Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7414/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, zərərçəkmiş şəxs X4, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X3 iştirakları ilə, xx xxxx 1992-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Şamaxı şəhəri, X9 prospekti ev 31 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, yasamal rayonu ərazisində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 19 noyabr 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 70 ünvanında X2 məxsus “İphone 11” markalı mobil telefonunu gizli yolla oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X6 izahatında göstərmişdir ki, vətəndaş X1 DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə və Nəsimi RPİ-nin 19-cu PŞ-nə ünvanladığı müraciəti daxil olmuşdur. O, ərizəsində xx.xx.2025-ci il tarixdə saat 03:40-da Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 70 ünvanında olan zaman avtomobilinə sərnişin qismində əyləşmiş naməlum şəxsin ona məxsus “İphone 11” markalı mobil telefonu oğurladığını bildirmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmiş, X2 ziyan vurmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Şəxs polis şöbəsində əməlini etiraf etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, O, 2025-ci il 18 noyabr tarixində saat 23:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində adını bilmədiyi kafeyə getmişdir. Həmin kafedə bir qədər spirtli içki qəbul etdikdən sonra tanışı Ruslan adlı şəxsdən borc pul almaq üçün Abşeron rayonu, Xırdalan şəhərinə getmək məqsədilə özünə məxsus mobil telefon vasitəsilə “Bolt” taksi sifariş vermişdir. Təxminən 5 dəqiqə sonra sifariş etdiyi taksi gəlmiş və o, taksiyə əyləşərək yola düşmüşdür. Təxminən 20 dəqiqədən sonra Ruslanın yaşadığı ünvana çatmışlar. O, evə daxil olmuş və təxminən 15 dəqiqə sonra tanışları ilə birlikdə evdən çıxaraq yenidən taksiyə əyləşmişlər. O, sürücüdən onları “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən "Tatuni Dönər"in yanına aparmağı xahiş etmişdir. Göstərilən ünvana çatdıqda o, sürücüyə burada bir qədər gözləməsini, pul götürüb qayıtdıqdan sonra ödənişi edəcəyini bildirmiş və sürücü onunla razılaşmışdır. O, avtomobildən düşmək ərəfəsində sürücünün fikrinin dağınıq olduğunu görmüş və bu vaxt avtomobilin salonunda olan “İphone 11” markalı mobil telefonu götürərək maşından düşüb ərazidən uzaqlaşmışdır. Həmin mobil telefonu 2025-ci il 19 noyabr tarixində saat 14:00 radələrində o, “20 Yanvar” metrostansiyası ətrafında dayanan taksilərə yaxınlaşaraq 45 manat müqabilində satmışdır. Mobil telefonun satışından əldə etdiyi pulu isə şəxsi ehtiyaclarını qarşılamaq üçün xərcləmişdir. Sonradan telefonu satdığı şəxsi axtarsa da, tapa bilməmişdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu və himayəsində iki yaşında uşağının olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi izahatında göstərmişdir ki, o, hadisə vaxtı mobil tətbiqi vasitəsilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 01:36-da Bakı şəhəri, Nərimanov rayonu, “Montin” adlanan ərazidə yerləşən, adını bilmədiyi bir kafedən tanımadığı bir şəxsi “20 Yanvar” metrostansiyası yaxınlığında düşürtmək məqsədilə götürmüşdür. Yolda hərəkətdə olarkən həmin şəxs ona əlavə ödəniş etməklə Xırdalana qədər aparmağı təklif etmişdir. Taksi sürücüsü bununla razılaşaraq onu Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı bir ünvana aparmışdır. Həmin şəxs ona apardığı yerdə dostundan verdiyi borc pulu alacağını və geri dönüş üçün ona 40 manat ödəyəcəyini bildirmişdir. Həmin yerə çatdıqdan sonra sonradan şəxsiyyəti ona məlum olan Şəxs yaşıl rəngli dəmir qapıdan içəri daxil olmuş və təxminən yarım saatdan sonra həmin mənzildən üç nəfərlə birlikdə çıxmıışdır. Həmin üç nəfər onun avtomobilinə əyləşərək Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 70 ünvanına getməyi xahiş etmişlər. Qeyd olunan ünvana çatdıqdan sonra avtomobil blok girişinin yanında dayanmışdır. Həmin üç nəfər şəxs bloka daxil olmuş və ona mənzildən pul götürüb geri qayıdacaqlarını bildirmişlər. O həmin şəxsləri təxminən 40 dəqiqə gözlədikdən sonra avtomobilin salonunda ona məxsus, 350 manat dəyərində olan "İPHONE 11” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 26 noyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 noyabr 2025-ci il tarixdə, saat 18:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin baş təhqiqatçısı Vüsal Əliyevin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Məhkəmə, Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 27 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 26 noyabr 2025-ci il tarixdən, saat 18:10dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-7414/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7414/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver