Məhkəmə qərarları › İş №3(006)-789/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-789/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-789/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Şikayətçi: X1 iştirakları ilə Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 23 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 25 noyabr 2024-cü il tarixdə, saat 09:30-da “Nissan Maxima” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində hərəkət edib R.Behbudov küçəsi ilə kəsişməyə orta zolaqla yaxınlaşıb düzünə hərəkət etdikdə yol kəsişməsindən sonra dayanmış polis əməkdaşı avtomobilini saxlatdırıb İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətdiyini bildirmişdir. O, polis əməkdaşının dedikləri ilə razılaşmayıb həmin yol kəsişməsində hərəkətin düzünə və sağa istiqaməti bildirən yol nişanın quraşdırıldığını, ərazidə daim avtomobil sıxlığında yolun hansı hissəsindən hansı istiqamətdə hərəkət etməsini görmək mümkün olmadığınını bildirmişdir. O, qeyd etdiyi yol nişanına uyğun düzünə hərəkət etmişdir. Sonradan məlum olmuşdur ki, yol kənarında qoyulmuş nişanla yerdə çəkilmiş nişan arasında uyğunsuzluq vardır. Lakin polis əməkdaşı onun sözlərinə əhəmiyyət verməyib yol kəsişməsinə yaxınlaşdığı orta zolaqdan sağa dönmək əvəzinə düzünə hərəkət etdiyinə görə inzibati xəta törətdiyini bildirərək onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra o, Bakı şəhəri X6 İdarəsinə yaxınlaşaraq məhkəməyə şikayət vermək üçün 07 dekabr 2024-cü il tarixli, TP ******* saylı qərarı əldə etmişdir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş 07 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati qərar əsassız və qanunsuz olduğundan onun ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəməyə şikayətlə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 3(006)-4937/2024 saylı qərarı ilə şikayət qismən təmin edilərək Bakı şəhəri X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilib iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. Bakı şəhəri X6 İdarəsi tərəfindən inzibati işə yenidən baxılaraq heç bir araşdırma aparılmadan və sübut təqdim edilmədən barəsində yenidən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Bakı şəhəri X6 İdarəsi tərəfindən isə inzibati işə yenidən baxılsa da, məhkəmənin qərarında qeyd etdiyi məsələlərə əhəmiyyət verilməmiş, qanunvericiliyin tələblərinə əməl edilməyərək “xəta” ilə bağlı yeni mötəbər və təkzibedilməz sübut təqdim etməməklə növbəti dəfə əsassız və şübhəli qərar çıxarılmışdır. Göstərilənlərə əsasən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 23 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X2 şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 3(006)-4937/2024 saylı qərarına əsasən X2 25 noyabr 2024-cü il tarixdə, saat 09:30-da idarə etdiyi “Nissan Maxima” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, 28 May və R.Behbudov küçələrinin kəsişməsində yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir; • Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 23 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 25 noyabr 2024-cü il tarixdə, saat 09:30-da idarə etdiyi “Nissan Maxima” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 28 May və R.Behbudov küçələrinin kəsişməsində yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir; • Təqdim olunmuş videogörüntüdən və fotoşəkillərdən aydın olur ki, “Nissan Maxima” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 25 noyabr 2024-cü il tarixdə, saat 09:30-da Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yalnız sağa (R.Behbudov küçəsinə) dönməyə icazə verilmiş zolaqla hərəkət edərək yolayrıcına daxil olub düzünə hərəkət edir və bu zaman yolda hər-hansı sıxlıq və həmin nişanların görməsinə maneə törədə biləcək hallar müşahidə edilmir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını və təqdim olunmuş videogörüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin İ hissəsində qeyd olunur ki, məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. Beləliklə müəyyən edilir ki, X2 25 noyabr 2024-cü il tarixdə, saat 09:30-da idarə etdiyi “Nissan Maxima” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 28 May və R.Behbudov küçələrinin kəsişməsində yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyinə görə haqlı olaraq Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 23 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı və qanuni deyil. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 23 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar