Məhkəmə qərarları › İş №3(006)-711/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-711/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-711/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili şöbəsinin xx xxx 2019-cu il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi Şöbəsinin xx xxxx 2019-cu tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dö-vlət İdarəetməsinin Təşkili üzrə Dövlət X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili şöbəsinin xx xxx 2019-cu il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin xx xxxx 2019-cu tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunazidd hesab edilərək xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ilin may ayının birinci on günlüyündə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili şöbəsinin tanımadığı əməkdaşı tərəfindən istifadəsində olan mobil telefon nömrəsinə zəng olunmuş və həmin şəxs tərəfindən Abşeron rayonu, tərəvəzçiliksüdçülük sovxozu ərazisində icarə hüququ əsasında istifadəsində olan torpaq sahəsinin gələcək sənədləşmə işlərinin aparılması barədə söhbət aparılması üçün idarəyə dəvət edilmiş, o, öz növbəsində torpağa aid bütün sənədlərlə birlikdə həmin idarəyə yaxınlaşmış, orada nə üçün çağırlıdığını aydınlaşdırdıqda müfəttiş ona torpaqlardan səmərəli istifadə olunması barədə qanunvericiliyin tələblərinin tərəfindən pozulduğunu bildirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə cərimə ediləcəyi nəzərinə çatdırmışdır. O, bu pozuntunun nədən ibarət olduğunu aydınlaşdırmaq məqsədi ilə təqdim etdiyi sənədlər nəzərdən keçirilməməmiş, suallarından yayınılmış və barəsində sonradan ona məlum olan yuxarıda qeyd etdiyi inzibati xəta haqqında protokol tərtib edilmişdir. Orada müfəttişə bildirmişdir ki, artıq illərdir həmin torpaq sahəsində fərdi yaşayış evi tikilib, qaz, işıq, su, telefon kimi kommunal xidmətlərdən aylıq istifadə olunur. Necə olur ki, 10 ildən sonra bu idarə tərəfindən onun hərəkətləri inzibati xəta kimi qiymətləndirilir?! Müfəttiş isə öz növbəsində ümumi sözlərlə mövzudan yayınaraq hərəkətlərinə haqq qazandırmağa çalışırdı. Sonda isə ona hansısa hesaba 500-600 manat pul ödəyəcəyi təqdirdə barəsində heç bir tədbir görülməyəcəyi bildirilmişdir. O isə buna qəti şəkildə etiraz edərək oranı tərk etmişdir. Bir müddət bu qurumdan heç bir xəbər çıxmadı. Lakin, ötən aylarda, o, pensiyasını alarkən təyin olunmuş məbləğdən 50 faiz miqdarda pulun tutulduğunu görmüş, bunu aydınlaşdırmaq üçün pensiya təyin edən quruma müraciət etmişdir. Oradan ona pensiyasına tutulmanın yönəldilməsinin səbəbi icra sənədinin məcburi icrası ilə əlaqədar olduğu bildirilmişdir. Belə ki, bu tutulma icra məmuru tərəfindən verilmiş qərar əsasında həyata keçirilir. Bundan sonra məcburi icra tədbirlərini həyata keçirən icra və probasiya şöbəsinə yaxınlaşaraq məsələnin aydınlaşdırılmasını xahiş etmiş, daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin müdiri dövlət müfəttişi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə barəsində 800 manat cərimə növündə inzibati tənbeh tətbiq etmək haqqında qərar çıxarılmış və məcburi icra tədbirləri də məhz bu inzibati orqanın qəbul olunmuş qərarı əsasında həyata keçirilməkdı olduğu məlum olmuşdur. Təbii ki, barəsində qəbul olunmuş bu qərarı tam əsassız və qanunsuz hesab edir. Bununla yanaşı, əmək pensiyası ilə yaşamağa çalışan və səhhətində problemləri olan bir insandır. Yaşam şərtlərinin ağırlaşdığı mövcud dövrdə hər ay əmək pensiyamın 50 faizinin tutulması onsuz, da çətin olan maddi durumlarını daha da ağırlaşdırıb. Bu səbəblərdən də hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, barəsində tərtib olunmuş protokoldan və həmin protokol əsasında qəbul edilmiş qərardan belə məlum olur ki, o, torpaqların münbit qatının korlanmasına görə göstərilən tələblərin pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati xəta törətmişdir. Onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Məhkəmənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244-cü maddəsinin adına və 244.2-ci maddəsinin dispozisiyasına diqqət yetirməsini xahiş edir. Həmin maddənin dispozisiyasına istinad etsək inzibati xəta o zaman inzibati məsuluyyət yaradır ki, o, torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasını bu və ya digər şəkildə həyata keçirmiş olsun. Korlanma anlayışı isə geniş anlayışdır. Yəni, o, münbit qatı ya daşımalı, ya bu münbit qatı qazanc məqsədi ilə satmalı, ya bu münbit qatdan təsərrüfatsızcasına istifadə etməli və ya bu kimi digər hallarla müşayiət olunan mütamadi hüquq pozuntularını həyata keçirməlidir. Bir məsələni xüsusilə vurğulayır ki, qanunvercilik bu maddədə torpaqların anlayışını qeyd edərkən mötərizədə xüsusilə meşə fondu torpaqlarının zibillənməsini və korlanmasını qeyd edərək məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq hansı kateqoriya torpaqların bu maddənin dispozisiyasına şamil olunduğunu xüsusi vurğulamışdır. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsində məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq torpaqların kateqoriyaları qeyd olunmuşdur. Qeyd olunan maddədə meşə fondu torpaqları ayrıca bir kateqoriya olaraq qeyd edilmişdir. Bu onu göstərir ki, ümumiyyətlə barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarla tətbiq edilməli olan maddə bir-birinə uyğun gəlmir. Belə ki, barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx xxxx 2019-cu il tarixli qərarda açıq-aşkar onun icarəsində olan 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti apardığı üçün torpaq sahəsinin münbit qatını korladığı əsas gətirilərək “İnzibati Xətalar Məcəlləsinin” 244.2-ci maddəsi ilə 800 manat məbləğində cərimə edilməsi qeyd edilmişdir. Lakin, “İnzibati Xətalar Məcəlləsinin” 244.2-ci maddəsində torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanması xüsusi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestr nömrəsi **********08 olan torpaq sahəsinin planında və ölçüsündə icarə hüququ əsasında istifadəsində olan torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid edilmişdir. Bunu Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş Seriya MH ******* nömrəli xx.xx.2008-ci il tarixli Çıxarış da təsdiq edir. Göründüyü kimi, icarə hüququ əsasında istifadəsində olan torpaq sahəsi meşə fondu təyinatlı torpaqlar kateqoriyasına aid deyil, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Barəsində tərtib olunmuş protokolda isə ümumi olaraq torpaq sahəsinin münbit qatının korlanması qeyd olunmuşdur. Həmin protokol əsasında tərtib edilmiş qərarda isə sanki protokoldakı nöqsanı aradan qaldırmaq məqsədilə protokolda ümumi göstərilən torpaq anlayışını qərarda kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi təqdim edilməklə heç bir inzibati xəta tərkibi olmayan əmələ hüquqi don geyindirilməyə çalışıldığı açıq-aşkar görünür. O, qeyd etdiyi ərazidə torpaq sahəsini xx xxxxxx 2008-ci il tarixdə notarial qaydada torpaq sahəsinin istifadə hüququnun satılmasına dair alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin tarixdən də orada fərdi yaşayış evinin tikintisini aparmışdır. Çünki orada ondan əvvəl də yüzlərlə fərdi yaşayış evinin tikintisi aparılmış və bənzər tikintilər indi də davam etməkdədir. O, da bu torpaqda tikinti işləri apararkən dövlət orqanlarının nümayəndələri bu barədə özlərinin heç bir iradını bildirməmişdir. Hətta ev tikintisi işləri həyata keçirməsi barədə müvafiq icra hakimiyyətinin nümayəndələri də məlumatlı idilər. (Yerli icra hakimiyyəti orqanı, həmin orqanın inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və xxxx). Hətta o, Sabunçu rayonu Məştağa xxxxsi tərəfindən Yerli (xxxx) büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında şəhadətnamə verilməklə qeydiyyata da alınmışdır. Həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə müddəası öz əksini tapmışdır. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu müddət ərzində isə ona inzibati xəta törətməsi barədə protokol tərtib edən qurumun tikintisini artıq başa çatdırdığı fərdi yaşayış evinin mövcudluğundan xəbərsiz olması isə ağlabatan deyil. Göründüyü kimi o, artıq 10 ilə yaxındır ki, qeyd olunan ərazidə fərdi yaşayış evinin tikintisini tamamlayıb orada yaşayır. Ötən bu müddət ərzində kommunal xidmətlərdən istifadə etməsi üçün müvafiq dövlət qurumlarında evim fərdi yaşayış evi, özü isə abonent kimi qeydiyyata alınmış və 10 ildir ki, bu evdə kommunal xidmətlərdən istifadə edir. Lakin, nədənsə adlarını yuxarıda qeyd etdiyi müfəttişlər bütün bunları nəzərə almamaqda israr edir, yuxarıda vurğuladığı qanunverciliyin norma və tələblərinə riayət etmədən barəsində inzibati xəta haqqında protokol tərtib edib, həmin protokol əsasında qərar qəbul edib və onu 800 manat məbləğində cərimələmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət X1ması və Mühafizəsinə Dövlət Nəzarəıinin Təşkili şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş MN ******* saylı,xx xxx 2019-cu il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin müdiri dövlət müfəttişi F.A.Mirzəyev tərəfindən çıxarılmış MN ******* saylı inzibati tənbeh vermə haqqında xx xxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi R.N.Zeynalov ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Sabunçu rayonunun inzibati ərazisində yerləşən Maştağa Tərəvəzçilik-südçülük sovxozunun ərazisində olan 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri apararaq torpaq sahəsinin münbit qatını korlamış və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reueystrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,05 ha torpaq sahəsi xx.xx.2006-cı ildən başlayaraq 99 (doxsan doqquz) il müddətə R.N.Zeynalovun adına icarə hüququ ilə xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********08 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib edilmiş AA seriyalı, 013880 nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, **********08 reyestr nömrəsi ilə R.N.Zeynalovun adına qeydə alınmış Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. İş materiallarında olan “xxxx” MMC-nin Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu sağ kənarında yerləşən obyekt 97.290 manat dəyərləndirilməklə R.N.Zeynalovun istifadəsindədir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, R.N.Zeynalovun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin xx xxxx 2019-cu il tarixli, MN ******* saylı qərarından verilmiş şikayət təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, R.N.Zeynalov tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, R.N.Zeynalovun Sabunçu rayonunun inzibati ərazisində yerləşən Maştağa Tərəvəzçilik-südçülük sovxozunun ərazisində olan 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri apararaq torpaq sahəsinin münbit qatını korlaması səbəbindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə protokol tərtib olunmuş və xx xxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə isə o, həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, R.N.Zeynalovun barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, R.N.Zeynalovun istifadəsində olan torpaqların üst münbit qatının korlanmasını təsdiq edən hər hansı bir sübut, ekspert və mütəxəssis rəyi iş materiallarına əlavə edilməmiş və bu barədə rəy alınmamışdır. Göründüyü kimi, R.N.Zeynalovun mülkiyyətində olan Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin üst münbit qatının korlanması təsdiq olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilən səbəblərdən də, inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsi xx xxxx 2019-cu tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin xx xxxx 2019-cu tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin xx xxxx 2019-cu tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar