Məhkəmə qərarları › İş №3(006)-729/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-729/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-729/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY252269284 nömrəli çıxarışına və Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-28/2025 nömrəli qərarına əsasən 16 yanvar 2025-ci il tarixdə, saat 13:15-də ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız tibbi fəaliyyət ilə məşğul olması faktı (kardioloq X13) aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X11 bildirmişdir ki, 16 yanvar 2025-ci il tarixdə, saat 13:15-də ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı kardioloq X1 tibbi fəaliyyət ilə məşğul olması aşkar edilmişdir. Aşkar olunmuş fakt üzrə Səhiyyə Nazirliyi tərəfindən İXM-nin 215.4-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublıkasının Qanunun 49-1-ci maddəsinin müfaviq bəndində qeyd olunmuşdur ki, ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Belə olan halda X13 təhsil aldığı ali təhsil müəssisəsindən diplom aldığı gündən 5 il keçmiş, sonuncu tibbi fəaliyyət ilə məşğul olmaq üçün sertifikasiyadan keçməmiş və sertifikatsız tibbi fəaliyyət ilə məşğul olmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X8 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, kardioloq X3 Cumhuriyyətində ali tibb təhsili almış, daha sonra isə Azərbaycan Respublıkasına qayıdaraq 2022-ci ildə diplomunu Azərbaycan Respublıkası Elm və Təhsil Nazirliyində təsdiqlətmişdir. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublıkasının Qanunun 46 və 49-cu maddələrinin tələblərinə uyğun olaraq kardioloq X10 diplomu Azərbaycan Respublikasında tanındığı gündən 5 il müddətində sertifikatsız tibbi fəaliyyət ilə məşğul ola bilər və həmin müddət bitməmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-28/2025 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl tibb təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2025-xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli, KY252269284 saylı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi əsasında ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli T-013 saylı özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, plandankənar yoxlama xx.xx.2025-ci il tarixdə, saat 13:30-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilmişdir; kardioloq X1 tibbi fəaliyyət ilə məşğul olması aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli X5 ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X13 Şəxs MMC-də həkim kardioloq vəzifəsində işləyir. X14 Universiteti tərəfindən verilmiş 11427 saylı diplomdan görünür ki, X13 xx.xx.2005-ci ildə Yüksək Lisans dərəcəsini almışdır. X9 Bakanlığı tərəfindən verilmiş uzmanlıq belgesindən görünür ki, Elnur Əlizadə xx.xx.2011-ci ildə kardiyoloji sahəsində uzmanlıq ünvanını qazanmışdır. X2 Kurul Başkanlığı tərəfindən verilmiş doçentlik belgesindən görünür ki, Elnur Əlizadə xx.xx.2011-ci ildə kardiyoloji sahəsində Doçent ünvanını qazanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 16 yanvar 2025-ci il tarixdə, saat 13:15-də ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı kardioloq X1 tibbi fəaliyyət ilə məşğul olması aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddələrin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar