Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7708/2025 23.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs XXX Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan XXX Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 333.1-ci maddələri üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, XXX Şəxs xx.xx.2025-ci il tarixdə, saat 04:36-da “CHANGAN UNİZ PLUG-İN HİBRİD MİNİK” markalı, 77TB616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3cü maddəsinin tələbini pozduğu üçün saxlanılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, sürücü sərxoş halda avtomobili idarə etmiş, bununla da XXX Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X3 izahatında bildirmişdir ki, Nəsimi RPİ DYPŞ-nin YPX baş inspektoru, polis baş leytenantı Ruslan Vəliyev və YPX inspektoru, polis serjantı Elturan Cəfərzadə xx.xx.2025-ci il tarixdə təhkim olunmuş 10YP270 çağırışlı patrul avtomaşını ilə Nəsimi rayonu ərazisində xidmətdə olarkən “Changan” markalı 77TB616 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıqforun yaşıl işığında yolun hərəkət hissəsində dayandığı üçün avtomobili yoldan götürməsini və yolu boşaltmasını bildirmişlər. Bir neçə dəqiqə keçsə də, avtomobil yolun hərəkət hissəsində qalmışdır. Onlar sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra çətinliklə də olsa həmin sürücünü avtomobili yolun təhlükəsiz hissəsinə çəkməyə razı sala bilmişlər. Sürücü özünü qeyri-adekvat apardığı üçün həkim müayinəsinə dəvət etsələr də, sürücü tabesizlik göstərərək getməyəcəyini bildirmişdir. Dəfələrlə həmin sürücünü nizam-intizama dəvət edib alkotesterlə yerində müayinə edib sürücünün özünün razılığı ilə sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol tərtib olunmuşdur. Həmin vaxtı sürücü özünü qeyri-adekvat apardığı üçün alkotesterin saatını yeniləmək fikirlərindən çıxmışdır. İnspektorların üzərilərində olan yaxa kamerasının qeydə aldığı vaxt xx.xx.2025-ci il saat 04:33 olmuşdur. Daha sonra sürücü barəsində AR İXM-nin 327.3 və 333.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq XXX Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunan şəxs XXX Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixində gecə radələrində işıqforun qırmızı işığında avtomobili saxlamış və saçını yığmaq istəyərkən yol patrul xidmətinin inspektoru ona göz vuraraq nə üçün getmədiyini soruşmuş, o da qırmızı işıq olduğunu bildirmişdir. İnspektor ona artıq 2 dəfə yaşıl işıq yandığını və ondan içki iyi gəldiyini bildirmişdir. O, inspektora içkili olmadığını bildirdikdə sonuncu onu polisə tabesizlik etdiyinə görə şöbəyə aparacağı ilə hədələmişdir. Sonra alkotester vasitəsilə onun içkili olub-olmadığı yoxlanılmış və alkotesterin nəticəsinə görə onun sərxoş olduğu müəyyən olunmuşdur. Bundan sonra inspektor onun avtomobilini idarə edərək cərimə meydançasına aparmışdır. Barəsində protokol tərtib edilmiş, təxminən 40 dəqiqə sonra o, taksi çağıraraq oradan həkimə getmiş və müayinədən keçərək sərxoşluq dərəcəsinin 0,000 promil olduğu məlum olmuşdur. İzahatında polis əməkdaşlarının təkidi ilə avtomobili sərxoş halda idarə etdiyini yazmışdır. Halbuki o, sərxoş olmamışdır. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixində tərtib edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, müayinə nəticəsində XXX Şəxsnun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin, XXX Şəxs Zərifə Əliyeva küçəsi ilə idarə etdiyi “Changan” markalı 77TB616 nömrəli avtomobili sərxoş idarə etdiyini, alkotesterin nəticəsinin 5,260 oluğunu gördüyünü, nəticə ilə razı olduğunu bildirmiş, həkimə getməyə ehtiyac olmaması və izahatı özünün yazması ilə bağlı qeydlər etmiş və protokol onun özü tərəfindən imzalanmışdır. İş materiallarına olan xx.xx.2025-ci il tarixində, saat 04:46-da keçirilmiş sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, XXX Şəxs alkoqol sərxoşluğu 5,260 promildir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, XXX Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 2/67228 saylı sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, XXX Şəxs alkoqol sərxoşluğu 0,000 promil və ayıq olması (saat 06:05) aşkar edilmişdir. Məhkəmə barəsində protokol tərtib olunan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Göründüyü kimi, XXX Şəxs yuxarıda qeyd olunan normalarla üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli və hüquqa zidd əməl törətmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, XXX Şəxs öz təşəbbüsü ilə keçdiyi tibbi müayinənin nəticəsi olan xx.xx.2025-ci il tarixli, 2/67228 saylı protokol sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qərarın 3.6-cı bəndinə əsasən müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkimnarkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Lakin iş materiallarından da göründüyü kimi XXX Şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda tibbi müayinədən keçməli olduğu halda bunu tələb etməmiş, hətta alkotesterin nəticəsi ilə razı olduğunu bildirmiş, lakin sonradan özü həkim tərəfindən müayinədən keçmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, XXX Şəxs ilkin müayinəsi xx.xx.2025-ci il tarixdə saat 04:46-da aparılmış, öz təşəbbüsu ilə isə ikinci müayinə xx.xx.2025-ci il tarixdə saat 06:05-də aparılmışdır. Göründüyü kimi, aparılmış birinci müayinə ilə ikinci müayinə arasında 01 saat 19 dəqiqə fərq olmuş və həmin müddət ərzində şəxsin sərxoşluq halının aradan qalxması mümkün olmuşdur. Başqa, sözlə bu müddət ərzində XXX Şəxs qanında və ya nəfəsində akoqolun miqdarının “ayıq” göstəricisinə qədər dəyişməsi də istisna olunmur. Digər tətərfdən, ilkin müayinəsi xx.xx.2025-ci il tarixdə saat 04:46-da aparılmış XXX Şəxs nədənsə öz təşəbbüsü ilə müayinədən dərhal yox, həmin gün saat 06:05-də keçmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər materiallarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 333.1-ci maddəsi ilə tövsüf edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs XXX Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu XXX Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. XXX Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə XXX Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən XXX Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən XXX Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, XXX Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində inzibati xətanın əlaməti kimi xətanın sərxoş halda törədilməsi nəzərdə tutulduğundan tənbeh təyin edilərkən bu hal İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını, XXX Şəxsnun spirtli içki qəbul etdiyini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.3-ci maddəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, XXX Şəxs Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, XXX Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Nəsimi rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. XXX Şəxs Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-7708/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7708/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver