Məhkəmə qərarları › İş №3(006)-7520/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7520/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7520/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Nəsimi rayon X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 13:00 radələrində idarə etdiyi **-TK-*** dövlət qeydiyyat nişanlı qara qəngli Mercedes-Benz Е- Class 2007-ci il buraxılış nəqliyyat vasitəsilə övladlarını məktəbdən götürmək üçün 8 Noyabr prospekti ilə hərəkət etdiyi zaman **-YP-*** Yol Patrul Xidməti avtomobili (inspektorunun) “SAXLA!” əmrinə əsasən avtomobili “Zəfər Abidəsi” qarşısında saxlamışdır. YPX inspektoru sənədlərin qaydasında olmasını soruşmuş, daha sonra avtomobildən düşməyini tələb etmişdir. O, avtomobildən düşdükdən sonra bildirmişdir ki, ona əmr verilib ki, bu avtomobili saxlasın, Prezidentin tədbiridir bu prospektdə, qanunu pozmusan .... Avtomobil duracağa getməlidir, özü də Nəsimi rayon Yol Polisi İdarəsinə getməlidir. Ratsiya ilə əlaqəyə girmiş və sonra tələbini təkrarlamışdır. O da öz növbəsində bildirmişdir ki, cənab Prezident xarici səfərdədir (Cənab Prezidentin mətbuatda və Sosial şəbəkələrdə səhifələrini izlədiyi üçün məlumatlıdır ki, xx.xx.2025-ci il tarixdə Cənab Prezident “X4”nin 7-ci zirvə toplantısında Kopenhagendə səfərdə idi), o, hərəkətdə olduğu zamanı xidməti avtomobil korteji görməmiş və hər hansı dövlət tərbiri nəzərdə tutulmamışdır bu gün. Qayda pozmadığı üçün onu sərbəst buraxmasını xahiş etmişdir. Məktəbli övladlarının məktəb önündə onu gözlədiyini təkrar diqqətinə çatdırmışdır. Ona bildirmişdir ki, övladları məktəbdən çıxır, gedib onları götürməlidir, uzaq məsafədə yaşayır, uşaqları məktəbdən götürməyə başqa adam yoxdur. YPX inspektoru bildirmişdir ki, elədirsə bir yaxşılıq edərək - onun xidməti avtomobilinin müşayiəti ilə o, öz avtomobili ilə birlikdə gedib uşaqları məktəbdən götürüb Nəsimi rayon Yol Polisi İdarəsinə getsinlər. Uşaqların artıq saat 13:00-dan dərsdən çıxıb onu gözlədikləri üçün məcburən onun tələbi ilə razılaşmışdır. YPX avtomobilinin müşayiəti ilə birlikdə Bakı Avropa Litseyinə gedib uşaqları məktəbdən götürmüş və birbaşa Nəsimi rayon Yol Polis İdarəsinə gəlmişdir. Nəsimi rayon YPİ-nə daxil olan zaman mobil telefonunu və smart saatını qapıda digər polis əməkdaşına təhvil verməyini tələb etmişlər. Nəsimi rayon YPİ-də 3 nömrəli otaqda əyləşən polis əməkdaşına onu təhvil verib getmişdir. Həmin polis əməkdaşı da öz növbəsində bildirmişdir ki, iş məhkəməyə gedəcək, qanunamüvafiq olaraq 2000 manatdan 4000 manatadək cərimə tətbiq ediləcək, iki il sürücülük hüququndan məhrum ediləcəkdir. Ardıyca ondan 1800 manat pul tələb etmiş və bildirmişdir ki, 1800 manat ver, sənədlərini verim çıx get, əks təqdirdə avtomobilin duracağa gedəcəyi və barəsində tədbir görüləcəyi barədə xəbərdar etmişdir. Uşaqların avtomobildə olduğunu və bu qədər pulun olmadığını bildirib onun qanunsuz tələbinə etiraz etmişdir. Həmin polis əməkdaşı uşaqları evə düşürüb avtomobili duracağa qoymağını bildirmişdir. O da idarədən çıxıb uşaqları evə düşürüb avtomobili tələb olunan duracağa aparmışdır. Duracağın gözətçisi bildirmişdir ki, **-YP-*** Yol Patrul Xidməti avtomobilini idarə edən inspektor tapşırmışdır ki, sürücü avtomobili duracağa qoyduqdan sonra mütləq Nəsimi YPİ-yə gəlsin. O da öz növbəsində başına gətirilən bütün bu qanunsuzluqlar barədə həmin gün xx.xx.2025-ci il tarixində 3 dəfə 102 xidmətinə və 902 xidmətinə məlumat verib (şikayət edərək) kömək istəmişdir. Daha sonra Azərbaycan Respublikasının Baş Prokuroruna, Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ünvanlamışdır. Ərizələrinə bugünədək cavab verilməmişdir. Etdiyim şikayətlər nəticəsiz qalmışdır. Eyni zamanda qeyd etmişdir ki, “Təhlükəsiz Şəhər” X1 yazılı müraciət edərək məhkəmə mübahisəsi olma ehtimalını əsas gətirərək həmin gün (həmin ərazilərdə mövcud olan TŞ 363, TŞ109, TŞ1-217, TŞ3-217 saylı TŞ kameraları və digər qeyd olunmayan idarəetməsində olan kameralardan xx.xx.2025-ci il saat 13:00-13:20-yə qədər Zəfər Abidəsi istiqamətində, Bakı Avropa Liseyində 13:20-dən 13:45, Nəsimi YPİ qarşısındakı 13:45-14:30 saatları aralığında qeydə alınmış görüntüləri yaddaşda saxlanılması xahişi ilə) təhlükəsiz şəhər kameralarının həmin ərazidəki və nəqliyyat vasitəsi ilə Yol Patrul Xidməti avtomobilinin hərəkət trayektoriyası üzrə mövcud kamera görüntülərini saxlamalarını xahiş etmişdir. Şikayət ərizələri icraatda olduğu dövrdə Polis idarəsindən ona zəng olunaraq Nəsimi YPŞ-nə getməyi və sənədlərin ona qaytarılacağı, avtomobilə buraxılış veriləcəyi vədi ilə dəvət olunsa da, Nəsimi YPŞ-də həmin 3 nömrəli otaqdakı polis əməkdaşı tərəfindən şikayəti geri götürməyi təkidlə tələb olunmuş, buna etiraz etdikdə avtomobilin şinlərinin hamısını duracaqda yeni şinlərə dəyişdirərək videosunu ona təqdim etməyi tələb etmişdir. xx.xx.2025-ci il tarixində saat 19:28-də mobil telefonuna sms vasitəsilə “99TK118” nömrəli avtomobil 50 azn cərimə edilmişdir. Tarix: xx.xx.2025-ci il 14:10; Maddə 342.5, protokol: İXP7480908” bildiriş təqdim edilmişdir. Bildirmişdir ki, ,sms-bildirişdə qeyd olunan inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, o, heç bir inzibati xətaya yol verməmişdir. Avtomobili də saz vəziyyətdədir. 2025-ci ildə texniki baxışdan keçirilmişdir. İXP dərhal tərtib edilməli idi və avtomobili duracağa qoyulmasına heç bir hüquqi əsas yox idi. Dövlətin Ali rəhbərinin, Prezidentin adından sui-istifadə etməklə hədələmək bağışlanmaz qanun pozuntusudur. Nəsimi rayon YPX inspektoru Xətai rayonu ərazisində xidmət apara bilməz. İXP 4 gün sonra tərtib edilib təqdim edilə bilməz. İXP-da tərtib edilmə yeri guya Nəsimi rayonu olmuşdur. YPX inspektoru “saxla!” əmri verdiyi Xətai rayonu ərazisindəki Zəfər Abidəsi qarşısında. nə də Nəsimi rayon ərazisində heç bir İXP tərtib etməmişdir. İXM-nin 96-cı maddəsinə görə nəqliyyat vasitəsi (NV) duracağa yerləşdirilməsi təmin edilən zaman hansı səbəbə görə duracağa yerləşdirilməsi barədə protokol tərtib edilməlidir. Belə ki, NV hərəkətdən kənarlaşdırılması barədə protokol açılmalı və İXM 101.1 və YHQ 84.6-2-ci maddələrinə əsasən, inzibati xəta haqqında protokol və ya qərar çıxarılmalı, İXM 97.5 maddəsinə əsasən NV saxlanması barədə akt verilməli idi. Qeyd olunanlar olmadan NVnin duracağa yerləşdirilməsi qanunsuzdur. SMS bildirişlə təqdim edilmiş protokoldan yuxarı orqana şikayəti nəticəsiz olmuşdur. AR DİN Nəsimi rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində xx.xx.2025-ci il tarixli (Yol hərəkəti qaydaları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərar) TP7588955 saylı inzibati xəta haqqında iş üzrə Qərar müraciəti əsasında Yol Polisi İdarəsindən ona təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, onun hüquqları kobud şəkildə pozulmuşdur və məhkəmə qaydasında həll olunmalıdır. Odur ki, hazırkı şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Belə ki, xx.xx.2025-ci il tarixində saat 13:00 radələrində idarə etdiyi **-TK-*** dövlət qeydiyyat nişanlı qara qəngli Mercedes-Benz E-Class 2007-ci il buraxılış nəqliyyat vasitəsilə övladlarını məktəbdən götürmək üçün Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə hərəkət etdiyi zaman Bakı şəhəri Nəsimi rayon X5 məxsus **-YP-*** Yol Patrul Xidməti avtomobili (inspektorunun) heç bir əsas olmadan qanunsuz olaraq “SAXLA!” əmri vermiş, onun bu əmrinə əsasən avtomobili “Zəfər Abidəsi” qarşısında saxladıqdan sonra sənədlərin qaydasında olduğunu yoxladıqdan sonra böhtan atmış və öncədən planlaşdırdığı kimi ratsiya əlaqəsinə girərək, avtomobilin saxlanılması göstərişi olduğunu bildirmiş, övladlarını birlikdə gedərək məktəbdən götürərək Nəsimi rayon X5 aparmış və orada qanunsuz tələblər irəli sürülmüş, nəticədə nəqliyyat vasitəsi duracağa qanunsuz yerləşdirilmişdir. Dərhal yuxarı instansiyalara şikayətlərindən sonra (geri tarixlə: 02.10.25ci il tarixlə İXP tərtib edilərək) xx.xx.2025-ci il tarixində saat 19:28-də mobil telefonuna sms vasitəsilə “99TK118” nömrəli avtomobil 50 azn cərimə edilmişdir. Tarix: xx.xx.2025-ci il 14:10; Maddə 342.5, protokol: İXP7480908” bildiriş təqdim edilmişdir. Protokoldan şikayətinə baxılmamış və hər hansı cavab verilməmişdir. Qanunsuz qəbul edilmiş qərar ləğv edilməlidir və avtomobili duracaqdan özünə geri qaytarılmalı, qeyd olunanlarla əlaqədar məhkəmənin qanun çərçivəsində münasibət bildirməsi və işin ədalətli həllinə nail olunması üçün məhkəmədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2, 3, 5., 8, 53.1.2, 96, 99.7,101.1, 101.2, 105, 114-115, 125.8, 128-136-cı maddələrinə, AR Konstitusiyasının 63-cü və 68-ci maddələrinə əsasən DİN Nəsimi rayon Polis Şöbəsi tərəfindən çıxarılan xx.xx.2025-ci il tarixli TP7588955 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Nəsimi rayon X7 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Nəsimi rayon X7 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 50 manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şikayət ərizəsində X3 yol hərəkəti qaydasını pozmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, X3 barəsində olan xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi rayon X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Nəsimi rayon X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar