Məhkəmə qərarları › İş №3(006)-793/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-793/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-793/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan "xxxx" Müstəqil Şirkətinin nümayəndəsi (vəkil) X1, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 iştirakları ilə, "xxxx" Müstəqil Şirkəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən 22 fevral 2022-ci il tarixdə "xxxx" Müstəqil Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən "xxxx" Müstəqil Şirkəti 119836,93 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 07.01.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 117471,48 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Müstəqil Şirkətinin nümayəndəsi (vəkil) X4 verdiyi izahatında göstərmişdir ki, inzibati xəta haqqında icraatın başlanmasına səbəb olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 22.2.2022 tarixli inzibati xəta haqqında protokol əsassızdır. Sözügedən protokola əsasən "xxxx" Müstəqil Şirkəti tərəfindən müəyyən məbləğdə xaricə pul köçürülsə də, guya həmin pul vəsaitinin müqabilində mallar idxal edilməmiş, edilmədiyinə görə isə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İnzibati xəta haqqında protokol tərtib edilərkən məsələyə səthi yanaşılmış və düzgün araşdırma aparılmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan məktubda göstərilir ki, "xxxx" Müstəqil Şirkəti tərəfindən avans kimi köçürülən pul vəsaitindən yalnız 2.365,45 ABŞ dolları məbləğinə dair YGB təqdim edilməmişdir. Göründüyü kimi, Mərkəzi Bank tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən YGB əsasında bağlanmış və bağlanmamış pul məbləğləri barəsində səhvə yol verilmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" Müstəqil Şirkəti tərəfindən xaricə köçürülən valyuta vəsaitlərinin müqabilində mallar idxal edilmişdir. Hətta köçürülən pul vəsaitinin müqabilində nəzərdə tutulan dəyərdən artıq mal idxal edilmişdir. Belə ki, göstərilən xüsusatların təsdiqi kimi tərəflərindən alqı-satqı müqaviləsi, həmin müqaviləyə dair ödəniş tapşırıqları və köçürülən pul vəsaitinin müqabilindən artıq malların idxalına dair X3 göstərmək olar. Göründüyü kimi "xxxx" Müstəqil Şirkətinin hərəkətlərində sözügedən inzibati xəta haqqında protokolda istinad edilən inzibati xətanın əlamətləri yoxdur. Baxmayaraq ki, qalıq 2365,45 ABŞ dolları məbləği üzrə YGB təqdim edilməmiş, lakin məsələ ilə bağlı sübut qismində zəruri və mühüm əhəmiyyət kəsb edən sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasına görə inzibati xətanın baş verməsi (yaranması) üçün yegənə əlaməti xaricə köçürülən pul vəsaitinin müqabilində mal gəlmədikdə pul vəsaitinin geri qaytarılmamasıdır. İdxal edilən mallara dair tərtib edilən YGB-nin banka təqdim edilməsi isə prosedur qaydaları olduğu üçün, "xxxx" Müstəqil Şirkəti tərəfindən hər hansı YGB-nin banka təqdim edilməməsi prosedur qaydalarının pozulmasıdır ki, bu isə öz növbəsində inzibati xətanın törədilməsi anlamına gəlmir. Göründüyü kimi "xxxx" Müstəqil Şirkəti tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X5 verdiyi izahatında göstərmişdir ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən inzibati xəta haqqında 22 fevral 2022-ci il tarixli, EP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokola əsasən "xxxx" Müstəqil Şirkəti 119836,93 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 07.01.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 117471,48 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Lakin qeyd olunan şirkət tərəfindən məhkəməyə ünvanlanmış sənədlər əsasında 117471,48 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalı öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, "xxxx" Müstəqil Şirkəti tərəfindən “Teknopanel Çatı ve X7 San. Ve Tic. A.Ş.” şirkətinin müvafiq bank hesabına 119836,93 ABŞ dolları ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş gömrük bəyannamələrinin surətlərindən görünür ki, "xxxx" Müstəqil Şirkəti tərəfindən qabaqcadan ödəniş etməklə köçürülmüş 117471,48 ABŞ dolları məbləğində vəsait hesabına malların ölkəyə idxalı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Müstəqil Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 22 fevral 2022-ci il tarixdə tərtib edilərkən artıq "xxxx" Müstəqil Şirkəti tərəfindən 117471,48 ABŞ dolları məbləğində məhsul tələb olunan iki ildən gec olmamaqla, yəni 08.01.2022-ci il tarixdən gec olmayaraq ölkəyə idxal edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən "xxxx" Müstəqil Şirkəti barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" Müstəqil Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar