Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7784/2025 15.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 2002-ci ildə Balakən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, 14 dekabr 2025-ci il tarixdə İbadov X1 rayonu, Rəşid Behbudov küçəsində səs-küy salaraq ictimai qaydanı pozmuş və daha sonra polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X3 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, 14 dekabr 2025-ci il tarixdə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində səs-küy salmış, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Onu dəfələrlə intizama dəvət etsələr də Şəxs buna məhəl qoymamış və polisin qanuni tələbinə tabesizlik göstərməkdə davam etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, o, 14 dekabr 2025-ci il tarixdə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində avtomobilini idarə edərkən yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və ona avtomobilin ön led işıqlarının standartlara uyğun olmaması barədə məlumat verilmişdir. O isə qeyd olunanlarla razılaşmamış və həmin led işıqların standartlara uyğun, yəni zavod üsulu olduğunu və hər hansı problem yaratmadığını bildirmişdir. Yol-patrul xidməti əməkdaşı avtomobili duracağa aparmaq lazım olduğunu bildirikdə etirazını bildirmişdir. Həmin vaxt yol-patrul xidməti əməkdaşı ilə mübahisə yaransa da, hər hansı nalayiq ifadə işlətməmiş və səs-küy salmamışdır. Sonradan post-patrul xidməti əməkdaşları hadisə yerinə gəlmiş və ona polis bölməsinə getməli olduğu bildirilmişdir. Polis bölməsinə aparıldıqdan sonra izahatı alınmış və hadisə barədə ətraflı məlumat vermişdir. Bundan sonra, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Barəsində tərtib olunan inzibati xəta haqqında protokolda qeyd olunanların həqiqətə uyğun olmadığını bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X4 izahat verərək bildirmişdir ki, Şəxs 14 dekabr 2025-ci il tarixdə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində avtomobillə hərəkətdə olan zaman standartlara uyğun olmayan ön led işıqlarından istifadə etdiyinə görə saxlanılmışdır. Həmin vaxt Şəxs avtomobilin duracağa aparılmasının zəruri olduğu bildirilsə də, sonuncu səs-küy salmış və avtomobilin duracağa aparılmasına etiraz etmişdir. Onların arasında nalayiq ifadələrin işlədilməsi olmasa da, Şəxs israrla avtomobilin duracağa aparılmasına mane olmuşdur. Bundan sonra, o məcbur olaraq hadisə yerinə post-patrul xidməti əməkdaşlarını çağırmışdır. Daha sonra, avtomobil duracağa yerləşdirilmiş və Şəxs polis bölməsinə aparılmışdır. Daha sonra Şəxs şəxsiyyəti müəyyən edildikdən sonra protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Lakin Şəxs əməlində Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 15 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi 15 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol, şahid ifadəsi və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyasına uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə inzibati tənbehin məqsədlərini təmin edə bilər. Bundan başqa Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-7784/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7784/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver