Məhkəmə qərarları › İş №3(006)-7512/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7512/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7512/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Bakı şəhər BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 12 noyabr 2025-ci il tarixində özünə məxsus “X7 HİBRİD MİNİK" markalı, 77BR848 nömrəli avtomobillə Bakı şəhəri, Nəsibbəy Yusifbəyli, 19 küçəsi ilə hərəkət edərkən yol polisi əməkdaşları tərəfindən 100 AZN (yüz manat) məbləğində cərimələnmişdir. Yol polisi əməkdaşı (Bakı şəhəri DYPİ polis kiçik serjantı X5) tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Yol polisi xx.xx.2025-ci il tarixli İXP7583754 saylı protokolu ona təqdim etmiş, lakin heç bir əlavə izahat və pozuntu barəsində əsaslandırma təqdim etməmişdir. Qeyd olunan protokola əsasən xx.xx.2025-ci il tarixli TP7659713 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Nəticədə onun hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxıl olmasına, 1 1. 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat cərimə nəzərdə tutulmuşdur. Lakin o, yol hərəkət qaydalarını pozmamışdır və inzibati məsuliyyətə cəlb olunmağı qanunsuz və əssasızdır. Həmçinin, hadisə baş verən anda istifadə olunan videomüşahidə vasitələri ilə qeydə alınan videoyazı ona təqdim edilməmişdir. Belə ki, sözügedən videoyazı ona təqdim edilməli, iştirakı təmin olunmadan tərtib edilmiş protokol isə hər hansı əsaslandırma və izahat verilmədiyi üçün, barəsində qəbul edilmiş əsassız protokol kimi ləğv edilməlidir. Törədilmiş əməldə inzibati xəta tərkibi mövcud olmadığından 1.11.2025-ci il tarixli, İXP ******* saylı protokolun və ona qarşı tətbiq olunmuş 100 AZN məbləğində cərimənin ləğv olunması, həmin protokola əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi, həmçinin qanunsuz protokol tərtib etdiyi üçün Bakı şəhəri DYPİ polis kiçik serjantı X6 haqqında müvafiq tədbirlərin görülməsini təmin edəcək qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, xx.xx.2025ci il tarixdə saat 18:38-də X1 idarə etdiyi “X7 Hibrid Minik” markalı, 77BR848 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsibbəy Yusifbəyli, 19 ünvanında yolayrıcı qaydalarını pozmuş, bu xəta Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən vizual olaraq aşkarlanmış və barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş və 100 manat məbləğində cərimə edilməsi ilə bağlı TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin inzibati xətanın törədilməsi ilə bağlı videogörüntünü məhkəməyə təqdim edərək barəsində qərar çıxarılmış şəxs X1 şikayətinin təmin edilməməsini, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 18:38-də idarə etdiyi “X7 Hibrid Minik” markalı, 77BR848 dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı X3 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X3 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar