Məhkəmə qərarları › İş №3(006)-747/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-747/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-747/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti şöbəsinin böyük inspektoru – X1 barəsində protokol tərtib olunan hüquqi şəxs «X7»-nın nümayəndəsi – X2 iştirakları ilə, Hüquqi şəxs «X7»-nın (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən hüquqi şəxs «X7» barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 08 yanvar 2025-ci il tarixdə Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 48 ünvanında yerləşən X7na məxsus ofisdə keçirilən yanğın texniki müayinə zamanı YTQnin № 01-2001 b 9.1, 6.1, 2.5, 5.2-ci bəndlərinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti şöbəsinin böyük inspektoru - X3 izahatında hüquqi şəxs barəsində müvafiq inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunan hüquqi şəxsin nümayəndəsi X4 iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti şöbəsinin böyük inspektoru – X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 08 yanvar 2025-ci il tarixdə Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 48 ünvanında yerləşən X7na məxsus ofisdə keçirilən yanğın texniki müayinə zamanı YTQ-nin № 01-2001 b 9.1, 6.1, 2.5, 5.2-ci bəndlərinin tələblərinin pozulması faktı aşkar edilmişdir. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə olunmuş 29 dekabr 2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə X7na məxsus ofisdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən yanğın-texniki müayinənin aparılmasına dair illik plana əsasən növbəti yoxlamanın aparılması qərara alınmış və aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır; yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2025-ci il tarixli, 0071 saylı qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən X7na məxsus ofisdə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır; xx.xx.2025-ci il tarixli, 0071 saylı nömrəli yanğın-texniki müayinə aktından görünür ki, X7na məxsus, ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində yoxlama zamanı aşağıda qeyd olunan pozuntulara yol verilməsi aşkar edilmişdir: 1) obyektdə mövcud olan avtomatik yanğın xəbərverici siqnalizasiya sisteminin sazlığının yoxlanılmasına dair sənədlər təqdim olunmamış, (YTQ № 01-2001 bənd 9.1). 2) obyektin elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmasına dair sənədlər təqdim olunmamış, (YTQ № 01-2001 bənd 6.1).

3. Yanğın zamanı insanların köçürülməsi üçün "Təxliyə plan"ı tərtib edilməyib: (YTQ № 01- 2001 bənd 2.5).4. Obyektin daxilində qapılar otaqlardan çıxışa doğru sərbəst açılmır; (YTQ N№ 01-2001 bənd 5.2). Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, «X7» tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmadılırlar. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu dövlət yanğın nəzarətinin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: - dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; - dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; - yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə «X7»-nın törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «X7» Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40; 43; 48-50; 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Hüquqi şəxs «X7» Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar