Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7694/2025 17.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-90/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı üzrə 912 manat borc yığılmış (aliment üzrə), bununla da, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1636/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəxs tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilmişdir. Borclu hər ay 256 manat ödəniş etməli olduğu halda 100 manat ödəyir. Hazırda icra sənədi üzrə 912 manat borc yığılmışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 bildirmişdir ki, aliment borcunun tam ödənilməsini tələb edir. Borclu hər ay 100 manat pul ödəyir, həmin pul isə uşaqların tələbatını ödəmir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, işləmədiyi üçün borcu tam ödəyə bilmir. Hər ay 100 manat ödəniş edir. Hazırda da borcdan 200 manat ödəniş etmişdir. İşə düzələn kimi borcunu tam ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 90/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1636/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəxs tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Şəxs tərəfindən X2 hesabına xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərində 160 manat, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərində 200 manat, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərində 100 manat və xx.xx.2025-ci il tarixində 200 manat ödənilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, borclu tərəfindən hər ay müəyyən ödənişlər olunmuşdur. Beləliklə, Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-7694/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7694/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver