Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7524/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə MN ******* nömrəli, 27 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 27 noyabr 2025-ci il tarixdə saat 16:55-də ünvan 1 ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisədə keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar endokrinoloji fəaliyyət və sertifikatsız həkim-terapevt Elnur Həmidovun tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı aşkarlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı etiraz təqdim etmiş və ona uyğun izahatında göstərmişdir ki, "xxxx" MMC barəsində tərtib edilmiş protokola əsasən müəssisənin guya lisenziyada nəzərdə tutulmamış endokrinoloji tibbi fəaliyyətlə məşğul olması, X3 əmək müqaviləsində “həkim-endokrinoloq” vəzifəsinə qəbul edilməsinin bu iddianın əsası kimi təqdim edilməsi, müalicə işi üzrə tibb sertifikatı olan X1 əmək müqaviləsində “həkim terapevt” vəzifəsinə qəbul edilməsi, lakin terapevt üzrə sertifikatının olmaması göstərilməklə guya onun terapevt kimi praktiki tibbi fəaliyyətə buraxılması, bu xüsusatlarla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4cü maddələrinin tətbiqi iddia olunmuşdur. Lakin iş materiallarının hərtərəfli və diqqətli analizi göstərir ki, nə endokrinoloji tibbi fəaliyyətin faktiki həyata keçirilməsi, nə də X1 terapevt kimi praktiki tibbi fəaliyyətə buraxılması barəsində hər hansı real, obyektiv sübut yoxdur. Bütün ittiham yalnız əmək müqaviləsində vəzifə adlarının qeyd edilməsinə, aktda yoxlayan şəxslərin subyektiv mülahizələrinə və daxili ziddiyyətlərlə yüklənmiş formal qeydlərə söykənir. Bu səbəbdən Azərbaycan Respublikası İXM-in 215.1 və 215.4-cü maddələri üzrə inzibati xətanın tərkibi ümumiyyətlə mövcud deyil, protokol hüquqi cəhətdən əsassızdır və məhkəmə tərəfindən icraata xitam verilməlidir. Protokolda qeyd edilən İXM-nin 215.1-ci maddəsinin tətbiqi üçün mütləq sübuta yetirilməlidir ki, ali və ya orta ixtisas tibb təhsili olmayan, yaxud qanuna uyğun sertifikatsız şəxs praktik tibbi fəaliyyət həyata keçirib və ya tibb işçisi ixtisasına uyğun olmayan tibbi xidmət göstərib və ya lisenziyada nəzərdə tutulmayan tibbi fəaliyyət (ilkin tibbi yardım istisna olmaqla) faktiki həyata keçirilmişdir. Bu maddə fərziyyə ilə, “ola bilsin ki”, “belə güman olunur ki” məntiqi ilə tətbiq edilə bilməz. Fakt olmalıdır və bu fakt sübutlarla təsdiq olunmahdır. X4 ilə bağlı “endokrinoloji fəaliyyət” iddiası sübutsuzdur. Protokolda və aktda bildirilir ki, X4 ilə bağlanmış əmək müqaviləsində “həkim-endokrinoloq” vəzifəsi göstərildiyinə görə, guya klinika lisenziyada olmayan endokrinoloji tibbi fəaliyyətlə məşğuldur. Bu yanaşma hüquqi baxımdan tam əsassızdır. Əmək müqaviləsində vəzifənin “həkim-endokrinoloq” kimi göstərilməsi öz-özlüyündə faktiki tibbi fəaliyyət demək deyil. Protokol və aktda heç bir xəstə kartı, müayinə protokolu, endokrinoloji müalicə təyinatı, resept, analiz cavabları və s. təqdim edilməmişdir ki, Lalə Bağıyeva konkret hansı xəstəyə endokrinoloji xidmət göstərib. Hansı xəstə, hansı tarixdə, hansı diaqnozla və hansı konkret endokrinoloji müdaxilə ilə təmin olunub - buna dair sıfır sübut var. Yəni inzibati orqan əmək müqaviləsindəki vəzifə adını əsas götürərək faktiki fəaliyyətin mövcudluğunu özündən uydurmuş, amma bunu sübut edən bir dənə belə tibbi sənəd ortaya qoymamışdır. Bu halda “lisenziyada olmayan endokrinoloji fəaliyyət” yalnız kağız üzərində yazılmış boş ittihamdır, 215.1-ci maddə üzrə “lisenziyada olmayan fəaliyyətin həyata keçirilməsi” obyektiv əlaməti sübuta yetirilməmişdir. X2 ilə bağlı “ixtisassız terapevt fəaliyyəti” iddiası sübut olunmayıb. İddia olunur ki, X1 əmək müqaviləsində “həkim terapevt” vəzifəsi göstərilib, terapevt üzrə sertifikatı olmadığı halda guya terapevt kimi praktiki tibbi fəaliyyətə buraxılıb. Bu iddianın da heç bir əsaslı sübutu yoxdur. Belə ki, iş materiallarında Elnur Həmidovun konkret hansı xəstəyə, hansı tarixdə, hansı tibbi xidmət göstərməsi barədə heç bir tibbi sənəd yoxdur, nə resept, nə ambulator kart, nə epikriz, nə də hansısa prosedura haqqında qeyd mövcuddur, yalnız əmək müqaviləsində vəzifə adının yazılması “praktik tibb fəaliyyəti” demək deyil. İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulan “ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi” üçün konkret tibbi xidmət faktı, konkret xəstə, konkret tibbi müdaxilə və bunun həmin şəxsin ixtisasına zidd olması sübuta yetirilməlidir. Bu işdə isə nə tibbi xidmət faktı var, nə xəstə adı, nə də konkret tibbi müdaxilə göstərilib. Belə olan halda 215.1-ci maddənin tətbiqindən söhbət belə gedə bilməz. Maddənin obyektiv tərəfi yoxdur. Protokol və akt arasında zaman ziddiyyəti sənədlərin etibarlılığını məhv edən amildir. Protokolda faktın aşkar edilmə vaxtı “16:55” göstərilmişdir. Yoxlama aktında isə yoxlamanın keçirilmə vaxtı “12:00-16:00” aralığı kimi rəsmən qeyd olunmuşdur. Bu o deməkdir ki, rəsmi sənədlərə görə yoxlama 16:00-da bitmişdir, amma guya fakt yoxlamadan 55 dəqiqə sonra - 16:55-də aşkarlanmışdır. Bu, inzibati icraatın etibarlılığını kökündən şübhə altına alan çox ciddi ziddiyyətdir. Yoxlama bitibsə, 16:55-də faktı kim, harada, necə “aşkarlayıb”? Yoxlama aktı ilə protokol arasında bu cür elementar vaxt uyğunsuzluğunun izahı yoxdur. Bu uyğunsuzluq protokolun sonradan masa arxasında “uydurma” ehtimalını artırır, sənədi obyektiv dəlil statusundan məhrum edir. Daxili ziddiyyəti olan, faktın vaxtını belə düzgün əks etdirməyən protokola məhkəmə tərəfindən etibarlı və dolğun sübut kimi yanaşılması yolverilməzdir. İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərinə və “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati xəta haqqında iş üzrə sübutetmə yükü inzibati orqanın üzərindədir, bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması məhz inzibati orqanın vəzifəsidir, sübutlarla aradan qaldırılmayan bütün şübhələr inzibati məsuliyyətə cəlb edilən şəxsin xeyrinə şərh edilməlidir. Bu işdə isə nə endokrinoloji fəaliyyət faktı, nə Lalə Bağıyevanın faktiki tibbi fəaliyyəti, nə də Elnur Həmidovun terapevt kimi praktik fəaliyyəti sübuta yetirilməyib, protokol və akt arasında vaxt ziddiyyəti aradan qaldırılmayıb, əmək müqaviləsindəki vəzifə adları əsasında “faktiki fəaliyyət” uydurularaq qanunvericiliyin ruhu kobud şəkildə təhrif edilmişdir. Belə şəraitdə protokol əsasında "xxxx" MMC-ni İXMnin 215.1 və 215.4-cü maddələr üzrə məsuliyyətə cəlb etmək həm forma, həm məzmun, həm də sübutetmə standartları baxımından qanuna tam ziddir. İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulan hüquqpozma tərkibinin nə lisenziyada olmayan endokrinoloji fəaliyyət, nə ixtisasa uyğun olmayan tibbi xidmət, nə də sertifikatsız şəxsin fəaliyyət göstərməsi hissəsində bu iş üzrə sübuta yetirilmədiyi açıqdır. Lisenziyada olmayan fəaliyyət faktiki sübuta yetirilməmişdir. İddia olunur ki, klinika lisenziyada nəzərdə tutulmayan endokrinoloji fəaliyyətlə məşğuldur. Lakin lisenziyanın konkret hansı bəndinin pozulduğu göstərilmir, lisenziyada olmayan hansı konkret xidmətin faktiki təqdim edildiyi sənədlərlə sübuta yetirilmir, “Endokrinoloji fəaliyyət” termin kimi işlənsə də, bunun arxasında heç bir real tibbi əməliyyat, xəstə və ya sənəd durmur. Nəticədə İXM-in 215.1-ci maddəsinin tətbiqi üçün tələb olunan heç bir fakt sübuta yetirilməyib. Maddə üzrə inzibati xətanın tərkibi yoxdur. İXM-nin 215.4-cü maddəsi üzrə hüquq pozmanın tərkibi yoxdur. 215.4-cü maddə isə Ali və ya orta ixtisas tibb təhsili olmayan, yaxud sertifikatsız şəxsin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması halı üçün nəzərdə tutulur. Burada açar söz “praktik tibb fəaliyyətinə buraxılma”dır. Yəni şəxs faktiki tibbi fəaliyyət çərçivəsində konkret tibbi hərəkətlər (xəstə qəbulu, müalicə təyinatı, müdaxilə və s.) etməlidir. Sadəcə əmək müqaviləsi ilə işə götürmək bu maddənin tərkibi üçün yetərli deyil. X1 “praktik fəaliyyətə buraxılması” faktı yoxdur. İttiham bu məntiqlə qurulub ki, əmək müqaviləsində “həkim terapevt” yazılıb, terapevt üzrə sertifikatı yoxdur deməli, guya praktik tibbi fəaliyyətə buraxılıb. Bu, açıq-aşkar hüquqi manipulyasiyadır. Protokol və aktda Elnur Həmidovun konkret hansı tibbi hərəkəti etdiyi göstərilmir. O, hansı xəstəni qəbul edib, hansı diaqnoz qoyub, hansı terapiya təyin edib - bu haqda bir kəlmə belə sübut yoxdur. Heç bir xəstə imzası, heç bir ambulator kart, heç bir tibbi sənəd təqdim edilməyib. Fəaliyyətin özünün sübutu yoxdursa, həmin şəxsin “praktik tibb fəaliyyətinə buraxılması”ndan danışmaq tam absurddur. 215.4-cü maddənin tətbiqi üçün əvvəlcə fəaliyyət sonra həmin fəaliyyətə buraxılma faktı sübuta yetirilməlidir. Bu işdə nə fəaliyyət, nə də buraxılma sübut olunub. Lalə Bağıyeva ilə bağlı da İXM-nin 215.4-cü maddəsi tətbiq edilə bilməz. X4 ilə bağlı onun endokrinoloq kimi çalışması barədə heç bir faktiki tibbi fəaliyyət sənədi yoxdur, sertifikatı ilə bağlı real hüquqi qiymətləndirmə aparılmadan sadəcə vəzifə adı şişirdilir, konkret “sertifikatsız şəxsin praktik fəaliyyətə buraxılması” halı göstərilmir. Deməli, 215.4-cü maddədə nəzərdə tutulmuş “sertifikatsız şəxsi praktik tibb fəaliyyətinə buraxma” tərkibi burada da yoxdur. İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulan “ali və ya orta tibb təhsili olmayan, yaxud sertifikatsız şəxsin praktik tibb fəaliyyətinə buraxılması” tərkibi X2, X4 barəsində heç bir tibbi sənədlə təsdiqlənmir. Praktiki fəaliyyət və buraxılma faktı yoxdur. Protokol və akt arasında faktın aşkar edilmə vaxtına dair (12:00- 16:00 yoxlama, 16:55 faktın guya “aşkarlanması”) kəskin ziddiyyət bu sənədlərin etibarlılığını məhv edir və onların obyektiv sübut kimi istifadəsinə imkan vermir. Göstərilənləri nəzərə alaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən quruma məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir Buna görə də məhkəmə İnzibati xəta haqqında protokolu tərtib edən qurumun nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X6 Şəxsi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3- 28-1/3-2-1424/2025 nömrəli qərarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X8 Müəssisəsinin 27 noyabr 2025-ci il tarixli, T-433 nömrəli plandankənar (növbədənkənar) yoxlamanın aktına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisədə keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar endokrinoloji fəaliyyəti və sertifikatsız həkim-terapevt Elnur Həmidovun tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı aşkarlanmışdır. 20 iyun 2025-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsindən görünür ki, X2 həkim terapevt kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə götürülmüşdür. 22 noyabr 2025-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsindən görünür ki, X4 həkim endikrinoloq kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə-vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilirfiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə, həmin Məcəllənin 215.4-cü maddəsində isə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı halda isə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib olunmuş yuxarıda göstərilən məlum inzibati xəta haqqında protokolda həmin Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisədə lisenziyadan kənar endokrinoloq fəaliyyəti və sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı aşkar edildiyi qeyd edilsə də buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında təqdim edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, həmin Məhdud Məsuliyyətli Cəmiyyətin lisenziyadan kənar endokrinoloq fəaliyyəti və sertifikatsız özəl tibbi praktiki fəaliyyət göstərməsi sübut edilmir. Belə ki, MMC tərəfindən endokrinoloji fəaliyyət göstərilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən iş materiallarına əlavə edilmiş sübut yalnız qeydiyyat dəftəri və mötəbər sübut əhəmiyyəti kəsb etməyən digər sənədlərdən ibarətdir. Bütün bunlar isə xəstələrə endokrinoloji fəaliyyət göstərilməsi faktını təsdiq etmir. Bundan əlavə məhkəmə qeyd edir ki, Elnur Həmidov və Lalə Bağıyeva ilə əmək müqaviləsi bağlanılsa da, onların faktiki əmək fəaliyyətində olmasını təsdiq edən xəstələrlə bağlı çıxarış və ya xəstələrin izahatı mövcud deyil. Bu isə öz növbəsində tibb fəaliyyəti ilə məşğul olma hesab oluna bilməz. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən əlavə öyrənilməli və yoxlanılma tələb edən hallar araşdırılmadan, həmçinin işin obyektiv, hərtərəfli baxılmasını təmin etmədən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində MN ******* nömrəli, 27 noyabr 2025-ci saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-7524/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7524/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver