Məhkəmə qərarları › İş №3(006)-7768/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7768/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7768/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Astara rayonu, Suparibağ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Astara rayonu, Suparibağ kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və V.Plotnikov küçəsinin kəsişməsində yerləşən «Araz supermarket» adlı marketdə 400 manat dəyərində “Alpen Gold” markalı şokolad məhsulunu oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 izahatında göstərmişdir ki, vətəndaş X1 RPİ-nin 21-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə müdiri olduğu “Araz supermarket”dən Şəxs tərəfindən 400 manat dəyərində “Alpen Gold” markalı şokolad oğurlanarkən saxlanılmış və həmin şəxsin əvvəllərdə analoji hadisəni törədərək marketi tərk etdiyini müəyyən etmişdir. Həmin müraciətlə bağlı polis şöbəsində təhqiqatçı Maqsud Mirzəzadə tərəfindən araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmiş, həmçinin hadisəni törətmiş şəxs(lər)in tapılaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə göndərilmişdir. Bundan sonra, Şəxs əməlini etiraf etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və V.Plotnikov küçəsinin kəsişməsində yerləşən «Araz supermarket» adlı marketdə 400 manat dəyərində “Alpen Gold” markalı şokolad məhsulunu oğurlamışdır. 10 dekabr 2025ci il tarixdə məhsulu oğurlayıb marketi tərk edərkən marketin əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşlarına onun barəsində məlumat verilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. Orada törətdiyi əməli etiraf etmişdir. Onun məqsədi oğurladığı məhsulları satıb əldə ediyi pulla rayona getmək olmuş, lakin məqsədilə nail ola bilməmişdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu və himayəsində xəstə anasının olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə saat təxminən 23:00 radələrində müdiri olduğu Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və V.Plotnikov küçəsinin kəsişməsində yerləşən «Araz supermarket» adlı marketdən Şəxs tərəfindən 400 manat dəyərində yağ oğurlanmışdır. Sonuncu dəfə 10 dekabr 2025-ci il tarixdə Şəxs analoji oğurluğu törədərkən saxlanılmış və həmin şəxsin əvvəllərdə analoji hadisəni törədərək marketi tərk etdiyini aşkar etmişdir. Daha sonra Nəsimi RPİ-nin 21-ci PŞ-nə ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin təhqiqatçısı Maqsud Mirzəzadə tərəfindən araşdırma aparılaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin aidiyyəti əməkdaşına göndərilmişdir. Məhkəmə, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 11 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 12 dekabr 2025-ci il tarixdən, saat 12:15dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar