Məhkəmə qərarları › İş №3(006)-7216/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7216/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7216/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X4 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi onun barəsində "xxxx" MMC-nin vəzifəli şəxsi olaraq əsassız yerə qərar qəbul etmişdir. Belə ki, guya vətəndaş X3 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən sorğu məktubu göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunmuş, lakin 04 sentyabr 2025-ci il tarixinədək həmin sənədlər çatdırılmalı olmasına baxmayaraq müvafiq orqana çatdırılmamışdır. Bildirmişdir ki, 29 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərar belə onlara 30 oktyabr 2025-ci il tarixində çatdırılmışdır. Habelə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qanunsuz olaraq və saxtakarlığa yol verilərək eyni iş üzrə, eyni hallar üzrə bu dəfə də Şirkətin vəzifəli şəxsi, yəni onun barəsində 29 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04.09.025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında protokola görə vətəndaş X5 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2ci hissəsinə əsasən sorğu məktubu göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, lakin sənədlərin 7 iş günü ərzində xx.xx.2025-ci il tarixinədək təqdim edilmədiyi müəyyən olunmuşdur. Bununla da guya "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, onların ünvanına hər hansı bir sorğu və ya məktub daxil olmamışdır. Məhkəmənin 09 oktyabr 2025-ci il tarixli, 3(006)-5468/2025 saylı qərardadında göstərilmişdir ki, məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab etmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olduğu üçün səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, protokol tərtib etmiş səlahiyyətli orqan məhkəməyə yalnız protokolu və qərardadı göndərməklə kifayətlənmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək sənədlər isə məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi də qeyd olunan sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İş geri qaytarıldıqdan sonra isə eyni iş üzrə, eyni hallar üzrə bu dəfə onun barəsində 29 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki, iş geri qaytarıldığından orqan tərəfindən iş yenidən araşdırılmalı, şirkətin səlahiyyətli şəxsi dəvət olunmalı və onun iştirakı ilə proseslər yenidən başlanmalı idi. Daha bir pozuntu da ondan ibarətdir ki, barəsində inzibati xəta törədilməsinə dair araşdırma aparılarkən, qərar qəbul edilərkən bu barədə heç bir məlumat verilməmişdir, nə şəxsən ona, nə də şirkətə hər hansısa məktub daxil olmuşdur. habelə heç bir araşdırma aparılmadan bu dəfə də onun barəsində yenə də onun iştirakı olmadan qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur və buna görə də hesab edir ki, bu qərar qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilən orqanın nümayəndəsi X7 izahatında bildirmişdir ki, vətəndaş X3 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən sorğu məktubu göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, lakin sənədlərin 7 iş günü ərzində xx.xx.2025-ci il tarixinədək təqdim edilmədiyi müəyyən olunmuşdur. Bununla da "xxxx" MMC-nin İ.R.İ.E. şöbə müdiri X6 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X2 həmin maddə ilə 1200 manat məbləğində inzibati cərimə olunmasına dair qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarın qanuni olmasını və şikayət ərizəsində göstərilənlərin əsassız olmasını nəzərə alaraq şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, bildirmişdir ki, X3 şikayətinə əsasən sənədlərin təqdim edilməsi ilə bağlı sorğunun "xxxx" MMC-yə çatdırılmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 29 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X3 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən sorğu məktubu göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, lakin sənədlərin 7 iş günü ərzində xx.xx.2025-ci il tarixinədək təqdim edilmədiyi müəyyən edildiyi üçün X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 1200 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 04 sentyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, X3 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən sorğu məktubu göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənməsinə baxış zamanı məktubun çatdırıldığı, lakin sənədlərin 7 iş günü ərzində xx.xx.2025-ci il tarixinədək təqdim edilmədiyi müəyyən edildiyi üçün "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-5468/2025 saylı qərardadından görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə geri qaytarılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin İ.R.İ.E. şöbə müdiri X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İnzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, qərardan şikayət vermiş şəxs X1 təqdim olunması ilə bağlı sorğunun hüquqi şəxs "xxxx" MMC-yə çatmadığını bildirmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan isə qeyd olunan sorğunun çatdırılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, çatdırılması təsdiq edilməyən sorğuda göstərilən sənədlərin təqdim edilməməsinə görə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddasinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin İ.R.İ.E. şöbə müdiri X2 Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar