Məhkəmə qərarları › İş №3(006)-760/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-760/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-760/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fəedi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs 05.01.2022-ci il tarixdə, saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan “Opel Astra” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ilə üzü 3-cü mikrorayon dairəsi istiqamətdə hərəkətdə olan vaxt yolda avtomaşın tıxacı olduğu üçün 3-cü zolaqdan 1-ci zolağa düzünə çıxdığı zaman ehtiyatsızlıq üdib sol tərəfdən hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Minsk D450” markalı, 49 kub mühərrikli mopedlə toqquşmuş, hadisə nəticəsində Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, 05.01.2022-ci il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ilə üzü 3cü mikrorayon dairəsi istiqamətdə hərəkət etmişdir. Həmin vaxt yolda avtomaşın tıxacı olduğu üçün asta hərəkətlə hərəkət etmişdir. Bu səbəbdən o, 3-cü zolaqdan 1-ci zolağa düzünə çıxdığı zaman sol tərəfdən hərəkətdə olan sonradan markasını bildiyi “Minsk” markalı moped sürücüsü gəldiyi sürətlə onun avtomaşınının ön sol qanad və fara hissəsinə toqquşmuş və sürücü yerə yıxılmışdır. O, dərhal maşından düşərək ona öz köməkliyini edib onu avtomaşına mindirib yaxınlıqda olan 20 saylı poliklinikaya aparmaq istəsə də, sürücü maşında ona imkan verməyib ciddi xəsarəti olmadığını bildirmişdir. Eyni zamanda ona bildirmişdir ki, həkimə verdiyi pulu ona versin və lazım olarsa, həkimə özü müraciət edəcəkdir. Bundan başqa, ondan 60 manat pul istəmişdir. O da üstündə olan 25 manat pulu vermiş və qalan pulu sabah verəcəyini bildirmişdir. Həmin şəxs ona hesab kartını vermişdir. O səhəri gün onun kart hesabına 20 manat ödəmişdir.Daha sonra isə mopedin sürücüsü Yusif adlı şəxs ondan əlavə olaraq, 90 manat pul tələb etmişdir. O da ona pulunun olmadığın deyib işlədikçə ona pul verə biləcəyini demişdir. Lakin həmin şəxs onunla razılaşmayıb barəsində şikayət etmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində daha yüngül inzibati tənbeh tədbirinin verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 tərəfindən verilən 34 saylı, 02.02.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol diz oynağı nahiyəsinin, həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi; sağ baldırın, sol baldırın və sol diz oynağı nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər; qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 05.01.2022-ci il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş 05 fevral 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-13 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə baş inspektoru X1 tərəfindən tərtib edilmiş 14 fevral 2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar