Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-754/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Şikayət vermiş şəxsin vəkili X1 Qərarından şikayət verilən X12 qurumun nümayəndələri: X3 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini tərəfindən Shurgaia Nikoloz barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şikayətdə göstərilmişdir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi müavini X5 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarla “xxxx” ASC-nin İdarə heyətinin sədri Nikoloz Şurqaia Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə olunmuşdur. X9 əmək müqaviləsinə əmək qanunvericliyinin tələbləri pozularaq xitam verilməsi, məzuniyyət hüquqlarının pozulması və son haqq-hesabın aparılmasında qanun pozuntusuna yol verilməsi qeyd edilmişdir. Lakin vəzifəli şəxsin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, iş üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Qərara qəbul olunarkən əsas kimi məzuniyyət hüquqlarının pozulması qeyd olunsa da, bu faktın müqaviləyə xitam verilməsi ilə əlaqəsi göstərilməmişdir. Eyni zamanda qərarda pozuntunun konkret olaraq nədə ifadə olunduğu qeyd edilməmiş, yalnız İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin dispozisyası köçürülməklə kifayətlənilmişdir. Bundan əlavə həmin Məcəllənin 100-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Lakin iş üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokolda xətanın mahiyyəti ümumi sözlərlə ifadə olunmuşdur. Protokol və qərarda “qanun pozuntusuna yol verilib” yazılması xətanın mövcduluğunu sübuta yetirmir. Qanunvericiliyin tələbinin hansı hərəkət və ya hərəkətsizlik nəticəsində pozulması əməlin mahiyyəti izah edir. Bundan əlavə əmək müqaviləsinə xitam verilməsi fərdi əmək mübahisəsi hesab edilir. Fərdi əmək mübahisəsinin həlli birbaşa məhkəmələrin səlahiyyətinə aiddir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əmək müqaviləsinin ləğvinin qanunsuzluğu sübuta yetirilmədən müqaviləyə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmasına yol verildiyi faktı əsaslı hesab edilə bilməz. Əks halda bu pozuntu faktının müəyyən edilməsi yalnız subyektiv meyarlara söykənə bilər. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsini tətbiq edərkən vəzifəli şəxs yalnız əmək müqaviləsinin xitamının rəsmiləşdirilməsi zamanı Əmək Məcəlləsində qeyd olunan qaydaların pozulması faktlarını qiymətləndirə bilər. Göstərilənlərə əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “xxxx” ASCnin İdarə heyətinin sədri Nikoloz Şurqaia tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməmişdir. Bu qərardan “xxxx” ASC tərəfindən verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə rayon məhkəməsinin sözügedən qərarı ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinə əsasən fərdi əmək mübahisəsi hesab edilir və fərdi mübahisənin həll edilməsi birbaşa yalnız məhkəmələr tərəfindən həll edilə bilər. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sübut edilsə ki, əmək müqaviləsinin ləğvi qanunsuzdur, yalnız bu halda hesab edilə bilər ki, əmək müqaviləsinin xitamı zamanı mövcud qanunvericiliyin pozulmasına yol verilmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi özünün MN seriyalı ******* nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qərarını qəbul edərkən qanunvericiliyin tələblərinə zidd olaraq və onların səlahiyyətlərinə aid olmadan Nikolaz Şurqaia tərəfindən X2 “əmək müqaviləsinə xitam verilməsi” qənaətinə səhv olaraq gəlmişdir. Məhkəmə iclasında Şurqaia Nikolozun vəkili X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, iş üzrə araşdırma aparılarkən cəmiyyətin təqdim edə biləcəyi dəlillərə qiymət verilməmiş, bütün faktiki hallar tam tədqiq edilməmiş və vəzifəli şəxsin səlahiyyətləri çərçivəsində olmadan qanuvericiliyin tələbləri pozulmaqla qərar qəbul edilmişdir. O da nəzərə alınmalıdır ki, X8 “xxxx” ASC-yə qarşı “işə bərpa və s.” iddia tələbi üzrə məhkəməyə müraciət etmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, bu qərardan verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Hazırda apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş və iş Ali Məhkəmənin icraatındadır. Göründüyü kimi, mübahisə ilə bağlı hələ qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Göstərilənləri nəzərə alaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X12 izahatında bildirdi ki, X2 əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilməsinə dair onun müraciəti üzrə araşdırma aparılarkən “xxxx” ASC-nin İdarə heyətinin sədri Şurqaia Nikolozun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkib əlamətləri olduğundan o, həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin digər nümayəndəsi X11 da X7 dediklərini uyğun izahat verərək şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan: “xxxx” ASC-nin İdarə Heyətinin sədri Nikoloz Şurqaia tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 128/A saylı əmrin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətlərindən görünür ki, ASC-nin 8 saylı filialının müdiri X8 ilə bağlanılmış əmək müqaviləsinə son iş günü xx.xx.2020-ci il tarixi olmaqla Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəsi müavini tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X10 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq X8 ilə “xxxx” ASC arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli, 128/a saylı əmr və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydi etibarsız sayılmış, X8 əvvəlki işinə bərpa edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X8 və “xxxx” ASC-nin apellyasiya şikayətləri təmin edilməmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; “xxxx” ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti verilmiş və iş Ali Məhkəmənin icratındadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə görə fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; 15-ci maddəsinin 4-cü hissəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Beləliklə məhkəmədə müəyyən olunur ki, “xxxx” ASC-nin İdarə Heyətinin sədri Şurqaia Nikoloz tərəfindən X2 əmək müqaviləsinə xitam verilməsi, məzuniyyət hüquqlarının pozulması və son haqq-hesabın aparılmasında qanun pozuntularına yol verilməsinə görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. Lakin, fərdi əmək mübahisəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi qətnamə qəbul etmiş və bu qərar Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda mübahisəyə Ali Məhkəmədə baxılır. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd olunan haqlı mövqeyi bir daha vurğulayaraq qeyd edir ki, birbaşa məhkəmələrin səlahiyyətnə aid olan mübahisə üzrə əmək müqaviləsinin ləğvinin əssasız olması faktını sübut edən qanuni qüvvəsini almış, yekun qərar olmadan Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-754/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-754/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver