Məhkəmə qərarları › İş №3(006)-7742/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7742/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7742/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Gəncə Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(104)-2444/2021 nömrəli, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 fevral 2024-cü il tarixli, e-2(006)-877/2024 nömrəli, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 10 dekabr 2018-ci il tarixli 2(043)-4554/2018 nömrəli icra vərəqələrinin və Bakı şəhəri 43 saylı Notariat Kontorunun 8i-16786 saylı, 16 oktyabr 2023cü il tarixli icra qeydinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, onun icra sənədlərindən xəbəri olsa da, maddi imkanı aşağı olduğundan ödənişləri tam olaraq ödəyə bilməmişdir. Belə ki, onun himayəsində xəstə uşağı vardır və adına hər hansı əmlak yoxdur. Hal-hazırda hər hansı ödəniş etmək iqtidarında deyil. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(104)- 2444/2021 nömrəli, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 fevral 2024-cü il tarixli, e- 2(006)-877/2024 nömrəli, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 10 dekabr 2018-ci il tarixli 2(043)-4554/2018 nömrəli icra vərəqələrinin və Bakı şəhəri 43 saylı Notariat Kontorunun 8i-16786 saylı, 16 oktyabr 2023-cü il tarixli icra qeydi üzrə borclu müxtəlif bəhanələr gətirməklə borcunun tam olaraq ödənilməsindən yayınmışdır. Borcun ödənilməsini təmin etmək məqsədilə icra tədbirləri həyata keçirilmişdir. Lakin Şəxs adına hər hansı əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokol üzrə müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(104)-2444/2021 nömrəli icra sənədinə əsasən Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2(043)-51/2020 saylı mülki iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 38000 (otuz səkkiz min) manat müəyyənləşdirilməsi hissəsində dəyişdirilməsi, ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş, Gəncə şəhəri, kəpəz rayonu, X6 küçəsi, 3-cü döngədə yerləşən 0,0265 ha olan torpaq sahəsi ilə birlikdə 6 nömrəli fərdi yaşayış evinin (ilkin satış qiyməti kimi) likvid qiymətinin 40000 (qırx min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bundan başqa, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 fevral 2024-cü il tarixli, e-2(006)-877/2024 nömrəli icra sənədinə əsasən Şəxs 2700 (iki min yeddi yüz) manat borc pul və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 40 (qırx) manatın alınaraq X2 xeyrinə ödənilməlidir. Bundan başqa, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 10 dekabr 2018-ci il tarixli 2(043)-4554/2018 nömrəli icra sənədinə əsasən Şəxs 4174,25 manat əsas, 172,71 manat faiz, 7,19 manat cərimə olmaqla, cəmi 4354,15 manat (dörd min üç yüz əlli dörd manat, on beş qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsait "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8i-16786 saylı, 16 oktyabr 2023-cü il tarixli icra qeydinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə 130 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, eləcə də icra işində olan sənədləri nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərdən müəyyən olunur ki, barəsində protokol tərtib olunmuş şəxs tərəfindən məhkəmə qərarının qərəzli olaraq yerinə yetirilməməsi müəyyən olunmamışdır. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da, onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar