Məhkəmə qərarları › İş №3(006)-723/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-723/2020

12.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-723/2020 12.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Nərimanov RPİ-nin Dövlət Yol Polis Şöbəsinin 02 aprel 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarından x1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: x1 şikayətlə məhkəməyə müraciət edərək Nərimanov RPİ-nin Dövlət Yol Polis Şöbəsinin 02 aprel 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 02.04.2020 ci il tarixdə YPX əmkdaşları şəxsi nəqliyyat vasitəsini idarə edərkən saxla əmri verildiyindən tərəfindən avtomabilini yolun sağına çəkərək saxlamışdır. YPX əməkdaşı hərəkət səbəbini soruşduqda bildirmişdir ki, zəruri hal olduğundan yaşadığı yeri tərk etmişdir. Belə ki, bacısını işdən götürüb evə getməyini bildirmiş və bacısının işə cəlb edilməsinə dair arayış olduğunu və həmin arayışı da ekipaj üzvlərinə təqdim etməyinə baxmayaraq, barəsində İXM-nin 211-ci maddəsi ilə protokol tərtib edilmişdir. Ona bildirilmişdir ki, bu arayış ona verilməmişdir. O, isə cavabında bacısı olduğunu və işdən götürüb evə aparması ilə karantın qaydaları tərəfindən pozulmamışdır. Eyni zamanda, ictimai nəqliyyatdan istifadə etməyin şəxsi avtomabillərlə zərurət yarananda istifadə etməkdən daha təhlükəli olduğunu bildirmişdir. Lakin polis əməkdaşları bu əsaslara məhəl qoymadan protokol tərtib etmişdir. Polis əməkdaşlarının bələ hallardan sui-istifadə etməsi məntiqli olmadan qanunsuz protokollar tərtib etməsi ictimaiyyətdə polis orqanlarına qarşı aqressiyanın yaranmasına səbəb olmuşdur. Təkidlə bildirir ki, barəsində tərtib olunmuş protokol tam qanunsuz və əsassızdır, ona görədə ləğv edilməldir. Hesab edir ki, YPX əməkdaşlarının əsassız olaraq tərtib etdikləri bu kimi qərarlar Dövlət siyasətinə tam olaraq ziddir. Belə ki, dövlətin pandemiyanin qarşısının alınmasına dair gördükləri tədbirləri kölgə altına alır. Şəxsi avtomabillə hərəkət ictimai nəqiliyyat vasitəsi ilə hərəkətdən dəfələrlə təhlükəsizdir və virusun yayılması riski ictimai nəqliyyatla hərəkətdə daha yüksəkdir. Bu halların hamısını YPX əməkdaşlarına bildirməsinə baxmayaraq, məhəl qoymadan protokol tərtib edilmiş və bu da bir vətəndaş olaraq onda ikili fikir formalaşdırır. Belə ki, YPX əməkdaşları karantın qaydalarının pozulmasının hansı hallarda olmasını dərk edəcək dərəcədə savada malik deyillər ya da, dövlət siyasətinə məqsədli şəkildə qarşı gələrək Covid-19 virusunun daha da genişlənməsini istəyirlər. Çünki normal məntiqə sahib şəxs belə bir qərar qəbul etməməlidir. Sözügedən 02.04.2020-ci il tarixdə qərarsız olan protokoldan “AsanPaY” internet portalındakı şəxsi kabineti vasitəsi ilə şikayət ünvanlamağına baxmayaraq, heç bir araşdırma aparılmadan və onun iştirakını təmin etmədən 10.04.2020-ci il tarixdə qərarsız protokol qərarlı olaraq sistemə yüklənilmişdir. Bundan başqa 102 çağrı mərkəzi ilə əlaqə saxlayıb şikayətini bildirmiş və bu şikayəti ilə də bağlı hər hansı məlumat ona verilməmişdir. Onu da qeyd edir ki, hərəkətin məhdudiyyəti ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı 05.04.2020-ci il tarixdən saat 00:00 etibarən qüvvəyə minmişdir. Göründüyü kimi 02.04.2020-ci il tarixdə inzibati protokolun tərtib edilməsi qanun pozuntusudur. Həmçinin DYP-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə görə cərimə etmək səlahiyyəti 13 aprel 2020-il il tarixə kimi olmamışdır. 13.04.2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərmanla DYP-yə bu səlahiyyət verilmişdir. Göstərilənləri nəzərə alaraq, qanunsuz olaraq İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarınləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nə və şikaytçiyə lazımi qaydada məlumat verilsə də, Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Nərimanov Rayon Polis İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən 02.04.2020-ci il tarixli, İXP ******* saylı xəta haqqında protokol əsasında qəbul edilmiş qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən 02.04.2020-ci il tarixli, İXP ******* saylı xəta haqqında protokol əsasında qəbul edilmiş qərar ləğv edilsin və iş baxılması üçün həmin orqana göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar