Məhkəmə qərarları › İş №3(006)-7538/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-7538/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-7538/2025 15.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol və həmin protokola əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 21 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbirlərin görülməsindən ötrü qərarın surətinin aidiyyəti əməkdaşlara həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolundan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməlidir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi barədə məsələləri həll edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təhqiqat orqanı tərəfindən Şəxs əməlində cinayət tərkibinin olmadığı üçün onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbirlərin görülməsindən ötrü qərarın surətinin aidiyyəti əməkdaşlara həvalə edilməsi qərara alınmışdır. Lakin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru Ərəstun Qurbanov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli və həmin protokolda inzibati xətaya görə məsuliyyəti nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi göstərilməlidir. Göründüyü kimi hazırki iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokollarda şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilmişdir. Bununla da inzibati protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbi pozulmuşdur. Belə ki, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 232.1-ci maddəsi mövcüd deyildir. Şəxs istinad edilən inzibati xəta isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin dispozisiyasına uyğundur. Qeyd edilənlənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 109, 110, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar