Məhkəmə qərarları › İş №3(006)-7978/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7978/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7978/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, tərcüməçi X1, zərərçəkmiş şəxs Gauci Adrian və onun nümayəndəsi (vəkil) X2, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 İlyasovnanın iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X8 İlyasovnanın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Nəsimi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X8 İlyasovna Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli e- 16(006)-408/2025 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 İlyasovna məhkəmə iclasında izahat verərək göstərdi ki, Gauci Adrian ilə ailə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan sonuncu tərəfindən uşaqlara qarşı şiddət göstərildiyindən ailə münasibətlərinə son qoymaq qərarına gəlmişlər və hal-hazırda onların nikahın pozulması barədə mülki işlərinə məhkəmədə baxılır. Müvəqqəti təminat tədbiri olaraq Gauci Adrian ilə uşaqların ünsiyyətinə hər həftənin bazar günü saat 15:00-dan 18:00-dək vaxt verilsə də, sonradan həmin vaxt dəyişdirilərək 10:30-dan 13:30-dək müəyyən edilmişdir. Gauci Adrianın psixloji vəziyyətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilsə də, həmin ekspertizanın cavabı hələlik alınmamışdır. O dəfələrlə uşaqlarla görüşməsi üçün Gauci Adrian ilə əlaqə saxlasa da, sonuncu onun zənglərinə ya cavab verməmiş, ya da harada olması barədə məlumat verməmişdir. Onun Miqrasiya Xidmətinə müraciətinə cavab olaraq Gauci Adrianın ölkədən 15 sentyabr 2025-ci il tarixdə çıxması barədə məlumat verilmişdir. Göründüyü kimi, Gauci Adrianla uşaqların görüşünə mane olmamış, sonuncu özü uşaqlarla görüşə gəlməkdən imtina etmişdir. Onun icra sənədi üzrə yaranmış öhdəliyindən qərəzli olaraq yayınmaq məqsədi olmamışdır. Məhkəmədən göstərdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Gauci Adrian verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli e-16(006)-408/2025 saylı icra sənədi X8 İlyasovna tərəfindən icra edilmir. Belə ki, X8 İlyasovna icra sənədi üzrə hər bazar günü uşaqları ilə görüşməsinə şərait yaratması tələb olunsa da, sonuncu uşaqları ona göstərməkdən imtina edir. O dəfələrlə Malta Respublikasından uşaqlarını görmək üçün ölkəyə gəlsə də, X8 İlyasovna müxtəlif bəhanələrlə onun uşaqları ilə görüşməsinə və ünsiyyətinə mane olur. X8 İlyasovnanın uşaqlara şiddətlə bağlı dediklərinin heç bir əsası yoxdur. O dəfələrlə uşaqları ilə görüş üçün gəlsə də, X8 İlyasovna səhv nömrələr və adreslər verməklə icra sənədini yerinə yetirməkdən imtina edir. Hal-hazırda da borclunun uşaqlarla harada qalması barədə onda məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmədən X8 İlyasovna barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Gauci Adrianın nümayəndəsi və vəkili X2 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli e-16(006)-408/2025 saylı icra sənədinə əsasən X8 İlyasovnanın hər bazar günü Gauci Adrianın uşaqları ilə görüşməsinə şərait yaratması tələb olunsa da, Nigar uşaqları göstərməkdən imtina edir və müxtəlif bəhanələr gətirir. Gauci Adrian dəfələrlə xərc çəkərək Malta Respublikasından uşaqlarını görmək üçün ölkəyə gəlsə də, X8 İlyasovna tələbkarın uşaqları ilə görüşməsinə və ünsiyyətinə mane olur. X8 İlyasovnanın uşaqlara şiddətlə bağlı dediklərinin heç bir əsası yoxdur. Belə ki, şiddət göstərən şəxsin uşaqları görmək üçün ölkəyə gəlməsi inandırıcı deyil. X8 İlyasovna səhv nömrələr və adreslər verməklə icra sənədini yerinə yetirməkdən imtina edir. Hal-hazırda da borclunun uşaqlarla harada yaşaması barədə onlarda məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmədən X8 İlyasovna barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli e-16(006)-408/2025 saylı qətnaməsi üzrə icra sənədi Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilərək icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü olaraq təmin edilməsi üçün borcluya bildirişlər göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. Onun tərəfindən icra sənədinin icra edilməsi üçün cəhdlər edilsə də, borclunun yaşayış yerinin qeydiyyat yeri üzrə olmaması və ümumiyyətlə yaşayış yerinin məlum olmaması, həmçinin zənglərə cavab verməməsi, verdiyi təqdirdə isə müxtəlif bəhanələr gətirməsi icra sənədinin icrasını mümkünsüz edir. Bu səbəbdən də, X8 İlyasovna barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda həmin şəxs barəsində inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə verilmişdir. Qeyd olunanları nəzərə alaraq, X8 İlyasovna barəsində müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli e- 16(006)-408/2025 saylı icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, X8 İlyasovna icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-16(006)-408/2025 saylı icra vərəqəsindən görünür ki, 2(006)-4022/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Gauci Adrianın uşaqları – 25 may 2022-ci il təvəllüdlü X6 və X9 ilə ananın iştirakı ilə ünsiyyət qaydası hər həftənin bazar günü saat 15:00-dan 18:00-dək təyin edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün 25 may 2022-ci il təvəllüdlü X6 və X9 anaları X8 İlyasovnanın yaşayış yeri üzrə (uşaqların olduğu yer üzrə) ünvanında hər həftənin bazar günü saat 15:00-da X8 İlyasovna tərəfindən Gauci Adriana təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan “icraata başlamaq haqqında” qərardan, “tələbin könüllü icrası haqqında” bildirişdən və X8 İlyasovnanın izahatından görünür ki, icra işi ilə əlaqədar icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya göndərilmişdir. X8 İlyasovna izahatında Gauci Adrianın görüşə gəlmədiyini və icra sənədinin icrasına mane olmadığını bildirmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə X8 İlyasovna Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, X8 İlyasovnanın təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. X8 İlyasovna tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş X8 İlyasovnanın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, X8 İlyasovna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X8 İlyasovna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar