Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-7960/2025 05.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati xəta haqqında prokotolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında MN ******* saylı, 16 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.A.Bakıxanov ünvanında yerləşən “Büllur kişi salonu” adlı obyektin üzərində Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericiilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsi faktı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə qeyd olunan pozuntuların 5 gün ərzində aradan qaldırılması ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs göstəriş xarakterli məktub göndərilmiş, pozuntuların aradan qaldırılmayacağı təqdirdə 1 iş günü ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi üzrə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. Lakin göstərilən müddət ərzində vəzifəli şəxs buna əməl edilməmiş və idarənin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 11:50-də təkrar bu obyektə baxış zamanı icazəsiz reklam yayımının dayandırılmadığı və xx.xx.2025-ci il tarixli göstərişin icra edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında prokotolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X5 etiraz-vəsatət ilə məhkəməyə müraciət edərək Bakı şəhər Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli göstəriş məktubunun ona rəsmi olaraq təqdim edilmədiyini, həmçinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokolun onun iştirakı olmadan tərtib edildiyini qeyd etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi barədə məsələləri həll edir. Həmin Məcəllənin 428.7.3-cü maddəsinə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə ilk olaraq qeyd edir ki, iş materiallarında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli, 11-3-1/2-7970/2025 saylı göstərişinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsə rəsmi təqdim olunması öz təsdiqini tapmamışdır. Həmçinin həmin məktubda şəxsin ünvanı qeyri-müəyyən göstərilmişdir (Bakı şəhəri, Nəsimi rayonu, A.A.Bakıxanov küçəsi). Habelə həmin qeyri-yaşayış sahəsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsus olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi ilə bağlı hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Halbuki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tərtib edilmiş protokolun surətini almaq hüququ vardır. Yalnız protokolların sonunda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin protokolun surətini almaqdan imtina edilməsi qeyd edilmişdir ki, həmin qeyd də protokol tərtib etmiş şəxsin imzası ilə təsdiq edilməmişdir. Həmçinin protokolda protokolun surətinin 17 dekabr 2025-ci il tarixli, 11-3-1/2-8253/2025 saylı müşayiətedici məktubla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərildiyi qeyd edilsə də, həmin məktub və protokolun şəxs tərəfindən rəsmi qəbul edilməsi iş materiallarında öz təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda qeyd edilənləri inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 109, 110, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş MN ******* saylı, 16 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-7960/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-7960/2025
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver