkəməsinin 3(006)- 1195/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dar xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X7 Xidmətinə qaytarılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X7 Xidməti həmin qərardaddan apellyasiya şikayəti verməmişdir. Nəsimi rayon Məhkəməsinin 3(006)-1195/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının qəbul edilməsindən 4 ay sonra eyni tarixli protokolla yenidən Nəsimi rayon Məhkəməsinə müraciət etmişlər. Protokoldan da aydın olur ki, inzibati orqan iş üzrə heç bir araşdırma aparmamışdır. Eyni əsaslarla ilkin protokol yenidən məhkəməyə təqdim edilmişdir. Bundan başqa, İnzibati xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. …….əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati xəta xx.xx.2024-cü il tarixdə baş vermişdir. Göründüyü kimi inzibati xəta hadisəsinin baş verməsindən 1 ildən də artıq müddət keçmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən 3(006)-7095/2025 saylı iş üzrə icraata və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X7 Xidməti tərəfindən təqdim edilmiş protokola xitam verilməsi xahiş edilmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan X7 Xidməti “İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar” Bakı şəhəri Təcili və X4 Stansiyasının 6 saylı Bölməsindən daxil olan xx.xx.2024-cü il tarixli, 199 saylı məlumatda qeyd olunur ki, Şəxs MMC-nin texniki işçisi (fəhlə) X6 xx.xx.2024-cü il tarixdə iş zamanı ağır dəmir parçasını götürərkən əlini zədələdiyi üçün ona “sağ əlin barmaqların və biləyin travması” diaqnozu qoyulmuşdur. İş materiallarında olan X3 xx.xx.2024-cü il tarixdə X7 Xidmətinin Bakı şəhər idarəsinə verdiyi izahatında qeyd olunur ki, o, xx.xx.2024-cü il tarixdə işdə olan zaman ağır dəmir qaldırarkən əlini əzmişdir. Həmin zaman təcili tibbi yardıma yaxınlaşmış, onu “Yeni Klinika”ya göndərmişlər. Rentgen çəkilmiş, əlində heç bir xəsarət çıxmamışdır. Əmək qabiliyyətinin olmaması vərəqəsi açılmamış, amma rəhbərlik tərəfindən bir gün istirahət verilmişdir. Hadisə barədə formenə məlumat verilmişdir. İş materiallarında olan X3 xx.xx.2025-ci il tarixdə X7 Xidmətinin Bakı şəhər idarəsinə verdiyi izahatında qeyd olunur ki, o, təxminən xx.xx.2024-cü il tarixdən Şəxs MMC-də fəhlə kimi işlərin görülməsinə cəlb edilmiş, lakin əmək müqaviləsi ilə bağlı heç bir məlumatı olmamışdır. O, təxminən 600 manat əmək haqqını nağd şəkildə alırdı. xx.xx.2024-cü il tarixdə Bakı Olimpiya Stadionunda birinci formen “Cəmil” adlı şəxsin tapşırığına əsasən “X-ray” aparatını qaldıran zaman əlini əzmişdir. Sonra o, təcili tibbi yardıma yaxınlaşmış, onu “Yeni Klinika”ya göndərmişlər. Orada rentgendən keçdikdən sonra əlində heç bir xəsarət olmadığı üçün evə getmişdir. Hadisə barədə birinci formen “Cəmil” adlı şəxsə, supervayzer “Zamin” adlı şəxsə məlumat verilmişdir. İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli əmək müqaviləsinə əsasən Şəxs MMC ilə fiziki şəxs X6 arasında həmin tarixdə 02 ay 28 gün müddətinə əmək müqaviləsi bağlanılmış və o, fəhlə kimi işə götürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-1195/2025 saylı qərarından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1388/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli qərarı ləğv edilmiş, işin həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, natamamlığın aradan qaldırılması və inzibati xətaya dair material yenidən baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-1195/2025 saylı qərardaından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dar xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X7 Xidmətinə qaytarılmışdır. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1195/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında göstərilmiş çatışmazlıqlar aradan qaldırılmadan inzibati xəta haqqında protokol baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin mənasına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, X7 Xidməti tərəfindən inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələbləri pozulmaqla aparılmış, bütün faktiki halların tam və hərtərəfli qaydada öyrənilməsi üçün lazımi təbdirlər görülməmiş, X3 iş yerində xəsarət alması ilə bağlı Bakı şəhəri Təcili və X4 Stansiyasının 6 saylı Bölməsindən daxil olmuş məlumatdan və hadisədən sonra xx.xx.2024-cü il tarixində və xx.xx.2025-ci il tarixində X2 alınmış izahatdan başqa heç bir əlavə sübut toplanılmamış, onun qeyd etdiyi Cəmil və Zamin adlı şəxslər müəyyən olunub onların Şəxs MMC-yə aidiyyətinin olub-olmaması dəqiqləşdirilməmiş, digər şahid ifadələri alınmamış, törədilməsi güman edilən əməllə bağlı Şəxs MMC-dən zəruri məlumatlar əldə olunmamışdır. Bununla da hüquqi şəxsin təqsirini şübhə altına almayacaq təkzibedilməz dəlillər toplanılmamışdır. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)- 1195/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, qeyd olunan iş üzrə keçirilən məhkəmə iclasında X6 izahat verərək bildirmişdir ki, o, 25 sentyabr 2024-cü il tarixdə Faiq adlı dostunun vasitəsilə Cəmil və Zamin adlı şəxslərlə tanış olmuş, sonuncular da ona “COP-29” tədbiri ilə bağlı Bakı Olimpiya Stadionunda iş təklif etmişlər. Həmin tarixdən o, Bakı Olimpiya Stadionunda işləməyə başlamışdır. Onun işi maşınlardan stol-stul boşaltmaq olmuşdur. O, həmin vaxt hər hansı şirkətə bağlı işləməmiş, gündəlik 20-25 manat civarında Zamin adlı şəxsdən maaş almışdır. xx.xx.2025-ci il tarixdə isə “Xray” aparatını daşıyarkən əli əzilmişdir. Bununla bağlı o Cəmil və Zamin adlı şəxslər tərəfindən tibbi müayinəyə aparılmış və onda heç bir ciddi zədə aşkar olunmamışdır. Xəstəxanada ondan heç bir məlumat alınmamış, şəxsiyyət vəsiqəsi tələb olunmamış, onun ad-soyadını isə onu Cəmil söyləmişdir. O, xəstəxanada olan zaman Şəxs MMC-də işlədiyini bildirməmiş və həmin vaxta bu şirkəti belə tanımamışdır. Hadisədən 4 ay sonra bu ilin fevral ayında onu X7 Xidmətinə çağırıb məsələ barədə izahatını almışlar və bu zaman o, onu işə cəlb edən Cəmil və Zamin adlı şəxslər barədə məlumat vermişdir. X7 Xidmətinin əməkdaşı ondan harada işlənməsini soruşduqda o, 04 oktyabr 2024-cü il tarixdən əmək müaviləsi əsasında Şəxs MMC-də işlədiyini bildirmişdir. Lakin, hadisə baş verən gün Şəxs MMC-də işləməsi barədə hər hansı izahat verməmişdir. Belə ki, onun hadisə baş verən vaxt Şəxs MMC ilə əlaqəsi olmamışdır. O, hadisənin ertəsi günü stadiona gələn zaman onu işlə təmin edən şəxsləri tapa bilməmiş, daha sonra şirkətlərin ofislərini görüb işlə bağlı yaxınlaşmış və Şəxs MMC-də ona fəhlə işi verilə biləcəyi deyilərək 04 oktyabr tarixdə onunla əmək müqaviləsi bağlanılmışdır. Onun ümumiyyətlə əlindən aldığı cuzi zədə ilə bağlı heç kimdən şikayəti olmamış və bununla əlaqədar hansısa orqana da müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi təkzibedilməz dəlillərlə öz təsdiqini tapmadığından, onun barəsində başlanılmız iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar