Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-743/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus mağazada "xxxx" markalı paltaryuyan maşın 10 fevral 2021-ci il tarixdə uyğunluq sertifikatı olmadan satılmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi İ.M.İsmayılbəyli bildirmişdir ki, vətəndaşın şikayətinə baxılmış, aldığı mal isə dəyişdirilmişdir. Həmçinin “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli Qərarı 08 may 2021-ci il tarixdə ləğv edilmişdir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə tələbinə görə qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan malların sertifikatlaşdırılmamasına görə məsuliyyət nəzərdə tutulur, sertifikatlaşdırılmalı olan malların qanunvericilikdə dəqiq siyahısı göstərilmişdir, lakin MMC-nin satdığı paltaryuyanın sertifikatlaşması isə həmin siyahıda yoxdur. Bundan əlavə onu da qeyd edir ki, MMC barəsində inzibati xəta haqqında protokol 10 fevral 2021ci il tarixdə tərtib edilmiş, qanunvericiliklə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Göstərilənləri, MMC tərəfindən istehlakçının hüquqlarının pozulmamasını, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsini nəzərə alaraq Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və iş üzrə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 may 2021-ci il tarixli qərarından görünür ki, “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli Qərarı ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin məktubundan görünür ki, X2 tərəfindən Masallı şəhərində yerləşən MMC-nin filialından alınan "xxxx" markalı paltaryuyan maşın MMC tərəfindən 2021-ci ilin yanvar ayında lazımı keyfiyyətli yeni paltaryuyan ilə dəyişdirilmişdir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMCyə məxsus mağazada "xxxx" markalı paltaryuyan maşın 10 fevral 2021-ci il tarixdə uyğunluq sertifikatı olmadan satılmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən törədilən inzibati xəta hadisəsi hazırki iş üzrə qərar qəbul edildiyi vaxtdan 07 ay öncə (10 fevral 2021-ci il tarixdə) baş vermiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 447.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-743/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-743/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver