Məhkəmə qərarları › İş №3(006)-7217/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7217/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7217/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ermənistanın Barana rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “X15” MMC-də bölmə rəhbəri, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 174, mənzil 8 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-334/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə aliment borcunu tam ödəməmişdir, bu günə olan borc 9395 manat təşkil edir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X6 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-334/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X1 X4 xeyrinə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi icraata daxil olduqdan sonra qanunamüvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin borclu icra sənədi üzrə aliment tələbini tam təmin etməmişdir. Borclunun bu günə 9395,00 manat aliment borcu vardır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 bildirmişdir ki, aliment borcunun tam ödənilməsini tələb edir. Borclunu məcbur etməsə, pul ödəmir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil bildirmişdir ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 334/2024-007 nömrəli icra sənədi üzrə aliment üzrə yaranmış borc məbləği Şəxs tərəfindən tam ödənilmədiyindən borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən barəsində Nəsimi rayon İcra Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN№2325628 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. İşə məhkəmədə baxılarkən aşkar edilmişdir ki, icra məmuru Ruslan Qubadov işi araşdırmadan tələm-tələsik inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Belə ki, icra məmuru inzibati protokolun tərtib edildiyi günə ödənilməmiş borcun 9395 manat olduğunu bildirmişdir. Lakin bu məbləğin necə hesablandığını və qalıq borcun həqiqətdə bu məbləğdə olmasını hansı hesablamanın nəticəsində gəldiyini qeyd etməmişdir. Borc kimi qeyd edilmiş məbləğin yaranma səbəbi aylıq aliment öhdəliyinin ödənilməsi prosesindən yaranmışdır. Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-334/2024 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdən aylıq 660 manat aliment məbləğinin tutulması barədə qərar qəbul edilmişdir. Həmin tarixdən inzibati protokol tərtib edildiyi xx.xx.2025-ci ilədək keçən müddət 26 ay və ödənilməli aliment haqqı isə ümumilkdə 17.160 manat etmişdir. Bu müddətdə hər ay imkan daxilində aliment öhdəliyi icra edilmişdir. Elə bir ay olmamışdır ki, aliment öhdəliyi icra edilməsin. Əlbəttə elə ay olub ki, artıq ödənilib, elə ay olub ki, kəsirlə icra edilib. Belə ki, hazırda borclu Şəxs istifadəsində olan mobil telefonun yaddaşında qalan ödəniş qəbzlərinə əsasən tələbkar Сəfərova Gülnarə Mahir qızına məxsus bank kartlarına (5239-1517-5868-6524 və son dörd rəqəmi 0373 olan digər bank kartlarına) ümumilikdə 7805 manat pul göndərilmişdir. Qeyd edilən kartlardan əlavə tələbkara aid qeyd edilən bu kartlara edilmiş ödənişlər barədə qəbzlər hazırkı vaxta üzrlü səbəblərdən təqdim edilə bilməmiş və icra məmuru bu faktları araşdırmamışdır. (4169- 7385-0547-3235 Kapital, 5411-2498-0172-3250 Leo, 5213-6751-2309-6480 ATB) Ödənişlər adətən ödəniş terminalları və yaxud bank kartı ilə ödənilmişdir. Eyni zamanda keçmiş həyat yoldaşı Сəfərova Gülnarə Mahir qızı ilə əldə edilmiş razılığa əsasən onun və 3 uşağının qaldığı mənzilin kirayə pulu aliment öhdəliyi əvəzinə ödənilmişdir. Həmin mənzilin kirayə haqqı hər ay ev sahibinin kart hesabına köçürülmüşdür ki, bu məbləğləri nə tələbkar nə də ki, icra məmuru bilərəkdən nəzərə almamışlar. Belə ki, hazırda da 3 uşaqla birgə tələbkarın kirayə qaldığı Nərimanov rayonu, Atatürk prospekti 35, mənzil 139un sahibi X5 və onun bacısı Kəmaləyə məxsus olan ***-***-**-** mobil nömrə üzərindən “M10” proqramı vasitəsi ilə (son dörd rəqəmləri 3751 və yaxud 3118 ilə bitən) bank kartlarına ümumilkdə 8852 manat pul vəsaiti köçürülmüşdür. (ödəmə qəbzləri əlavə edilir.) Göründüyü kimi xx.xx.2023-cü il tarixdən inzibati protokol tərtib edildiyi xx.xx.2025-ci il tarixədək keçən 26 ay üçün aylıq 660 manat aliment pulu kimi hesablanmış 17.160 manat vəsaitdən 16.657 manat (7805 aliment kimi birbaşa tələbkar Сəfərova Gülnarə Mahir qızına məxsus bank kartlarına, 8852 manat isə kirayə haqqı kimi hər ay ev sahibinin kart hesabına köçürülmüşdür) aliment öhdəliyi icra edilmişdir. Göründüyü kimi icra məmuru adi riyazi hesablama aparmadan bilərəkdən heç bir əsaslı dəlil olmadan borclu barəsində inzibati protokol tərtib edərək şəxs barəsində qərar qəbul edilməsi üçün işi məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərdən başqa icra məmuru xx.xx.2025-ci il tarixdə borclunun hazırda işlədiyi “X15” MMC-yə aylıq əmək haqqından hər ay 70% miqdarında tutulmaların həyata keçirilməsi barədə müraciət etdiyini unutmuşdur. Belə ki, borclu hər ay əmək haqqından müəyyən miqdarda vəsait tutulduğunu bildirməsinə baxmayaraq, icra məmuru bu faktı da araşdırmamışdır. Göründüyü kimi icra məmuru qərəzli olaraq vətəndaş barəsində heç bir araşdırma aparmadan yekunda qanunsuz və əsassız inzibati protokol tərtib etmişdir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Belə ki icra məmuru faktıki halları düzgün qiymətləndirmiş olsaydı iş üzrə borclu şəxsin əmək haqqından tutulmalarla bağlı iş yerinə müvafiq sorğu verməklə tutulmanın həyata keçirilib-keçirilməməsini araşdırmalı, eyni zamanda borclu şəxsin təqdim etdiyi bank kartları və ödəniş terminalları vasitəsi ilə aparılmış ödənişləri nəzərə almalı idi. AR Ailə Məcəlləsinin 102-ci maddəsinə əsasən, şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur. İnzibati protokoldan başqa işə qeyd edilən xətanı özündə əks etdirən heç bir sübut əlavə edilməmişdir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi inzibati protokol tərtib edən icra məmuru iş materiallarını araşdırmadan subyektiv mövqeyinə əsaslanaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi İXM 528.1-ci maddəsinin tələbləri, yəni icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi kimi bir hala rast gəlinmədiyi halda icra məmuru tərəfindən əsassız olaraq inzibati protokol tərtib edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarından göründüyü kimi icra məmuru tərəfindən protokol tərtib edilərkən həmin pozuntunun borclu şəxs tərəfindən törədilib-törədilməməsi barədə fakt tam araşdırılmamışdır. Qeyd edilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və icra məmuru barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkilinin dedikləri təsdiq edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 2(006)-334/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X1 X4 xeyrinə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-334/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsi tərəfindən “X15” MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, borclu Şəxs əmək haqqından və digər gəlirlərindən aliment borcu ödənilənədək hər ay 70% miqdarında, yaranmış borc ödənildikdən sonra isə hər ay 660 manat miqdarında tutularaq tələbkar X4 hesabına köçürülməsinin təmin edilməsi və tutmalar barədə ödəniş tapşırığının hər ay Nəsimi rayon İcra şöbəsinə göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan “X15” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, MMC-də bölmə rəhbəri vəzifəsində çalışan işçi Şəxs əmək haqqından aliment ödənilməsi barədə Nəsimi rayon İcra və Probasiya şöbəsindən “X15” MMC-yə heç bir icra sənədi göndərilməmişdir. İş materiallarında olan X5 tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzili 2022-ci ilin fevral tarixindən etibarən 650 manata kirayə vermişdir. Mənzilin aylıq kirayə xərci 650 manat təşkil edir. Həmin kirayə xərcini kirayə verdiyi gündən indiyədək hər ay Şəxs ödəmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə qədər olan dövrdə ****1440 nömrəli və ****2739 nömrəli kart hesablarından “Gülnarə C. adına olan **6524 nömrəli kart hesabına və **2346 nömrəli kart hesabından "xxxx" ASC-yə aid **0373 nömrəli kart hesabına hər ay müntəzəm olaraq müxtəlif məbləğlərdə pul köçürülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, borclu tərəfindən hər ya müəyyən ödənişlər olunmuş, həmçinin borcun əmək haqqına yönəldilməsi ilə icra məmuru tərəfindən bağlı borclunun iş yerinə müraciət olunmuşdur. Beləliklə, Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar