Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7324/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, protokolu tərtib edən şəxs Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X1 iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsinə dair 25 noyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 24 noyabr 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində ictimai asayişi pozmuş və eyni zamanda polisin qanuni tələblərinə məhəl qoymamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2 izahatında göstərdi ki, 24 noyabr 2025-ci il tarixdə Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində xidməti vəzifələrini yerinə yetirərkən bir nəfər şəxsin uca səslə aqressiv formada mobil telefonla danışmağını görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən ictimai asayişi pozmamasını tələb etmişlər. Lakin şəxsiyyəti sonradan onalara məlum olan Şəxs heç bir əhəmiyyət vermədən aqressiv formada və uca səslə mobil telefonda danışığını davam etdirmişdir. Bundan sonra həmin şəxsdən idarəyə getməsini tələb etdikdə Şəxs öz əməllərini davam etdirdiyindən digər əməliyyat müvəkkili ilə birlikdə sonuncunu polis idarəsinə aparmağa nail olmuşlar. Polis idarəsində Şəxs şəxsiyyəti müəyyən edildikdən sonra İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Halhazırda protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 24 noyabr 2025-ci il tarixdə Nəsimi rayonu S.Süleyman Rüstəm küçəsində olarkən şəxsi problemlərinə görə tanığdı şəxslə mobil telefonda danışarkən uca səslə danışmışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını tələb etdikdə əsəbi olduğundan uca səslə danışmağa davam etmişdir. Həmin polis əməkdaşları ona bir-iki dəfə xəbərdarlıq etmiş, o da müqavimət göstərmişdir. Daha sonra həmin polis əməkdaşları onu polis idarəsinə aparmışlar və orada izahatı alınmışdır. İzahatının sonunda əməlindən səmimi peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X4 da X1 izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi özü tərəfindən inkar edilsə də, toplanmış sübutlarla öz təsdiqini tapmışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Çünki “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasına yol verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq ona 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 24 noyabr 2025-ci il tarixdən, saat 22:00dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə və Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-7324/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7324/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver