Məhkəmə qərarları › İş №3(006)-7729/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7729/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7729/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin e- 16(113)-292/2024 saylı, xx.xx.2024-cü il tarixli və həmin məhkəmənin e-16(113)-933/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qeyd olunan şəxslər məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-292/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə və həmin məhkəmənin e-16(113)-933/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəsimi rayon məhkəməsinin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-16(113)- 292/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ərizə təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus müəssisəyə elektrik enerjisinin verilməsinin dayandırılması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməsi qərara alınmışdır. Bundan əlavə, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-933/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus 07/1-28 saylı abonent kodu üzrə elektrik enerjisinin dayandırılması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarlardan, həmin tarixli məlumatlardan və bildirişlərdən və inzibati məsuliyyət haqqında bildirişdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-292/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə və e-16(113)-933/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya göndərilmiş, həmçinin borcluya xəbərdarlıq və inzibati məsuliyyət haqqında bildirişlər göndərilmişdir. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli aktdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-292/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə və həmin məhkəmənin e-16(113)-933/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən "xxxx" Mənzil- Tikinti Kooperativinə məxsus müəssisəyə elektrik enerjisinin verilməsinə dair baxış keçirilmiş, lakin məhkəmə qərarlarının icra edilməməsi müəyyən edilmiş və akt tərtib edilərək imzalanmışdır. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxsin təqsiri üzündən məhkəmənin icra sənədi üzrə icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş və yerinə yetirilməsi üçün üzürlü səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar