Məhkəmə qərarları › İş №3(006)-767/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-767/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-767/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN-in Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol əsasında qəbul edilmiş qərardan X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3, Azərbaycan Respublikası DİN-in Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol əsasında qəbul edilmiş qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəsində olan "Chevrolet Malibu" markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindən sola Vaqif prospektinə dönmək üçün heç bir qayda pozmadan yolun sola dönmək üçün olan hərəkət hissəsinə keçmiş və "sola hərəkət" nişanı olan yoldan Vaqif prospektinə dönmüşdür. Heç qayda pozmadığı halda yol polisi əməkdaşı avtomobili saxlamış. yolların hərəkət hissəsinin işarələrini pozduğuna görə onun barəsində protokol tərtib ediləcəyini bildirmişdir. Etiraz edərək hər hansı bir qayda pozmadığını bildirərək, işə düzgün baxılmasını və protokol tərtib etmədən sənədlərini qaytarmasını xahiş etsə də, barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolla razılaşmadığından Bakı şəhər X6 İdarəsinə elektron qaydada şikayət ünvanlamış və inzibati işin mənim iştirakımla araşdırılmasını xahiş etınişəm. Şikayətə baxılarkən onun iştirakı təmin edilməmiş və xx.xx.2025-ci il tarixdə cavab məktubu ilə cavab verərək, yol hərəkəti qaydasını pozmağının təhlükəsizlik şəhər kameraları vasitəsilə qeydə alınmış video görüntülərə baxış zamanı öz təsdiqini tapdığını bildirmişlər. Yolların hərəkət hissəsinin işarələri tərəfindən pozulmamışdır. Pozulmasına dair hər hansı bir video görüntünün olması mümkün deyildir. Onun qayda pozmağının görüntüsü olmamasının əsası olaraq, görüntü elektron informasiya sisteminə yerləşdirilməmişdir, bundan başqa cavab məktubunda istinad edildiyi halda video görüntünün bir nüsxəsi sübut kimi məktuba əlavə edilməmışdır. Qərar tam qanunsuz tərtib edilmiş, qərar qanunvericiliyin tələblərinə uyğun olmamaqla yanaşı tam qərəzli və formal qaydada qəbul edilmişdir. Səlahiyyətli orqan tərəfindən qəbul edilən qərar ciddi hesabat sənədidir və onun doldurulmasına ciddi riayət olunmalıdır. Bu vəzifəli şəxsin vəzifəsidir və ona əməl etmək onun borcudur. Protokolun formasında olan bəndlərin inzibati işi obyektiv araşdırıldırıldığını və protokolla tanış olarkən inzibati işin təsəvvürü yaranmalıdır. Polis serjantının tərtib etdiyı protokolda olan bəndlər tam yazılmadığından işin mahiyyətinin nədən ibarət olması başa düşülmür. Qərarda işə "baxılarkən müəyyən edilmiş hallar" hissəsini əsaslandırmaq əvəzinə İXM-nin 327.1-ci maddəsi kopya edərək "yolun hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişdir" yazmaqla kifayətlənmişdir. Halbuki protokolda baş verən xətanın mahiyyəti aydın şəkildə yazılmalı, hansı yol işarəsinin tələblərini yerinə yetirmədiyi qeyd olunmalı, hüquq və vəzifələrım izah olunmalıdır, izahatı (etirazı) və vəsatəti barədə məlumat əlavə edilməlidir və cərimə olunduğu məbləğ qeyd edilməlidir. Protokolun bəndlərində inzibatı işin obyektivliyi üçün lazım olan bəndlər müəyyən edilmışdır və həmin tələb olunan bəndlər polis serjatı tərəfindən doldurulmalıdır. Protokolun bəndləri boş saxlanılması və ümumi sözlərə tərtib edilməsi üçün müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası DİN-in Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol əsasında qəbul edilmiş qərarın icrasına xitam verilməsini, Bakı şəhər DYPİ-nin yol patrul xidmətinin inspektoru, polis serjantı X2 inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 (qırx) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmur. Həmçinin, səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, onun tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhər X6 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X3 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X1 şikayətində göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (video-görüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul etmişdir. Bu səbəbdən X3 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Qeyd edilən əsaslarla Azərbaycan Respublikası DİN-in Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Bakı şəhər X6 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-in Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİNin Bakı şəhər X6 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar