Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7529/2025 02.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə “Papanin” deyilən ərazidə moped idarə edərək tabesizlik göstərmiş, daha sonra analizində psixotrop maddə aşkar edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X6 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində Nəsimi rayonu Papanin deyilən ərazidən narkotik vasitənin təsiri altında olduğu üçün idarə etməni itirib qəza törədən, polisin qanuni tələbinə tabe olmayaraq qaçmağa çalışan xx.xx.1997-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs PŞ-də olarkən davamlı şəkildə iş rejimini pozmuş, öz qollarını cızmış, özünü divara vuraraq və s. hərəkətlərlə özünə xəsarət yetirməyə çalışmışdır. Bununla yanaşı yüksək səs və qeyriadekvat davranışları ilə polisin, DİN-in və rəhbərliyin ünvanına təhqiramiz ifadələr işlətmiş, tərəfilərindən dəfələrlə nizam-intizama dəvət edilsə də, buna məhəl qoymayaraq özbaşına qeyri-adekvat hərəkətlərini davam etdirmişdir. Bu cür hərəkətləri PŞ-nin Növbətçi Hissəsinin iş rejimini pozmuşdur. Daha sonra narkoloji müayinədən keçirilmiş və məlum olmuşdur ki, Şəxs götürülmüş sidik nümunəsində MET (+), THC (+) aşkar olunmuşdur. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə “8 Noyabr” metrosu yanında “Papanin” deyilən ərazidə moped idarə edərkən yerə yıxılmış, orada polis əməkdaşları olmuş, o da qorxub qaçmışdır. Polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Həmçinin bildirmişdir ki, sonuncu dəfə bir məclisdə olarkən psixotrop maddədən istifadə etmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis polkovnik-leytenantı X7 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində Nəsimi rayonu Papanin deyilən ərazidə xidmətdə olan zaman bir nəfər şəxsin idarə etdiyi mopedlə qəza törədib xəsarət almasını görüb ona yaxınlaşaraq özünü təqdim etmiş, bu zaman həmin şəxs narkotik vasitənin təsiri altında olduğu üçün idarə etməni itirib qəza törətdiyini ona bildirmişdir. Bu səbəbdən həmin şəxsi Nəsimi RPİ-nin 20-ci PŞ-nə dəvət etmiş, o, ilkin olaraq etiraz etməyərək onunla birlikdə hərəkətə başlasa da, sonradan fiziki güc göstərib onun qarın nahiyəsindən itələyərək əlindən qaçmış və bir qədər uzaqlaşdıqdan sonra yenidən yerə yıxılıb xəsarət almışdır. Bundan sonra həmin şəxsi saxlayaraq 20-ci PŞ-yə gətirmişdir. Polis Şöbəsində həmin vətəndaşın Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 7528 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin və psixostimulyatorların nirgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Məhkəmə iclasında Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Rəhimli X5 Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 206-cı maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 01 dekabr 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilsin, inzibati həbs müddətinin başa çatdığı gün Rəhimli X5 həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatda alınsın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-7529/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7529/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver