Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7292/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC-nin barəsində (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə, ev 22A, mənzil 15; VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 469-1 və 539.3-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 469-1 və 539.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs MMC-nin işçisi X1 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilmədiyi və tərəflərindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə uyğun Cəmiyyətə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-92307/2025 nömrəli məktubda qeyd olunan sənədlərin DƏMX-nin BŞİ-nə təqdim edilməsi tələb olunduğu halda 7 iş günü ərzində təqdim edilmədiyi məlum olmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 469-1 və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X10 izahatında Şəxs MMC-nin İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə protokolun müdafiəsindən imtina etdiklərini və MMC-nin İXM-nin 469-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X8 izahatında X1 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunduğunu və bədbəxt hadisənin iş vaxtı olmadığını bildirərək Şəxs MMC barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X5 Şəxs MMC tərəfindən sürücü vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixində saat 17:46 radələrində istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılması zamanı X2 ünvanlanmış suallara verilən cavablardan görünür ki, hadisə Bayıl ərazisində X3rşısında iş yerində, iş vaxtı baş vermiş, əmək funksiyası ilə bağlı heç bir əlaqəsi olmamış, dəqiq küçə və ərazini bilmir, hadisə öz ehtiyatsızlığı səbəbindən baş vermiş, “Vito” markalı maşından əşya götürmək istəyən zaman başı maşının üst hissəsinə dəymiş, kənar təsir olmamış, xəsarət almış, TTY çağırılmış, işi ilə bağlı olmadığını, işdən sonra olduğunu bildirmiş, xəstəlik vərəqəsi açılmamış, iş günü itirmə halı olmamışdır. Semaşko xəstəxanasına getdiyini bildirmişdir. Hadisə təxminən saat 6-ya qalmış baş vermiş, iş saatı 09:00-18:00 olmuşdur. Hadisə baş verdiyi vaxt iş saatına təsadüf etsə də, o, öz şəxsi işi ilə bağlı Bayıl ərazisinə getmiş, başı dəyən avtomobil müəssisə tərəfindən verilən avtomobil olmuşdur. Onun işi maşın avadanlıqlarının paylanılmasını həyata keçirməkdən ibarətdir, iş yeri ərazisi dəqiq deyil, Bakı və Xırdalan ərazisi üzrə maşın avadanlıqlarının paylanmasını həyata keçirir. Akkumulyatoru götürdüyünü, əşyanı götürməsi ilə bağlı kimdənsə tapşırıq almadığını, öz şəxsi işi ilə əlaqədar olduğunu və əmək funksiyası ilə əlaqədar olmadığını bildirmişdir. Akkumulyator müəssisəyə məxsus olmamış, akkumulyatoru öz işi üçün götürmüş, işdən sonra əlavə gəlir əldə etmək üçün detal satışı etdiyini, X14 tərəfindən təqdim edilən məlumatın doğru olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və proses işirakçılarını dinləyərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməli, onun İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə protokolun müdafiəsindən imtina edildiyindən inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 469-1-ci maddəsində əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, 999-İİİQ nömrəli Qanununun: 3.1 və 3.1.1-ci maddələrinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. 21.2-ci maddəsinə əsasən sığortalılar tərəfindən bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 23-cü maddəsinə əsasən bu Qanunun pozulmasına görə sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş hüquqi şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nın inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməli, onun İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-7292/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7292/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver