Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7277/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 13; VÖEN: **********) barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1899/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Zərərçəkmiş şəxs ilə yeni abonent müqaviləsinin bağlanması və həmin mənzilə dair abonent kodunun Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmuşdur. Qeyd olunan icra sənədi üzrə müvafiq qərarla xx.xx.2025-ci il tarixdə icraata başlanılmış, icraata başlamaq haqında qərar və bildiriş borcluya göndərilmişdir. İcra sənədi üzrə tələb müəyyən edilmiş müddətdə könüllü icra olunmadığından borclunun ünvanına xx.xx.2025ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Tələbkar xx.xx.2025-ci il tarixli məktubla şöbəyə müraciət edərək tələbin tam təmin edilməsi üçün borclu barəsində tədbirlər görülməsini xahiş etmişdir. Borclu xəbərdarlıqlara baxmayaraq icra sənədini icra etməkdən boyun qaçırmışdır. Bununla da, "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1899/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən borclu "xxxx" ASC tərəfindən onunla yeni abonent müqaviləsi bağlanmalı və ona abonent kodu verilməlidir. Lakin borclu icra sənədini icra etmir. Göstərilənləri nəzərə alaraq borclu "xxxx" ASC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurum və barəsində inzibati icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun və barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1899/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Zərərçəkmiş şəxs ilə yeni abonent müqaviləsinin bağlanması və həmin mənzilə dair abonent kodunun Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsi öhdəliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və xx.xx.2025-ci il tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e-2(010)-1899/2025 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki "xxxx" ASC icra sənədi üzrə tələbin icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, tələbkarın izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-1899/2025 saylı icra sənədinin icrasını təmin etməmişdir. Göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə qərarında göstərildiyi qaydada üzərinə düşən öhdəliyi icra etməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına hüquqi şəxsin səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" ASC-nin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-7277/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7277/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver