Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-796/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X1, Şəxs firmasının nümayəndəsi – X2 iştirakları ilə, Şəxs firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 447.0.9-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş MN seriyalı ******* nömrəli, 22 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən Şəxs Firması tərəfindən xx.xx.2024-cü il istehlakçıların hüquqlarını məhdudlaşdıran müddəalar daxil edilmişdir. Nəticədə Şəxs Firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Sərvər Bayramov xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında fəaliyyət göstərən "Aztech" mağazasından "Lenovo" markalı kompüter aldığını, malda qüsur yarandığından servis mərkəzinə müraciət etdiyini, texniki rəyə əsasən malın qaytarılması üçün mağazaya müraciət etsə də, bundan imtina edildiyini bildirərək, istehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı, "Aztech" mağazası tərəfindən tərtib edilmiş zəmanət talonuna baxış keçirilən zaman "Bu zəmanət "xxxx" firmasından alınmış məhsula verilir və məhsulun alındığı gündən zəmanət talonunda göstərilən tarixədək etibarlıdır", "Zəmanət müddətində avadanlıqda hər hansı bir istehsalçı qüsuru və ya nasazlıq yaranarsa, alıcı avadanlığı özü servis mərkəzinə aparır və servis mərkəzində pulsuz təmir olunur. Təmir müddəti ehtiyat hissələrinin servis mərkəzinin anbarında mövcudluğuna görə dəyişir və əgər ehtiyat hissə sifariş olunarsa, maksimum 45 iş günü müddətinə icra olunur", "Satılmış məhsullarda 30 gün ərzində istehsalçı qüsuru və ya nasazlığı təyin olunduğu halda və rəsmi servis mərkəzi verdiyi rəy ilə bu nasazlığı təsdiq etdiyi halda, həmin məhsul yenisi ilə dəyişdirilə bilər və ya müştəriyə alternativ digər məhsul təklif oluna bilər. Dəyişdirilmə prosesi zamanı alıcı məhsulu öz qutusu və tam qablaşdırılması ilə (yəni əmtəə görünüşü pozulmamaq şərtilə, korpusunda cızıq və ya zədə olmadığı halda) mağazaya təhvil verilməlidir", "Təmir zamanı itirilmiş məlumatlara görə satıcı məsuliyyət daşımır və dəyişdirilmiş, eləcə də sıradan çıxan hissələr və ya parçalar müştəriyə geri qaytarılmır" şərtləri müəyyən edilmişdir.Zəmanət talonunda qeyd edilən yuxarıdakı şərtlər istehlakçıların hüquqlarının məhdudlaşdırılmasıdır. Qeyd olunanlara əsasən, Şəxs firmasının barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs firmasının nümayəndəsi – X4 məhkəmə yazılı mülahizə təqdim edərək və eyni məzmunlu izahat verərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Şəxs Firmasının nümayəndəsi X4 bildirmişdir ki, “Aztech” mağazası uzun müddətdir ki fəaliyyət göstərir, 1 ay ərzində hərhansı bir qüsur ilə bağlı əşyanı gətirə bilər, lakin hazırda şikayətçi X5 tərəfindən “Lenovo” markalı komputer isə 3 ay sonra gətirilmişdir. Protokol ilə razı olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs firması tərəfindən Azərbaycan Respublikası İXM-in 447.0.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan X5 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlamış olan ərizəyə əsasən, xx.xx.2024-cü il tarixində ünvan 2 nömrəli məktəblə üzbəüz) Aztech (X9) mağazasından hədiyyə üçün "Lenovo" markalı kompüter almış, həmin kompüter hədiyyə verdiyi şəxs tərəfindən az istifadə edildiyi üçün kompüterdə olan nasazlıq gec aşkar edilmişdir. Nasazlıq aşkar edilan kimi servis mərkəzinə müraciət etmiş, həmin servis mərkəzindən ona problemin kompüterin diaqnostika ediləcəyi proqramla bağlı olacaqsa 3 iş günü ərzində həll olunacağı bildirilmişdir. Lakin, 3 iş günündən sonra servislə əlaqə saxladığı zaman həmin qüsurun məhsul ona satılarkən mövcud olması və həmin detalın sifariş veriləcəyi gündən etibarən 30 iş günü müddətinə bərpa olunacağı bildirilmişdir. Bununla bağlı servisdən texniki rəy alaraq məhsulu ona satmış mağazaya yaxınlaşmışdır. Ancaq həmin mağaza məhsulu qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 447.0.9-cu maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs firmasının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs firmasının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs firmasının hərəkətlərində İXM-nin 447.0.9-cu maddəsinin tərkibi mövcuddur. Buna görə də, həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 447.0.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-796/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-796/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver