Məhkəmə qərarları › İş №3(006)-781/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-781/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-781/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1981-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 64, mənzil 57-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 25.02.2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Protokola görə Şəxs 29.10.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, ev 03, mənzil 134-də quraşdırılmış 400 manat dəyərində “Mitsubishi” markalı kondisionerin mühərrikini oğurlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 29.10.2021-ci il tarixdə, saat 09:30 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, ev 03, mənzil 134-ün M.B.Topçubaşov küçəsinə olan divarında quraşdırılmış, 400 manat dəyərində “Mitsubishi” markalı kondisionerin mühərrikinin oğurlandığını aşkar etmişdir. Hal-hazırda prokurorluğa ərizə ilə müraciət etmiş və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə materialın protokolu tərtib etmiş orqana geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə araşdırma səthi aparılmışdır. Belə olan halda inzibati xəta haqqında protokola baxılarkən işi tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Sözügedən Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 25.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar