Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-74/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 75; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daxili nəzarət proqramını tam tətbiq etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********177608 nömrəli qərarına əsasən “X11 Consultants, İNC” şirkətinin Azərbaycan Respublikasındakı filialında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə növbəti səyyar yoxlama aparılmışdır. Yoxlama ilə müəyyən olunmuşdur ki, Qanunun tətbiqi ilə əlaqədar müəssisəyə xx.xx.2022-ci il tarixli, **********971100 nömrəli və xx.xx.2023-cü il tarixli, **********460900 nömrəli sorğular göndərilmişdir. Sorğuda həmin Qanuna görə öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində rəhbərlik səviyyəsində məsul şəxsin, belə şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil olunması bildirilmiş və bununla bağlı Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2023-cü il tarixli, 21-28/3-6-6/2023 nömrəli qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in 3.2.1-ci yarımbəndinə əsasən öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs, məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın üç iş günü ərzində Maliyyə Monitorinqi Xidmətinə verilməsi qaydası əlavə olunmuşdur. Eyni zamanda, “X11 Consultants, İNC” şirkətinin Azərbaycan Respublikasındakı filialında məsul şəxsin təyin edilməsinə dair əmrin bir surətinin Maliyyə Monitorinqi Xidmətinə təqdim olunub-olunmaması barədə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə xx.xx.2023-cü il tarixli, **********219400 nömrəli məktubla müraciət edilmiş və Xidmət tərəfindən verilmiş cavabda qeyd edilənlərlə bağlı qeydiyyatın olmadığı bildirilmişdir. Beləliklə, “X11 Consultants, İNC” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməməsi, həmçinin öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxsin təyin edilməsi və bu barədə məlumatın üç iş günü ərzində Maliyyə Monitorinqi Xidmətinə verilməməsi, həmçinin məsul şəxsin təyin edilməsi barədə əmrin surətinin tələb olunan müddətdə Maliyyə Monitorinq Xidmətinə təqdim edilməməsi aşkar olunmuşdur. Buna görə də Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yalnız bundan sonra xx.xx.2023-cü il tarixdə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Maliyyə Monitorinqi Xidmətinə müvafiq məlumat təqdim olunmuşdur. Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində icraat aparılan hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi məhkəməyə gəlməmişdir. Eyni zamanda, filialın direktoru tərəfindən məhkəməyə müraciət ünvanlanaraq qurumu təmsil olunmasına dair etibarnamə leqallaşdırılmadığından, nümayəndənin məhkəmədə iştirakı mümkün olmadığı göstərilmişdir. Məhkəmə işə barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********177608 saylı qərara görə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filial üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədilə 2020-ci ilin oktyabr – 2023-cü ilin sentyabr aylarının vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir; - “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********321800 saylı bildirişə əsasən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.2023-cü il tarixdən 30 iş günü müddətində növbəti yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur; - “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********592100 saylı Tələbnaməyə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vergi dövrü əhatə edən aşağıdakı zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur: “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti; müştərinin və benefısiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafıq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin, şəxsiyyət vəsiqəsi, pasportun, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən digər sənədlərin surəti), müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri); məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar (arayış, izahat və s.); Qanunun 11.2-ci və 11.3-cü maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinq orqanına təqdim olunmasına dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri; Qanunun 10-cu maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət proqramı çərçivəsinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri; nəzarət orqanı tərəfindən öhdəlik daşıyan şəxsə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri; öhdəlik daşıyan şəxs tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlər; - Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2023-cü il tarixli 01/23 saylı əmrinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə mübarizə sahəsində fəaliyyət üzrə işçilərə mütəmadi təlimlər keçməyə məsul şəxs kimi filialın direktoru X5 təyin edilmişdir; - Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Maliyyə Monitorinqi Xidmətinə ünvanlanmış məktubda (məktubun tarixi və nömrəsi mövcud deyil) “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”inə uyğun olaraq məsul şəxsin təyin edilməsi barədə əmrin surətinin göndərilməsi qeyd olunur; - “AzeriExpress” poçt xidmətinin A467215 saylı qəbzinə əsasən bu məktub Maliyyə Monitorinqi Xidmətinə xx.xx.2023-cü il tarixdə göndərilmişdir; - Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru X3 məhkəməyə ünvanladığı izahatına əsasən filial fəaliyyət göstərdiyi müddət ərzində yüksək riskli zonalarda fəaliyyət göstərməmiş və hal-hazırda da fəaliyyət göstərmir. Həmçinin filial yüksək riskli zonalardan olan və ya yüksək riskli müştərilərlə və yüksək riskli təsisçisi olan şirkətlərlə əməkdaşlıq etməmiş və hal-hazırda da etmir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən tələb edilən sənədlər və məlumatlar müvafiq tələbmanələrdə göstərilmiş müddət ərzində qanunvericilikdə nəzərdə tutulan formada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşına təqdim edilmişdir. Bununla yanaşı, Qanunun tələblərinə əsasən filialın “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Təlimat”, həmçinin təlimata olan Əlavələr (daxili nəzarət proqramı və müstəqil audit mexanizmi, məsul şəxs tərəfindən əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə nəzarət, işəgötürmə prosesi və işçilərə təlimlərin keçirilməsi, müştəri uyğunluğu tədbirləri, məlumat və sənədlərin Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi qaydası, hədəfli maliyyə sanksiyalarının tətbiqi qaydası) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşına təqdim edilmişdir. Eyni zamanda Şəxs şirkətinin və filalın daxili əmrlərinə əsasən məsul şəxs təyin edilmiş və məsul şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində təlimlərin keçirilməsi təmin edilmişdir. Həmçinin məsul şəxsin təyin edilməsi barədə məlumat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müəyyən edilmiş müddət ərzində göndərilmişdir. Filial yuxarıda qeyd edilən Təlimata və Təlimata olan Əlavələrə ciddi qaydada riayət etməklə, Qanunun 4-cü maddəsinə uyğun olaraq müştəri uyğunluğu tətbirlərini mütləq qaydada həyata keçirir. Həmçinin filial siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə heç bir əməliyyat aparmır, əməkdaşlıq etmir və belə şəxslər filialın müştərilərinin siyahısında mövcud deyil. Həmçinin Qanunun tələblərini nəzərə alaraq, filial fəaliyyət göstərdiyi müddət ərzində yüksək riskli zonalarda fəaliyyət göstərmədiyindən və yüksək riskli zonalardan olan və ya yüksək riskli müştərilərlə və yüksək riskli təsisçisi olan şirkətlərlə, eləcə də, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə heç bir əməliyyat aparmadığından və əməkdaşlıq etmədiyindən, müştəri uyğunluğu tətbirlərini uğurla tətbiq etdiyindən, bugünə kimi Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə yüksək riskli müştərilər və yüksək riskli təsisçisi olan şirkətlər barədə məlumat verməmişdir. Qanunun tələblərinə əsasən məsul şəxsin təyin edilməsi barədə əmr Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə göndərilmişdir. Təqdim edilən sübutlar və məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən lazımı qaydada qiymətləndirilməmiş və nəzərə alınmamış, nəticədə hüquqi şəxslərə şamil ouna bilən 8.000 manat məbləğində cərimə edilməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsinə əsasən filialın direktoruna vəzifəli şəxs qismində tətbiq edilə bilən cərimə 800 manatdan 1.500 manatadək məbləğdə müəyyən edilmişdir. Beləliklə, sözügedən aktda təklif olunan cərimənin həddi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq filiala qarsı tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1-ci maddəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata; maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə; maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə; maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla); maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata; maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə, həmin Məcəllənin 598.7-ci maddəsi isə bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə məsuliyyət müəyyən edir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa görə: - öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri (1.1.7-ci maddə); - qeyri-maliyyə institutları və peşə sahibləri – rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri (1.1.9-cu maddə); - Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi, rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi, işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi, işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi, mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi tədbirləri görməlidirlər (10.1-ci maddə). Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2023-cü il tarixli, 3- 21-28/3-6-6/2023 nömrəli qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”ə (X9 Reyestrində xx.xx.2023-cü il tarixdə **********0366 qeydiyyata alınmışdır) əsasən: - Öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində Maliyyə Monitorinqi Xidmətinə və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir (3.2.1-ci bənd); - Daxili nəzarət proqramında məsul şəxs olmadıqda onu əvəz edən şəxsin hər bir halda 6 (altı) aydan çox olmamaq şərtilə yalnız məsul şəxs məzuniyyətdə olduğu, vəzifə funksiyalarını icra etmədiyi və ya icra edə bilmədəyi müddətdə təyin edilməsi nəzərdə tutulmalıdır (3.2.2-ci bənd); - Məsul şəxsin vəzifələri aşağıdakılardır: öhdəlik daşıyan şəxsin fəaliyyət istiqamətinə uyğun olaraq işçilər tərəfindən Qanunun, habelə daxili qayda, prosedur və nəzarət mexanizmlərinin tələblərinə əməl edilməsinə nəzarət etmək; öhdəlik daşıyan şəxs tərəfindən həyata keçirilən əməliyyatların (əqdlərin) gündəlik monitorinqini aparmaq, davamlı müştəri uyğunluğu tədbirlərini tətbiq etmək və cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatların hazırlanaraq Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş müddətlərə uyğun olaraq MMX-ya təqdim edilməsini təmin etmək; həyata keçirilmiş əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim olunması barədə MMX-nın sorğularının cavablandırılmasını təmin etmək; ƏL/TMM sahəsində fəaliyyət üzrə işçilərə mütəmadi təlimlərin keçirilməsini təşkil etmək; əməliyyatın (əqdin) həyata keçirilməsinin dayandırılması ilə əlaqədar əmələ gələ biləcək problemlərin həlli istiqamətində tədbirlər görmək; ən azı hər 6 (altı) ayda bir dəfə rəhbərliyə yüksək riskli əməliyyatlar (əqdlər), öhdəlik daşıyan şəxsin ƏL/TM risklərinə məruz qala bilinəcək potensial riskləri, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklilik meyarları üzrə dəyərləndirilməsinə dair nəticələri və MMX-ya təqdim edilmiş hesabatlar barədə məlumat vermək; ƏL/TMM sahəsində işçilərin yol verdikləri qanun pozuntuları barəsində öhdəlik daşıyan şəxsin rəhbərliyini məlumatlandırmaq; ƏL/TMM sahəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək (3.2.3-cü bənd); - Öhdəlik daşıyan şəxsin ümumi komplayens funksiyalarını yerinə yetirən əməkdaş (olduğu təqdirdə) tərəfindən məsul şəxsin fəaliyyəti, eyni zamanda məsul şəxs işçilər tərəfindən daxili nəzarət proqramının tələblərinə əməl edilməsi və ƏL/TMM-nin ümumi vəziyyətinə dair, daxili qayda və prosedurlarla müəyyən edilmiş müddətdə və qaydada, lakin ildə 1 dəfədən az olmayaraq öhdəlik daşıyan şəxsin rəhbərliyinə yazılı hesabat təqdim edir (3.2.4-cü bənd). Göründüyü kimi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinə əsasən öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində Maliyyə Monitorinqi Xidmətinə və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Məhkəmədə tədqiq edilmiş dəlillərlə müəyyən edilir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daxili nəzarət proqramını tam tətbiq etməmiş, öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması təmin edilməmişdir. Yalnız qurum barəsində aparılmış yoxlamadan və onun nəticələri üzrə inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra məsul şəxs barədə əvvəlki tarixlə imzalanmış müvafiq əmrin surəti aidiyyəti üzrə göndərilmişdir. Bununla da, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirildiyindən, qurum həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda nümayəndəliklər və filialların hüquqi şəxs olmadığı üçün məsuliyyətə cəlb edilməsinin istisna olunmasına dair Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının direktorunun məhkəməyə ünvanladığı izahatında göstərdiyi xüsusatla bağlı məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın nəticələrinin aradan qaldırılmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə müvafiq olaraq məhkəmə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Qurumun məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 8.000 (səkkiz min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-74/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-74/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver