Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-776/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” protokol əsasında qəbul edilmiş qərardan X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” protokol əsasında qəbul edilmiş qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, son bir ay ərzində yol hərəkət qaydalarının pozulması ilə bağlı İXP6870263 nömrəli protokol avtomobilinə yazılan sayca 3-cü əsassız cərimədir. Şikayətçiyə məxsus Mersedes Benz-240, buraxılış ili 2000-ci il, Mühərrik- **********7339, ban: WDB2030611F055161, ** ZS *** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2025-ci il tarixində saat 13:20 radələrində Tibilisi prospekti ilə hərəkət edərkən İst Petrolun qarşısındakı işıqfora daxil olan zaman yaşıl işıq birinci dəfə yanıb sönməyə başlamışdır. Yaşıl işıq 3 dəfə yanıb-sönmə xəbərdaredici siqnal verdikdən sonra sarı işıq yanır, sarı işıq işıqforda dayanma xəbərdarlığını verir, daha sonra qırmızı işıq yanır, qırmızı işıq isə qadağan edici işıqdır. Hətta sarı işıqda işıqforu keçməyə görə İXM-də və Yol Hərəkəti haqqında qanunda məsuliyyət nəzərdə tutulmamışdır. İşıqfora daxil olarkən yaşıl işığın ilk yanıb-sönmə göstərişində avtomobil qanunla dayanmamalı və yolu keçməlidir. Təxminən saatda 40 km sürətlə hərəkət edərkən işiqforun yerdəki düz xəttini keçib işıqfora daxil olan an yaşıl işiq birinci dəfə sönüb-yanma xəbərdaredici göstərişində şikayətçi işıqforu keçmiş, həmin an Salyanski qazarma istiqamətindən Tbilisi prospektinə döngədə dayanan avtomobillər üçün qoyulan işıqforda hərəkəti qadağan edən qırmızı işıq hələ də yanarkən Tibilisi prospektindəki dairəni dönüb Həsən Əliyev küçəsinə daxil olmuşdur. Həsən Əliyev küçəsinin 30 metr irəlilədiyi zaman YPX-nin avtomobili arxasıyca gəlib şikayətçiyə dayan işarəsini vermişdir. Avtomobili saxlamış, bu zaman özünü təqdim etməyən YPX əməkdaşı yaxınlaşıb “İst Petrolun'' qarşısındakı işıqforu qırmızı işıqda keçdiyini idda etmiş və avtomobilə 100 manat cərimə yazmışdır. O, YPX-nin əməkdaşı ilə razılaşmamış və həmin işıqfora daxil olduğu an yaşıl işığın 3 yanma-sönmə xəbərdaredici siqnalının 1-cisində yolu keçdiyini bildirmişdir. Təxminən 40-50 km saatla hərəkət edərkən işıqfora daxil olduğundan və həmçinin arxadan avtomobillərin sürətlə gəldiyini nəzərə alaraq yolu işıqforun birinci xəbərdaredici siqnalında keçdiyi üçün qanunun tələbini pozmamışdır. Çünki həmin sürətlə işqforun içində avtomobili dərhal dayandırmaq mümkün deyil və bu həm də arxadan gələn avtomobillər üçün də təhlükə yaradan haldır. YPX əməkdaşı onunla mübahisə edərək arxasıyca gəldiyini və həmin işıqforu qırmızı işıqda keçdiyini idda etmişdir. Bu zaman ondan təqsirini göstərən hər hansı faktı yəni YPX-nin xidməti avtomobilində quraşdırılmış bort kameranın görüntüsünü və ya hər hansı sübut olan foto şəkil təqdim etməsini tələb etmişdir. O heç bir sübut video görüntü və foto şəkil təqdim edə bilməmiş və şikayətçiyə 100 manat cərimə yazacağını demişdir, 15 dəqiqədən sonra İXP6870263 saylı prokokol əsasında xx.xx.2025-ci il tarixində 100 manat məbləğində cərimə barədə SMS telefonuna göndərilmişdir. 5 gün gözləmişdir ki, qırmızı işıqda yolu keçdiyi iddia olunan həmin işıqforun və yol ayrıcındakı digər 3 işıqforların üstündə quraşdırılan 3 kameradan ən azı birinin görüntüsü və ya foto şəkillər elektron kabinetində yeləşdirisin. Çünki həmin ərazidə yol hərəkəti qaydalarının pozulması hallarını foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək real vaxt rejimində elektron protokol tərtib edilir nəqliyyat vasitəsinin istifadəçilərinin elektron kabinetində yerləşdirilir. Lakin keçən 5 gün müddəi ərzində şikayətçinin avtomobilinin işıqforun qadağan edici nişanı altında yolu keçməsi barədə işıqforda quraşdırılan 3 kameranın və ya bort kamerarın qeydə aldığı foto və ya video görüntü protokola əlavə edilməmişdir. Elektron kabinetində yerləşdirilmiş protokola YPXnin əməkdaşının onu saxladığı və protokolun qeydə alındığı yerin Həsən Əliyev 1 ünvanının xəritəsi yerləşdirilmişdir. Həmin yerdə isə heç bir işıqfor mövcud deyil. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” protokol əsasında qəbul edilmiş qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmənin iclasında iştirak etmiş şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmur. Həmçinin, səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən X2 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki, X2 həmin inzibati xətaya aidiyyəti olmadığını göstərmişdir. Habelə iş üzrə aşkar edilmiş inzibati xətanın məhz X2 tərəfindən törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas göstərilmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İş üzrə tədqiq edilmiş hallar məhkəmədə X1 inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” protokol əsasında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-776/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-776/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver