Məhkəmə qərarları › İş №3(006)-796/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-796/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-796/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqan Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın nümayəndəsi X1 iştirakları ilə, Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Şəxs MTK-nın Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş 26 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri 2022-ci ilin (rüblük) 12istehsal (Malların istehsalı və təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında) hesabatı İV rüb üzrə yanvar ayının 20-dək təqdim edilməmişdir. Nəticədə Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X4 protokolu müdafiə edərək, Şəxs MTK-nın barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MTK-nın nümayəndəsi X3 bildirmişdir ki, o, inşası 2004-cü ildə başlamış "xxxx" MTK-ya məxsus binada, 2009-cu ildən yaşayır. 2019-cu ilə qədər yaşadığı dövr ərzində binanın bir çox sıxıntıları ilə rastlaşmışlar. Hətta bu dövr ərzində bina FHN-nin tələblərini yerinə yetirmədiyi üçün təhvil-təslim aktını ala bilməmiş və bu səbəbdən onlar payçı olaraq mənzillərinə çıxarış ala bilməmişlər. 2019-cu ilin iyul ayında "xxxx" MTK-nın əsas idarəçisi Elmira Şirinova dünyasını dəyişmiş və bu onların işlərini daha da sıxıntılı duruma salmışdır. Buna baxmayaraq, binanın özləri tərəfindən idarə olunması üçün bir çox sənədlərə ehtiyac olduğundan, məcbur qalıb "xxxx" MTK-nın digər öhdəliklərini də öz üzərilərinə götürməli olmuş və 2019-cu ilin sentyabr ayında Ədliyyə Nazirliyinin təsdiqi ilə "xxxx" MMC təsis etmişlər. "xxxx" MTK-nın bağlanmamasına səbəb isə, binada olan qüsurların yenidən öz hesablarına topladığı vəsait hesabına aradan qaldıraraq çıxarış əldə etmələri üçün olmuşdur. O, payçı olaraq, sonradan isə sakinlərin istəyi ilə "xxxx" MMC-nin direktor vəzifəsinə təyin edildiyi üçün, sənədlərin qaydasına salınmasına görə, uzun axtarışlardan sonra digər bir neçə təsisçisini fərqli yerlərdə taparaq etibarnamə əldə etmişdir. Etibarnamə əldə etdikdən sonra "xxxx" MTK-ya məxsus sənədlərin rəsmi qurumlarda zamanla qaydasına sala bilinməsinə nail olmuşlar. Onların mühasibi 2019-cu ildə "xxxx" MTK ilə əlaqədar Statistika İdarəsinə zəng etmiş, oradan isə heç bir sıxıntının olmadığını bildirmişlər. Onlara kargüzarlığa məktub gəldikdən sonra, Nəsimi rayon məhkəməsinə gəlmişlər. Əgər şirkətə cərimə tətbiq olunarsa, cəriməni sənəd üzərində olan “Şimşək MTK” deyil, bina sakinləri bir araya gələrək ödəməli olacaqlar. Sadəcə zamanında məlumat ala bilmədikləri səbəbi ilə, hesabatı vaxtında verə bilməmişlər. Artıq demək olar ki, həm külli miqdarda maddi, həm də mənəvi sıxıntılara baxmayaraq halhazırda "xxxx" MTK-nın qüsurları ilə yanaşı, eyni zamanda sahib olduqları əmlakların da çıxarışını əldə edə bilmişlər. Məhkəmənin qeyd edilən halları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MTKnın Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması müəyyən edilmişdir ki, Dövlət Statistika İdarəsi tərəfindən bildirişlər Şəxs MTK-nın hüquqi ünvanı AZ 1065 ünvan 1 göndərilmiş bildirişlər geri qaytarılmış və hüquqi şəxsin inzibati xətaya yol verməsi və aradan qaldırılmadığı halda barəsində inzibati protokol tərtib olunacağından məlumatı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsində Şəxs MTK-nın təqsiri sübuta yetirilmədiyindən inzibati xəta tərkibi yaranmamışdır. Buna görə də, Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar