Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7526/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1, 198.1.7 və 199-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat cərimə edilmişdir. Həmin qərar tamamilə qanunsuz və əsassızdır. Halbuki İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şikayətçi qeyd edir ki, bundan qabaq 1000 manat cərimə edilmişdir. Eyni zamanda hazırda bu xəta hesab edilən əməl üzrə bir dəfə polis orqanı rədd qərarı qəbul etmiş, hazırda Nərimanov rayon prokurorluğunda araşdırma aparılır. Belə çıxır ki, eyni xətaya görə hər qurum ayrıca protokol tərtib edib cərimə yazacaq, eyni zamanda X3 Xidməti eyni hərəkətlə törədilmiş əmələ ayrı-ayrı işlər açıb çox cərimə yazmaq istəyir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 etibarnamə əsasında nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi xəbərdar olunmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin 01 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1, 198.1.7 və 199-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində AR İXM-nin 199-cü maddəsi ilə 1000 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddihüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 hüquqi şəxs "xxxx" MMC-nin baş direktorudur. xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin sabiq işçisi Elnur İsayevin xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin təhqiqatı zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs tərəfindən əməyin mühafizəsi qaydaları pozulmuş və işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməmişdir. Bu səbəbdən inzibati orqan tərəfindən D.Babayev barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" MMC-nin baş direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1, 198.1.7 və 199-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində AR İXM-nin 199-cü maddəsi ilə 1000 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, şikayətçi öz şikayətində törətdiyi eyni inzibati xətaya görə daha əvvəl 1000 manat cərimə edildiyini bildirmişdir. Lakin şikayətçi bu halı təsdiq edəcək sübutu yəni həmin qərarı məhkəməyə təqdim etməmişdir. Belə ki, şikayətə baxılması ilə əlaqədar olaraq məhkəmə iclasları iki dəfə təxirə salınmasına baxmayaraq şikayətçi tərəfindən adıçəkilən qərar təqdim olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, şikayətçi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1, 198.1.7 və 199-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və AR İXM-nin 199-cü maddəsi ilə yəni daha ciddi xətaya görə 1000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 198.1.1-ci maddəsinə əsasən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə, 198.1.7-ci maddəsinə əsasən isə işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi inzibati orqan şəxs barəsində inzibati tənbeh vermə haqqında qərarı qəbul edərkən düzgün nəticəyə gəlmişdir və şikayətçinin öz şikayətində qərarın ləğvi üçün əsas olaraq göstərdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1, 198.1.7 və 199-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır və onun barəsində haqlı olaraq inzibati orqan tərəfindən inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-7526/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7526/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver