Məhkəmə qərarları › İş №3(006)-8/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-8/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-8/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili “Pro Bono“Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli. EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 15.000,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, MMC tərəfindən məhkəməyə təqdim edilmiş bəyannamələr başqa köçürmələrə bağlanılmışdır və həmin bəyannamələrin bu köçürmələrə aidiyyəti yoxdur. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXMnin 430.4-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs MMC 15.000,00 ABŞ dolları məbləğində vəsaitini xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" MMC-yə qarşı İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan cərimə tətbiq edilə bilməz. Belə ki, qeyd edilən 15 000 ABŞ dolları məbləğində mallar Azərbaycan Respublikasına daxil olmuşdur. Həmin halı iş materiallarında olan gömrük bəyannamələri və onlar tərəfindən məhkəməyə təqdim olunan "xxxx" ASC ilə "xxxx" MMC arasında olan yazışmalar qeyri şərtsiz olaraq təsdiq edir. "xxxx" MMC tərəfindən malların gətirilməsi üçün sifarişçi ilə, imzalanmış 17022020 nömrəli müqavilənin 11.1-ci bəndinə əsasən işlərin başa çatdırılmasının son tarixi 30 avqust 2020-ci il göstərilmişdir. Təbii ki, işlərin başa çatması üçün xarici ölkədən gətirilən mallar həmin tarixədək Azərbaycan Respublikasına daxil olmalıydı. Gömrük bəyannamələri təsdiq edir ki, müqavilənin bu bəndi vaxtında icra olunmuşdu. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə dəyəri üzrə ödənişlər, bu müqaviləyə əlavə olunmuş 5 nömrəli cədvələ əsasən həyata keçirilir. Yəni avans ödənişlər müqavilədə ümumiyyətlə nəzərdə tutulmamışdır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən təchizatçı vaxt cədvəlini nəzərə xaricdən təchiz olunan malların daşınma rejimini seçməkdə azaddır. Beləliklə, müəyyən edilir ki, avans ödənişlər olmayıb, ödənilmiş vəsaitin əvəzi mallar tam şəkildə ölkəyə daxil olub. "xxxx" ASC-nin ölkəyə malların avans ödənişdən əvvəl daxil olması barədə istinad etməsinin heç bir hüquqi əsası yoxdur. Əlavə olaraq bildirmişdir ki, təchizatçı tərəfindən malların ölkəyə göndərilməsi barədə verilmiş sənədi də məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 02 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC 15.000,00 ABŞ dolları məbləğində vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Beləliklə, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC 15.000,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən“inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına“və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə“uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri,“inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun“maliyyə və əmlak vəziyyəti,“xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20%-i məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs MMC-nin barəsində tətbiq edilməsi nəzərdə tutulan cərimənin məbləği hesablanarkən inzibati xətanın törədildiyi gün, yəni xx.xx.2022ci il tarixi üçün (xx.xx.2020-ci il tarixdən hesablamaqla ikinci il) ABŞ dolların Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq hesablanmalıdır. Hazırki halda isə xx.xx.2022-ci il tarixinin qeyri-iş günü olması ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən həmin gün üçün rəsmi məzənnənin elan edilməməsini nəzərə alaraq, sonuncu elan edilmiş xx.xx.2022-ci il tarixinin rəsmi məzənnəsi (1 ABŞ dolları – 1,7000 manat) əsas götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20%-i, yəni 3.000 (üç min) ABŞ dolları inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq, 5.100 (beş min yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar