Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-771/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis tərtib etmiş şəxs: şöbəsinin sahə rəisi X4 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 43, mənzil 28-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 396 və 510-cu maddələri üzrə tərtib olunmuş 20 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs 19 fevral 2024-cü il tarixdə ünvan 1 ünvanda divarlara boya ilə yazı yazaraq şəhərin abadlaşmasını pozmuş, ictimai asayişi pozaraq xırda xuliqanlıq etmiş və o, qanunsuz olaraq psixotrop maddə amfetamin istehlak etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs digər iki nəfər şəxslə birlikdə ünvan 1 ünvanda olan binanın üzərində boya ilə yazı yazarkən polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman onlar ictimai asayişi pozaraq səs-küy salaraq xırda xuliqanlıq etmişlər. Məlum olmuşdur ki, həmin yazılar “Teleqram” sosial tətbiqi vasitəsilə narkotik vasitə və psixotron maddələrin “onlayn” yolla əldə olunmasını təbliğ edir. Daha sonra onlar polis əməkdaşları tərəfindən 22-ci polis şöbəsinə gətirmişlər. Şəxs psixotrop maddə olan amfetamini istehlak etdiyini bildirdiyi üçün o, tibbi müayinədən keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 haqqında 19 fevral 2024-cü il tarixli, 1075 saylı rəyinə görə onun sidik analizində AMP(+), MET(+) aşkar edilmiş, onda psixostimulyatorlardan istifadə etmə halları olub, lakin narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur. Qeyd olunanları nəzərə alaraq onun məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, “Teleqram” sosial tətbiqi vasitəsilə ona mesaj gələrək kinoların reklamı təklif olunmuş, o da bununla razılaşaraq şəhərin müxtəlif ünvanlarında binaların divarlarına boya ilə reklam saytının adını yazmış, bunun müqabilində 1.500 manat pul almışdır. Daha sonra həmin saytların narkotik vasitələrin təbliğ etdiyini bildiyi üçün bu işdən imtina etmiş və “Teleqram” sosial tətbiqi vasitəsində həmin səhifəni blok etmişdir. Məsələ ilə bağlı 22-ci polis şöbəsinə çağırıldığı üçün dərhal ora gedib izahat vermişdir. O, ünvan 1 ünvanda saxlanılmamış, heç kimə qarşı xuliqanlıq etməmişdir. Həmçinin, narkotik vasitə istifadəçisi də deyil və onun analizində bunun aşkar olunması təəcüb yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 haqqında 19 fevral 2024-cü il tarixli, 1075 saylı rəyinə görə Şəxs sidik analizində AMP(+), MET(+) aşkar edilmiş, onda psixostimulyatorlardan istifadə etmə halları olub, lakin narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə, 510-cu maddəsi isə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, Şəxs əməlində ictimai qaydanın pozulması müşahidə edilmir və polis orqanı bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilsə də, həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Buna görə də məhkəmə hesab edir ki, İqoşin X5 Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalı, həmin Məcəllənin 510-cu maddəsi üzrə isə onun barəsində başlanılmış iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə (hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir) müvafiq olaraq xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 fevral 2024-cü il tarixdə, saat 10:35-də tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair işə baxılması həmin Məcəllənin 43-cü maddəsinə görə məhkəmənin səlahiyyətinə aid olmadığından, bu məsələyə hüquqi qiymətin verilməsi mümkün deyil. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən, saat 10:35-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-771/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-771/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver