Məhkəmə qərarları › İş №3(006)-77/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-77/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-77/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru - X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi - X6 iştirakları ilə, “Yol Tikintiservis" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC) (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunan Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar İcraatlar İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar İcraatlar İdarəsi tərəfindən “Yol Tikintiservis" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" qərar və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin direktoru X13 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X17 və X18 2024-cü il avqust ayından 2024-cü ilin oktyabr ayının sonunadək sürücü işlərinin görülməsinə cəlb etmiş, bununla da, "Yol Tikintiservis” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar X17, X18, X19, X15, X1 izahatları, X3 Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatları, protokol və arayışlarla təsdiq edilmişdir. Araşdırma zamanı izahatı alınmış X17 izahatında bildirmişdir ki, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək "Yol Tikintiservis” MMC-də yanacaq paylayan maşının sürücüsü işləmiş, işlədiyi müddətdə əmək haqqı ödənilməmişdir. Şirkətin işçisi Nazmiyə xanımdan əmək haqqının ödənilməsini xahiş etmiş, sonuncu məsələnin həll olunacağını bildirmiş və bu barədə whatsapp yazışmasını izahatına əlavə etmişdir. Araşdırma zamanı əlavə izahatı alınmış X17 izahatında bildirmişdir ki, şirkətin işçisi Pərviz müəllim xx.xx.2024-cü ildə onunla əlaqə saxlayaraq hesab nömrəsini göndərməsini demiş, o da Pərviz müəllimə hesab nömrəsi göndərmiş, onun hesabına 590 manat pul ödənilmiş, qalan 130 manat ödənilməmiş və bu barədə whatsapp yazışmasını izahatına əlavə etmişdir. Araşdırma zamanı X18 izahatı alınarkən bildirmişdir ki, 2024-cü ilin avqust ayının əvvəlindən oktyabr ayının 1-dək "Yol Tikintiservis” MMC-də yanacaq paylayan maşının sürücüsü işləmiş, işlədiyi müddətdə əmək haqqı ödənilməmişdir. Şirkətin işçisi Nazmiyə xanımdan əmək haqqının ödənilməsini xahiş etmiş, sonuncu məsələnin həll olunacağını bildirmişdir. Araşdırma zamanı X19, X15 izahatları alınarkən Ruslan Qasımovun göstərdiklərini təsdiq etmişlər. Araşdırma zamanı X4 izahatında göstərmişdir ki, "Yol Tikintiservis” MMC-ni özü təsis etmiş, 2024-cü ilin avqust ayınadək şirkətin direktoru da özü olmuşdur. 2024-cü ilin avqust ayında şirkətin direktoru X13 təyin olunmuşdur. Ruslan Qasımov və Nurlan Cəlallı şirkətdə sürücü işləmişlər, podratçı şirkətdən ödənişlər tam edilmədiyi üçün onların əmək haqlarını ödəyə bilməmişlər. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X17 və X9 əmək müqaviləsi məlumatları X3 Sistemi vasitəsilə yoxlanıldıqda həmin şəxslərə məxsus FİN məlumatları üzrə ümumiyyətlə əmək müqaviləsinin olmadığı müəyyən edilmişdir. xx.xx.2024 və xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki. X17 və X14 əmək haqlarının ödənilməsini təsdiq edən sənədlərin, habelə onlarla bağlanıldığı iddia edilən əmək, yaxud icarə və ya xidmət müqavilələrinin təqdim edilməsi və X1 əlavə izahatının alınması üçün ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə dəfələrlə zəng edilsə də, sonuncu zənglərə cavab verməmiş, Şəxs MMC-nin direktoru X7 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edilmiş, X16 Muxtarzadənin iclasda olduğunu, iclasdan çıxdıqda sonuncunun əlaqə saxlayacağını bildirmiş, lakin Zülfüqar Muxtarzadə tərəfindən X17 və X14 əmək haqlarının ödənilməsini təsdiq edən sənədlər, habelə onlarla bağlanıldığı iddia edilən əmək, yaxud icarə və ya xidmət müqavilələri hazırki vaxtadək Baş Prokurorluğa təqdim edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb X10 Şəxs MMC tərəfindən sürücü işlərinin görülməsinə cəlb edilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş müraciəti olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 1ında iştirak edən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X11 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmununa uyğun izahat verərək Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X12 çıxışında bildirmişdir ki, şikayətçi olan həmin 2 nəfər şəxs Şəxs MMC-nin işçisi olmayıblar, hər hansı əmək münasibətinə cəlb edilməyiblər. Onlar taksi kimi şirkət üçün yanacaq daşınmasını həyata keçiriblər. Şirkət onlara hər hansı avtomobil verməyib, öz şəxsi avtomobilləri ilə yanacaq çatdırıblar. Gördükləri işlərin nəticəsində şirkətin həmin şəxslərə borcu yaranıb, əksər hissəni ödəsələr də, maliyyə çətinlikləri ilə əlaqədar borcun bir qismini ödəyə bilməmişlər. Həmin şəxslər isə prokurorluğda qərəzli olaraq guya şirkətin işçisi olublar. Eyni zamanda bildirmişdir ki, prokurorluqda izahat vermiş Zülfüqar Muxtarov şirkətin əvvəlki direktoru olmuş, prokurorluqda izahat verərkən 5 ay idi ki, direktor vəzifəsindən çıxmışdır. Qeyd edilənlərə əsasən inzibati xəta hadisəsi baş vermədiyi üçün işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X17 vebsayt üzərindən Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Xızı rayonu ərazisində yerləşən Yol Tikinti Servis şirkətində sürücü kimi rəsmi olaraq işləmiş bağlanan əmək müqaviləsinə əsasən şirkət ona 800 manat əmək haqqı verməli idi. Dəfələrlə şirkətin rəhbər şəxsi olan Muxtarzadə Zülfiqar adlı şəxsə əmək haqqının ödənilməsini bildirmişdir. Şirkətin işi dayandırılmış və bu günə qədər də onun əmək haqqı ödənilməmişdir. Əmək haqqının ödənilməsinin təmin edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar İcraatlar İdarəsində izahatı alınmış X17 bildirmişdir ki, 2024-cü ilin oktyabr ayının əvvəlində Xızı rayonuna getmiş, onu şirkətin İsmayıl adlı əməkdaşı qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə sürücü kimi işə başlamışdır. İdarə etdiyi maşının markası “Kamaz” idi. Həmin maşınla yanacaq (dizel) daşıyırmış, şirkət Xızı rayonunda Giləzi adlanan körpünün yaxınlığında elektrik stansiyası tikirdi. Vəzifəm mənə təhkim olunan maşınla texnikaları yanacaqla təmin etmək idi. İsmayıl müəllim ona əmək haqqının 800 manat olacağını, hər gün işə saat 08:00-da gəlib saat 18:00-da işdən çıxmağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə İsmayıl ona və digər işçilərə bildirmişdir ki, işlər dayanmışdır, ona görə də nə vaxt iş bərpa olunsa, işə çağıracaqlarını bildirmişdir. Bir neçə gün gözləsə də, iş bərpa olunmamışdır. İş dayandığına görə şirkətin işçisi Nəzmiyə xanımdan işlədiyi günlərin pulunun verilməsini xahiş etmiş, o da məsələnin həll olunacağını bildirmişdir. Nəzmiyə xanımın istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Hazırki vaxtadək pulu ödənilməmişdir. - Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar İcraatlar İdarəsində izahatı alınmış X18 bildirmişdir ki, Şəxs MMC-nin direktoru X2 iş üçün müraciət etmiş və o həmin şirkətə sürücü vəzifəsinə qəbul edilmişdir. 2024-cü ilin avqust ayının əvvəlində işə başlamışdır. Onunla əmək müqaviləsinin bağlanacağını desələr də, işlədiyi müddətdə onunla müqavilə bağlanmamışdır. Şirkət həm Xızı rayonunda, həm də Qobustan rayonunda elektrik stansiyası tikirdi. İdarə etdiyi maşının markası “Kamaz” idi. Həmin maşınla yanacaq (dizel) daşıyırmış. Vəzifəsi ona təhkim olunan maşınla texnikaları yanacaqla təmin etmək idi. Maşınları yanacaqla təmin edərkən müvafiq sənədlərə işçilər imza edirdi. Ona əmək haqqının 2300 manat olacağını, hər gün işə saat 08:00-da gəlib saat 18:00-da işdən çıxacağını bildiriblər. xx.xx.2024-cü il tarixdə şirkətin işçisi Pərviz müəllimə dedi ki, əgər əmək haqqı ödənilməsə, işləməyəcək. O, əmək haqqının ödəniləcəyini desə də, ödəməyək oktyabr ayının 1-də işini dayandırmışdır. - Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar İcraatlar İdarəsində izahatı alınmış X19 bildirmişdir ki, 2024-cü ilin may ayının 1-də Şəxs şirkəti ilə bağladığı xidmət müqaviləsinə əsasən öz maşını ilə şirkətin iş gördüyü ərazini sulayır, həm də işçiləri su ilə təmin edirdi. Şirkət həm Xızı rayonunda, həm də Qobustan rayonunda elektrik stansiyası tikirdi. Müqaviləyə görə aylıq ona 3727.5 manat pul ödənməli idi. Şirkət tərəfindən pulu aylıq olaraq gecikmələrlə ödənilirdi. 2024-cü ilin noyabr ayının 15-dək işini icra etdi. Noyabr ayının 18-də şirkətin işçisi İsmayıl müəllim layihənin şirkətdən alındığını, artıq iş olmayacağını bildirmişdir. Daha sonra şirkətin işçisi Nəzmiyə xanımla və Pərviz müəllimlə əlaqə saxlanılmış və onlardan pulunu tələb etmişdir. Onlar ona pulunun ödəniləcəyini və səbrli olmağını bildirmişdilər. - Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar İcraatlar İdarəsində izahatı alınmış X15 bildirmişdir ki, 2024-cü ilin aprel ayının 17-də Şəxs şirkəti ilə bağladığı xidmət müqaviləsinə əsasən öz avtobusu ilə şirkətin işçilərini işdən evə, evdən işə daşıyırdı. Şirkət Xızı rayonunda Giləzi adlanan körpünün yaxınlığında, həm də Qobustan rayonunda elektrik stansiyası tikirdi. Müqaviləyə görə aylıq ona 2300 manat pul ödənməli idi. Şirkət tərəfindən pulu aylıq ödənilirdi. Sonradan pulu gecikmələrlə ödənilməyə başlamış, 2024-cü ilin noyabr ayının 1-də sonuncu dəfə işçiləri evdən işə, işdən evə aparıb gətirmişdir. Noyabr ayının əvvəlində iş dayandırıldığını dedikləri üçün o, şirkətdən nə vaxt işinə davam edəcəyi xəbərini gözləmişdir. Noyabr ayının 18-də şirkətin işçisi Abbas müəllim layihənin şirkətdən alındığını, artıq iş olmayacağını bildirmişdir. Daha sonra şirkətin mühasibi ilə əlaqə saxlamış, onlar ona pulunun ödəniləcəyini və səbrli olmağını bildirmişdilər. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe bundan ibarətdir ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Beləliklə, məhkəmədə tədqiq edilən sübutlarla “Yol Tikintiservis" MMC-nin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar İcraatlar İdarəsi “Yol Tikintiservis" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Yol Tikintiservis" MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Yol Tikintiservis" MMC-nin inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. (İXM-in 32-ci və 33-cü maddələri). Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, “Yol Tikintiservis" MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

“Yol Tikintiservis" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar