Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-739/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Barəsində icraat aparılan şəxs: “xxxx” MMC-nin qanuni təmsilçisi Mustafa Yozgatın iştirakları ilə “xxxx” MMC (hüquqi ünvanı: ünvan 1 m.13B, qanuni təmsilçisi: Mustafa Yozgat, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə “xxxx” MMC tərəfindən X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin qanuni təmsilçisi Mustafa Yozgat izahatında göstərdi ki, onun rəhbərlik etdiyi şirkət Bakı şəhəri, Xətai rayonunda yerləşən “Ağ Şəhər” adlı ərazidə “xxxx” MMC-nin sifarişi əsasında həyata keçirilən “X7” layihəsində iştirak edir. Həmin layihədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə digər şirkətlər də cəlb olunub. “xxxx” MMC işə cəlb etdiyi bütün işçilərlə əmək müqaviləsi bağlayır və bu müqavilələr yalnız hüquqi qüvvəyə mindikdən sonra onlar işə başlayır. Bütün işçilərə ödənişlər də qanunamüvafiq qaydada həyata keçirilir. “xxxx” MMCdə X5 adlı işçi çalışmamış, şirkət onunla hər-hansı əmək münasibətlərində olmamışdır. Bu şəxsin şahid kimi göstərdiyi və izahatları alınan şəxslərin də “xxxx” MMC-yə heç bir aidiyyəti yoxdur. Ola bilsin ki, bu şəxs qeyd olunan ərazidə “xxxx” MMC ilə birgə podrat işlərini yerinə yetirən digər şirkətdə işləmiş və onun narazılığı da həmin müəssisədən olmuşdur. Lakin hansı səbəbdən bu şəxsin “xxxx” MMC barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət etməsi anlaşılan deyil. Bu barədə o, rəsmi qaydada Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat versə də, şirkətdən başqa hər-hansı bir sübut tələb olunmamış, icraat haqqında cəmiyyətə məlumat verilməmiş, qurumun nümayəndəsinin iştirakı təmin edilməmiş, bununla da məsələyə dair MMC münasibəti öyrənilməmişdir. Şirkət qanuni maraqlarının müdafiəsi üçün öz dəlillərini təqdim etmək hüququndan məhrum olunmuş, qanunla nəzərdə tutulmuş hüquqlarını həyata keçirə bilməmişdir. Göstərilənlər nəzərə alınmaqla “xxxx” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi üzrə başlanılmış icraata xitam verilməsini xahiş edir. Təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma qanunla müəyyən edilmiş qaydada məlumatın verilməsinə baxmayaraq, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - X5 tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2021-ci il tarixdə verilmiş izahatda qeyd olunur ki, o, “Paşa İnşaat” şirkətinin “Knightsbridge” layihəsində (“Ağ Şəhər”də yerləşir) mərmər düzümü işlərini görən “xxxx” MMC-də “əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis kimi işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixədək 02 ay müddətində bu şirkətdə çalışsa da, söz verilməsinə baxmayaraq ona məxsus əmək kitabçasında heç bir qeyd aparılmamış, əmək haqqı kimi cəmi 500 manat pul verilmişdir; - “xxxx” MMC-nin direktoru Mustafa Yozgat tərəfindən xx.xx.2021-ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış müraciətdə göstərilir ki, X5 işçi olmamış, müəssisə ilə heç bir əlaqəsi yoxdur; - X1 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2021-ci il tarixdə verdiyi izahatında qeyd olunur ki, o, “X7” layihəsində çalışıb, X5 iş yoldaşı olub, 01.07-xx.xx.2020-ci il tarixlərində “xxxx” MMC-də “əməyin mühafizəsi üzrəmühəndis vəzifəsində çalışıb. Həmin layihə onlarla eyni binada yerləşir; - X2 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2021-ci il tarixdə verdiyi izahatında qeyd olunur ki, o, xx.xx.2020-ci il tarixdən “xxxx” MMC-də “timekeeper” vəzifəsində işləyir. X5 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin şirkətdə “əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrəmühəndis vəzifəsində işləmişdir; - 16402 saylı “Temporary İD Card”ın surətindən görünür ki, Əlizadə Rəşad xx.xx.2020-ci il tarixdən “X7” layihəsi üzrə “North West” şirkətində “Timekeeper” vəzifəsində işləyir; - “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qurum tərəfindən törədilmiş inzibati xətanın Turan Rzayevin şahid izahatları ilə təsdiq olunduğu göstərilmiş, iştirak etmədiyi üçün protokolu Mustafa Yozgat tərəfindən imzalamadığı qeyd olunmuşdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələbləri pozulmaqla aparılmış, bütün faktiki halların tam və hərtərəfli qaydada öyrənilməsi üçün lazımi təbdirlər görülməmişdir. Belə ki, X4 izahatları və onun təqdim etdiyi şahidlərdən başqa iş üzrə heç bir əlavə sübut toplanılmamış, bu şəxslərin həqiqətən də “xxxx” MMC-də işləyib-işləməsi real olaraq dəqiqləşdirilməmiş, xüsusilə şahid R.Əlizadənin “North West” şirkətində işlədiyi halda, onun “xxxx” MMC ilə hansı bağlılığının olması aydınlaşdırılmamış, “xxxx” MMC-də rəsmi qaydada işləyən şəxslərin dairəsi müəyyən olunub onların izahatları alınmamış, iş üzrə digər zəruri və mötəbər məlumatlar əldə olunmamışdır. Bununla da hüquqi şəxsin təqsirini şübhə altına almayacaq təkzibedilməz dəlillər toplanılmamışdır. Qeyd olunan prosessual hərəkətlər həyata keçirilmədən və mühüm əhəmiyyət kəsb edə biləcək bütün hallar araşdırılmadan inzibati xətanın tərkibinin mövcudluğunu müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, “xxxx” MMC-nin hərəkətində inzibati xəta tərkibinin olması mötəbər və təkzibedilməz dəlillərlə öz təsdiqini tapmadığından qurum barəsində başlanılmız iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-739/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-739/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver