Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7688/2025 15.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 etibarnamə əsasında nümayəndəsi Nümayəndə ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X3 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsinə səbəb işçilərlə dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı əmək haqqı verilməsi olmuşdur. Halbuki şikayətçi işçilərə 400 manatdan aşağı əmək haqqı vermir. İXM-in 192.3-cü maddəsinin disopozisiyası “ İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi”dir, lakin şikayətçi qeyd edir ki, o, belə bir əməli törətməmişdir və icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum məbləğdən aşağı heç kimə ödəniş etməmişdir. Belə ki, minimum əmək haqqına dəyişikliklər edildikdən sonra işçilərlə bağladığı əmək müqavilələrində əmək haqqı hissəsi yenilənməmiş və xidmət tərəfindən elektron informasiya sistemində olan məlumatlar təhlil edilərkən onunla işçilər arasında olan əmək müqavilələrində göstərilən 350 manat əmək haqqını görüb şikayətçiyə cərimə edilmişdir. Reallıqda isə həmin vaxt şikayətçi işçilərə əmək haqqını tam düzgün ödəmiş, sadəcə elektron informasiya sistemində işçilərin əmək müqavilələri yenilənməmişdir. Xidmət isə bu halları araşdırmadan onu əsassız şəkildə cərimə etmişdir. Şikayətçi qeyd edir ki, həmin inziabati xətanın törədilməsində onun təqsiri və həra hansı bir formada iştirakı olmamışdır. X3 eyni zamanda vəsatət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq işçilərə 400 manat məbləğində əmək haqqı ödənildiyini və Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş həmin işçilər ilə bağlı məlumatlarda onların əmək haqqı 400 manat kimi göstərildiyini, sadəcə olaraq həmin şəxslərin aldıqları əmək haqqının məbləği ilə bağlı elektron sistemdə müvafiq dəyişiklik edilmədiyini qeyd etmişdir. Bu səbəbdən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 etibarnamə əsasında nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin 01 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1000 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə ilk olaraq X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpası ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayətçi öz vəsatətində barəsində tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərardan məlumatsız olduğunu və yalnız xx.xx.2025-ci il tarixdə elektron kabinetinə daxil olarkən həmin qərarın mövcüdluğunu öyrəndiyini qeyd etmişdir. Həmin qərar barədə məlumat əldə etdikdən sonra isə inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət ilə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə şikayətçinin inzibati tənbeh vermə haqqında qərarından qanunvericilkdə nəzərdə tutulmuş müddətdə şikayət verməməsini onun iradəsindən asılı olmayan səbəblərdən baş verdiyi qənaətinə gəlir və qeyd edilənləri nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin ötürülməsi üzrlü hesab edilməli və şikayətə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddihüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq işəgötürən qismində onunla işçi olaraq Şaiq Ehtibarov, Samir İsayev, Aynurə Cabarlı, Nadir Ehtibarov və Rəşad İbrahimov arasında əmək müqavilələri bağlanmışdır. Həmin əmək müqavilələri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin elektron sisteminə yerləşdirilmişdir. 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat müəyyən edilməsinə baxmayaraq, həmin şəxslərin aldıqları əmək haqqının məbləği ilə bağlı elektron sistemdə müvafiq dəyişiklik edilməmişdir. Bu səbəbdən inzibati orqan tərəfindən X3 barəsində MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, o, 1000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin d bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154-cü maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 155-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmin Məcəllənin 155-ci maddəsinin 6-cı hissəsinə əsasən minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2025-cü il tarixli sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən işçilər Şaiq Ehtibarov, Samir İsayev, Aynurə Cabarlı, Nadir Ehtibarov və Rəşad İbrahimova müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Azər Dadaşov həmin işçilərə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləğində əmək haqqı verildiyini, sadəcə olaraq elektron sistemdə bununla bağlı dəyişiklik edilmədiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, elektron sistemdə adlçəkilən dəyişikliyin edilməsi işəgötürənin öhdəliyidir və bunu etməməsi onun əməlində inzibati xəta tərkibi yaratmışdır.Belə olan halda X2 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin tərkib əlamətləri olduğundan, barəsində düzgün olaraq həmin maddə üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-7688/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7688/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver