Məhkəmə qərarları › İş №3(006)-783/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-783/2022

18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-783/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X9 Qərardan şikayət verən şəxs: X3 vəkili X13 qızının Qərarından şikayət verilən orqan: X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə X3 X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 21.01.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X10 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, “İNTEND“ MMC-nin direktoru kimi o, 21.01.2022-ci il tarixli, MN ******* saylı qərarla İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1.500 manat məbləğində cərimə edilmişdir. Cərimə aşağıdakılara görə tətbiq edilmişdir. X7 ilə işəgötürən “İNTEND“ MMC arasında 11.12.2020-ci ildə 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə 11.12.2021-ci ilə qədər qüvvədə sayılır. "xxxx" MMC-nin əməkdaşı texniki səhv edərək “Elektron Hökumət” portalında 02.09.2021-ci ildə elektron bildiriş üzrə Elxan Novruzzadənin müqavilə müddətini 02.09.2022-ci ilədək uzatmış və bu səhvi etdiyini dərk etməmişdir. Lakin işçinin əmək müqaviləsinin bitmə müddətini, yəni 11.12.2021-ci ili nəzərə alaraq həmin müqaviləyə xitam veriləcəyi barədə işçiyə həmin tarixdən bir həftə qabaq yazılı bildiriş təqdim etmiş və bu bildirişi Elxan Növzuzzadə imzalamışdır. 11.12.2021-ci il qeyri-iş gününə təsadüf etdiyi üçün qanunvericiliyin tələbini nəzərə alaraq Elxan Novruzzadə ilə əmək müqaviləsinə 13.12.2021-ci il tarixdə xitam verilmişdir. 14 dekabr 2021-ci il tarixdə X7 bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhər İdarəsinə müraciət edərək əmək müqaviləsinin qüvvədə olduğu halda, onun əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Nəticədə “İNTEND“ MMC-yə qarşı sözügedən cərimə tətbiq edilmişdir. Qeyd olunan qərar qanunsuz və əsassızdır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontrakt) hesab edilir. Əmək Məcəlləsinin 43.4-cü maddəsinə, habelə işçi ilə bağlanılmış əmək müqaviləsinin 9.1 -ci maddəsinə əsasən əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin heç bir hüquqi qüvvəsi yoxdur. “Elektron Hökumət“ portalında edilmiş dəyişiklik birtərəfli qaydada edilmiş, yəni bu barədə nə yeni əmək müqaviləsi (kontrakt) bağlanmış, nə də əmək müqaviləsinə heç bir dəyişiklik edilməmiş, işçiyə müqavilənin müddətinin uzadılması barədə heç bir məlumat və ya bildiriş təqdim edilməmişdir. Eyni zamanda əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi barədə aidiyyəti üzrə buna nəzərət edən dövlət orqanına "xxxx" MMC tərəfindən müraciət edilmişdir. Bundan savayı, “Elektron Hökumət“ portalında texniki səhv edən işçidən həmin səhv barədə səhv aşkar ediləndə izahat alınmış və ona bu barədə “yazılı xəbərdarlıq” edilmişdir. Göründüyü kimi, texniki səhvin aradan qaldırılması üçün "xxxx" MMC mümkün olan imkanlardan istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 vəkili X8 şikayəti müdafiə edərək izahatında göstərdi ki, "xxxx" MMC-nin işçisi Əlizadə Elxan adlı əməkdaş şirkətin İnsan resursları üzrə mütəxəsisis Nərgiz Səfərovaya müraciət edərək onunla bağlanılmış əmək müqaviləsinin müddətinin uzadılmasını xahiş etmiş və bunun səbəbi kimi bankdan kredit götürmək istədiyini, lakin əmək müqaviləsinin vaxtının bitməsinə az müddət qaldığı üçün krediti ala bilməyəcəyini göstərmişdir. N.Səfərova da şirkətdə Elxan adında iki şəxsin olduğu üçün müqavilənin vaxtını uzadarkən Elxan Əlizadənin əvəzinə səhvən X7 barəsində məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil etmişdir. Lakin N.Səfərova sonradan bu səhvi görüb imzanı geri qaytarmağa çalışsa da, 24 saatdan artıq vaxt keçdiyi üçün bunu edə bilməmiş və vaxtında da şirkətin rəhbərliyini məlumatlandırmamışdır. Buna görə də Nərgiz Səfərovaya yazılı xəbərdarlıq edilmişdir. Göstərilənləri nəzərə alaraq X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 21.01.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X11 izahatında göstərdi ki, X7 15.12.2021-ci il tarixdə X12 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək əmək müqaviləsinin vaxtının bitməsinə 01 il qalmasına baxmayaraq "xxxx" MMC tərəfindən ona edilmiş təzyiqlər nəticəsində əsassız olaraq işdən çıxarıldığını göstərmişdir. Bununla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə X7 arasında 11.12.2020-ci il tarixdə 01 il müddətinə əmək müqaviləsi bağlanılmış və bu müqavilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır. 02.09.2021-ci il tarixdə həmin sistemə daxil edilmiş məlumata görə bu müqavilənin müddəti 11.12.2022-ci il tarixədək uzadılmışdır. Buna baxmayaraq X7 ilə bağlanılmış əmək müqaviləsinə 13.12.2021-ci il tarixdə xitam verilmişdir. Məsələ ilə bağlı "xxxx" MMC-dən verilən məlumata görə guya bu texniki səhv olmuş, Elxan adlı digər işçinin əvəzinə Novruzzadə Elxan barədə məlumatlar daxil edilmişdir. Lakin həmin digər Elxan adlı şəxs barədə ətraflı məlumat verilməmiş və nə səbəbə görə bu nöqsanın vaxtında aşkar olunduğu təqdirdə zəruri tədbirlərin görülməməsinə dair tutarlı dəlillər təqdim olunmamışdır. X7 ilə bağlanılmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi üçün 21.01.2022-ci il tarixli, MN ******* saylı qərarla "xxxx" MMC-nin rəhbəri X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə olunmuşdur. Şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada iki dəfə xəbərdarlıq edilməsinə baxmayaraq şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçılarının izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X10 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan:  11.12.2020-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC X4 fəhlə vəzifəsinə işə götürür, müqavilə 1 il müddətinə bağlanılır;  02.09.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə "xxxx" MMC ilə X7 arasında bağlanılmış əmək müqaviləsinin qurtardığı müddət 11.12.2022-ci il (əvvəlki – 11.12.2021-ci il) göstərilmişdir;  X2 X12 Xidmətinin Bakı şəhər İdarəsinə 15.12.2021-ci il tarixdə vermiş olduğu izahatında göstərilir ki, onu 13.12.2021-ci il tarixdə səhər işə çağırıb onunla müqaviləsinin bitdiyini bildirərək ona çıxış ərizəsinin yazmağını və imzalamasını tələb etmişlər, təzyiq göstərmişlər. O isə razılaşmamış, çünki müqavilənin müddəti 11.12.2022-ci il tarixdə bitir. Onu əsassız olaraq işdən uzaqlaşdırmışlar;  "xxxx" MMC-nin direktoru X10 tərəfindən X5 ünvanlanmış 11.11.2021-ci il tarixli məktubda qeyd olunur ki, onunla bağlanılmış əmək müqaviləsinin müddəti 11.12.2021-ci il tarixdə bitir, həmin müqaviləyə Əmək Məcəlləsinin 68cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir;  "xxxx" MMC üzrə KÇ-53/21 saylı əmrə görə X7 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 13.12.2021-ci il tarixdən xitam verilmişdir;  X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 21.01.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi üçün "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını tədqiq edib belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə görə işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə məsuliyyət müəyyən edir. Məhkəmədə müəyyən olunur ki, X7 ilə "xxxx" MMC arasında 11.12.2020-ci il tarixdə 1 il müddətinə əmək müqaviləsi bağlanılmış, daha sonra 02.09.2021-ci il tarixdə bu müqavilənin müddəti 11.12.2022-ci il tarixədək uzadılmışdır. Eyni zamanda həmin uzadılmanın texniki səhv olması barədə və onun şirkətin digər işçisi - Elxan Əlizadə adlı şəxslə bağlı olmasını şikayət verən tərəf göstərsə də, bu yanlışlığın aşkar olunduğu vaxtdan aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təsdiq edən, habelə məsələnin həqiqiliyi ilə bağlı tutarlı və şübhə doğurmayan dəlili məhkəməyə təqdim etməmişdir. Bununla da belə nəticəyə gəlinir ki, tərəflər arasında əmək münasibətləri 11.12.2022ci ilədək mövcud olmalı idi və yalnız həmin müddət başa çatdıqdan sonra əgər başqa hal yoxdursa, əməmk müqaviləsinə müddətin bitməsi ilə əlaqədar olaraq xitam verilə bilərdi. Lakin göründüyü kimi "xxxx" MMC göstərilən müddəti gözləmədən 13.12.2021-ci il tarixdə birtərəfli qaydada əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam vermişdir. Bu səbəbdən də işəgötürən "xxxx" MMC-nin rəhbəri X10 düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 21.01.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar