Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7861/2025 12.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 27 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 27 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 27 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən ona AR İXM- nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərətdiyinə görə 5000 manat cərimə tətbiq edilmişdir. Şikayətçi hesab edir ki, qərar əsassız və qanunsuzdur. Belə ki, 3 il qabaq vətəndaş şikayəti əsasında Nizami rayon prokurorluğunda araşdırma aparılan zaman Azərbaycan Respublikasında kosmetoloji fəaliyyətə lisenziya tələb olunmurdu. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən kosmetoloji fəaliyyətə lisenziya tələb olunması ilə bağlı qərar qəbul edilmişdir. Belə olan halda sonradan qəbul edilmiş qərar ona şamil edilməməlidir. Bu hal qanunvericilikdə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlarına əsasən Şəhanə Abdullayevanın şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və X1 AR İXMnin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərarda X1 “LifeMed Center” adlı kosmetoloji mərkəzdə 2025-ci ilin avqust-noyabr aylarında lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloq) göstərdiyi qeyd edilmişdir. Həmin qərar şəxs barəsində AR İXM-nin 210.1-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün Səhiyyə Nazirliyinə göndərilmişdir. A.Vəliyevaya teleqram vurularaq 27 noyabr 2025-ci il tarixdə onun barəsində olan işə baxılacağı bildirilmiş və nazirliyə gəlməsi xahiş olunmuşdur. Lakin şəxs gəlməmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxs xəbərdar olunmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 27 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Prokurorluğunun 24 oktyabr 2025-ci il tarixli və 06 noyabr 2025-ci il tarixli qərarlarına əsasən X1 2025-ci ilin avqust-noyabr aylarında lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloq) göstərməsi aşkar edilmiş, bu səbəbdən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, vətəndaş X2 Bakı şəhəri Nizami Rayon Prokurorluğuna müraciət edərək 2023-cü ilin iyun ayında “Nuray Gözəllik” salonunda kosmetoloq kimi fəaliyyət göstərən Aliyə Vəliyevanın onun dodağının sağ və sol tərəflərinə hər birinə 1 qram olmaqla təbii dolğu inyeksiya etməsi, dolğu etdirdikdən təxminən bir həftə sonra dodağının sağ tərəfində assimetriyalar əmələ gəlməsi ilə bağlı şikayət etmişdir. Faktla bağlı Bakı şəhəri Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış və nəticədə Aliyə Vəliyevanın lisenziya olmadan özəl tibbi fəaliyyət göstərilməsi (kosmetoloq) aşkar edilmişdir. Prokurorluğun müvafiq qərarlarına əsasən şikayət üzrə cinayət işinin başlanılması rədd edilmiş və qərar A.Vəliyeva barədə AR İXM-nin 210.1-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün Səhiyyə Nazirliyinə göndərilmişdir Bu səbəbdən vəzifəli şəxs X3 barəsində AR İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar və material baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən inzibati icraat başlanılmış və 27 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 AR İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən özəl tibbi fəaliyyət qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsidir. Özəl tibb müəssisəsi - əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” Siyahısının 2.13.2-ci bəndinə əsasən “dermatologiya” və “kosmetoloji” özəl tibb fəaliyyəti lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısına daxildir. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmaq inzibati məsuliyyət yaradır. Şikayətçi öz şikayətində qeyd etmişdir ki, 3 il qabaq vətəndaş şikayəti əsasında Bakı şəhəri Nizami Rayon Prokurorluğunda araşdırma aparılan zaman Azərbaycan Respublikasında kosmetoloji fəaliyyətə lisenziya tələb olunmadığını, sonradan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən kosmetoloji fəaliyyətə lisenziya tələb olunması ilə bağlı qərar qəbul edildiyini qeyd etmiş və belə olan halda sonradan qəbul edilmiş qərarın ona şamil edilməməli olduğunu qeyd etmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı 15 may 2017-ci il tarixli, 206 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bundan əlavə prokurorluğun qərarından görünür ki, şikayət əsasında araşdırma aparılımış və A.Vəliyeva tərəfindən həmin müddətdə də gözaltı işıq dolğusu, dodaq dolğusu və digər kosmetoloji prosedurlar həyata keçirdiyi müəyyən edilmişdir. Bu hal şəxsin inzibati tənbeh vermə qərarı qəbul edilən zaman kosmetoloji fəaliyyət ilə məşğul olmasına dəlalət edir. Məhkəmə həmçinin qeyd edir ki, şikayətdən A.Vəliyevanın onun barəsində Bakı şəhəri Nizami Rayon Prokurorluğunda araşdırılma aparılmasından məlumatlı olduğu müəyyən edilimişdir. Lakin o, araşdırılmanın nəticəsi olaraq prokurorluq tərəfindən qəbul edilmiş qərardan şikayət verərək, qərarı mübahisələndirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır və onun barəsində haqlı olaraq inzibati orqan tərəfindən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 27 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-7861/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7861/2025
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver