Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7158/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, 23 oktyabr 2025-ci il tarixdə “Toyota Prius” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Məmmədcəfər Cəfərov küçəsində qarşısında dayanmış “Xəzər” markalı minik avtomobil yolu kəsmiş və həmin vaxt tıxac yaranmışdır. Onun idarə etdiyi “Toyota Prius” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil dayısına məxsus olmuş və o, həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. Belə ki, həmin dayısı avtomobili dayancağa aparmasını ondan xahiş etmişdir. Polis əməkdaşı isə düşünmüşdür ki, yolda o, tıxacın yaranmasına səbəb olmuşdur. Polis əməkdaşı ona göstəriş vermişdir ki, avtomobili kənara çəksin. O da göstərişə tabe olaraq avtomobili kənara çəkərək saxlamışdır. Həmin vaxt etibarnaməsi olmadığı üçün dayısına zəng vuraraq avtomobilin yanına dəvət etmişdir. Polis əməkdaşı ondan sənədlərini tələb etdikdə, üstündə olan sürücülük vəsiqəsini təqdim etmişdir. Onun 18 balı olmuşdur və bunu görən polis əməkdaşı bildirmişdir ki, yol verdiyi qanun pozuntusuna görə protokol tərtib ediləcək və 2 bal yazılacaq. Bununla da, onun sürücülük hüququ məhdudlaşacaq. O, səbəbini soruşduqda isə polis əməkdaşı qanun pozuntusuna yol verdiyini, yolda tıxacın yaranmasına səbəb olduğunu bildirmişdir. Halbuki, yolda tıxacın yaranmasına səbəb “Xəzər” markalı minik avtomobili olmuşdur. O, sadəcə tıxac yaranmaması üçün avtomobilə yol vermişdir. O, etibarnamə və lisenziya olmadan taksi fəaliyyəti ilə məşğul olsa da, lakin yol hərəkəti qaydalarını pozmamışdır. Buna dair hər hansı mötəbər sübutlar mövcud deyildir. Göstərilənlərə əsasən Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iş materialları ilə tanış olmuşdur və verilmiş şikayəti əsassız hesab edir. Belə ki, X1 Hərəkəti Haqqında Qanunun tələblərini kobud surətdə pozaraq, yolun hərəkət hissəsinin 3-cü zolağında avtomobili saxlamış və tıxacın yaranmasına səbəb olaraq inzibati xəta törətmişdir. Bundan başqa, X4 qeyd olunan avtomobili etibarnamə olmadan idarə etmiş və lisenziya olmadan taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin ərazidə olan kamera görüntüləri 1 ay saxlanıldığı üçün, hazırda hadisə yerinə aid kamera görüntülərini təqdim edə bilmir. Lakin, şəxin polis əməkdaşı ilə olan danışığı var və müəyyən olunur ki, X1 hərəkəti qaydalarını pozmuşdur. X4 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Qeyd etdiklərinin nəzərə alınaraq şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 11:09-da Bakı şəhəri, X10 küçəsində “Toyota Prius (HİBRİD)” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 322.0.2, 332.1, 346.4 və 327.7-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 322.0.2-ci maddəsinə əsasən “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə əlli manat məbləğində cərimə edilir. 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə iclasında X4 “Toyota Prius (HİBRİD)” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə və lisenziya olmadan idarə etdiyini, lakin yol hərəkəti qaydalarını pozmadığını bildirmişdir. İlk əvvəl məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarda inzibati tənbehin nədən ibarət olması qeyd olunmamış, qərar qanunvericiliyin tələbinə uyğun tərtib edilməmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, X2 Azərbaycan Respublikasının İXM-nin 346.4 və 327.7-ci maddələri təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki halları araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasının İXM-nin 346.4 və 327.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İXM-nin 346.4 və 327.7-ci maddələrinə aid hissədə yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-7158/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7158/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver